Gəncə sakini "Azəriqaz"ı dələduzluqda ittiham edir
DİA.AZ bildirir ki, adının açıqlanmasını istəməyən Gəncə şəhər sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Azəriqaz" dələduzluqla məşğuldur:

"Hörmətli redaksiya!

Diqqətinizə çatdırım ki, "Azəriqaz" şirkəti vaxtı keçən sayğacları dəyişdirərkən sakinlərin başına oyun açır. Açıq-aşkar dələduzluğu "qanuni yol" ilə edirlər. Sayğac dəyişilərkən "mənfiyə gedib", "itkiyə gedib" adı ilə abonentlərdən xeyli məbləğdə pul tələb edirlər. Ödəniş olmadıqda isə qazı kəsirlər.
Məlumat üçün bildirim ki, 2 il bundan qabaq bizim sayğacı da dəyişdirdilər. Dedilər ki, get ASAN Xidmətə, sayğacı qeydə alsınlar. Getdim, ora dedilər ki, sayğaca (smart tipli kartla olan sayğac) 18 manat borcun var, ödə, sonra yeni sayğacı qeydə alarıq. İddia etdilər ki, guya, sayğac dayanmayıb, mənfiyə gedib. Deyilən məbləği ödədim. 2 ildən sonra, lap bu yaxınlarda sayğacdan ödəniş qurtardı və ödəniş edib qaz almağa getdim. Baxdım ki, guya, yenidən 12 manat 30 qəpik borcum var. Axı, bu necə ola bilər?! Nəhayət, Gəncə Qaz İdarəsinə getdim. Kimə yaxınlaşdım, dedilər ki, sayğacdan qaz itkisi olub, ödəməlisən. Dedim, bunun mənə nə dəxli, mən müdaxilə etməmişəm ki. O sayğacın günahını mən niyə çəkməliyəm? Dedilər ki, Bakı sayğac laboratoriyasının qərarıdır. Dedim, oranın rəyini verin, baxım. Qərarı mənə göstərmədilər.

Daha sonra məni Regional Qaz İdarəsinə göndərdilər. Minbir müsibətlə rəyi aldım və orda ödənişlə bağlı heç bir qərarın olmadığını gördüm. Bu zaman tələb etdim ki, mənə yazılan qeyri-qanuni cəriməni silin, dedilər ki, ödəməlisən, əks halda qaz verilməyəcək. Mən məcbur olub odəniş etdim.

Bu rəydən ötrü 3 gün gedib-gəldim. Mənim kimiləri yüzlərlə, minlərlədir. Laboratoriyanın kağızının surətini sizə göndərirəm, baxın, görün bu xalqı necə soyurlar. Mənim kimi çarəsiz qalan vətəndaş çoxdur. "Azəriqaz"la "Azərişıq" xalqın canını boğazına yığıb".
Məsələ ilə bağlı "Azəriqaz"la əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verən olmadı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gəncə sakini "Azəriqaz"ı dələduzluqda ittiham edir
Gəncə sakini "Azəriqaz"ı dələduzluqda ittiham edir
 

Dünyapress TV

Xəbər lenti