DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.
DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Bərdə rayon İcra Hakimiyyətidir.
Araşdırma materialında deyilir: "Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Bərdə rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.
İcra başçısı Vidadi İsayev 13 ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər".
DİA.AZ bildirir ki, yerli sakinlər "yuxarılara" müraciətlərində təkcə Vidadi İsayevdən yox, onun təyin etdiyi kadrlardan da şikayət edirlər... Amma çifayda?.. Görünəni odur ki, özünü postunda arxayın hiss edən Vidadi İsayev bu gün həbsdə yatan icra başçılarının məlum aqibətlərindən dərs çıxarmayıb...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...