Tanınmış müğənni Rəqsanə İsmayılova Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimovun haqqında sensasion iddia səsləndirib.
Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkədə yaydığı videomüraciətində bildirir ki, Əli İbrahimov ona faizlə borc verib və evini mənimsəyib:
"Xəzər rayon baş polis idarəsinin rəisi Əli İbrahimov Fərman oğlu mənim evimi mənimsəyib, evimin bütün əşyalarını çölə atıb. 2015-ci ildə mənə 412 min manat faizə pul verib. 2017-ci ilə qədər hər ay 12 min dollar faizlə məndən pulu alıb. Hazırda məndən 300 min dollar pul tələb edir. Evimi qaytarmır. 250 min dollar pul təklif etdim, lakin evimi mənə qaytarmadılar. Mənim 4 otaqlı evimin əşyalarını hara aparıblar, kimə veriblər bilmirəm, qaytarmırlar. Mən nə edim? Köməklik edin!
İlk müraciətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışam, 7 saata yaxın orada olmuşam, həmin şəxslə üzbəüz danışmışıq. O, orada az qalırdı ki, məni öldürsün. O insan heç kimi saymır, heç kəsdən də qorxmur. Cənab nazir, mənim əlimdə videogörüntülər var, həmin şəxs mənim evimə gələndə, faizi götürəndə, faiz danışıqları aparanda görüntüləri çəkilib. Mən heç nəyi yalan demirəm. Mən cənab nazirin qəbuluna girmək istəyirəm. Mən tək deyiləm, məndən başqa şəxslər də Əli İbrahimov tərəfindən aldadılıb".
Rəqsanə İsmayılova evinin ona qaytarılmayacağı təqdirdə özünü övladları ilə birgə yandıracağını iddia edib:
"Bu mənim son çıxışımdır. Haqqımı tələb edirəm, yoxsa evimin qarşısında özümü yandıracağam! Düşünürəm ki, bu özbaşınalığın qarşısı alınacaq.
Mənə kömək edin, evimi qaytarın. Əgər bu gün evim qaytarılmasa, 4 balamla bir yerdə evimin qarşısında özümə od vuracağam!"
Əsmətxanım
Həmin müraciəti təqdim edirik: