Naxçıvanda Vergilər Nazirliyi istifadə olunmayan internet üçün ticarət obyektlərinin hər birindən aylıq 15 manat pul tələb edir. 5 Gigabayt olan bu internet paketi Naxçıvanda tətbiqinə bu yaxınlarda başlanılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) təminatı bəhanəsi ilə satılır. Baxmayaraq ki, sahibkarlar NKA-ları öz obyektlərindəki internet şəbəkəsinə qoşur və onların nazirliyin təklif etdiyi paketə ehtiyacları yoxdur. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sahibkar məlumat verib. Naxçıvan şəhərindən olan sahibkar B. Ağayev bildirir ki, nazirlik onlara hesab nömrəsi verib və hər ay pulu ora ödəməyi tələb edir: „Öncə məcbur etdilər ki, 470 manat ödəyib, yeni NKA alaq. Obyektimdə internet olmasına və əlavə internetə ehtiyac olmamasına baxmayaraq, indi mənə kod veriblər ki, hər ay buraya 15 manat ödəməlisən. Buna görə bizə 5 GB internet verirlər. Axı, bu bizə ehtiyac deyil, niyə əlavə xərc çəkməliyik? Hamısı pul tələsidir. Naxçıvanda minlərlə obyekt var və bu hər ay 100 minlərlə manat edir”. Dia.az-ın məlumatına görə, Kəngərli rayonundan olan sahibkar C. Yusifov isə deyir ki, dükanında güclü internet olsa da ondan NKA-nı nazirliyin təklif etdiyi internetə qoşmağı tələb ediblər: “Obyektimdə güclü internet vardır. Əslində bilirəm ki, kassa aparatını həmin internetə qoşmaq mümkündür. Lakin, qoşmurlar. Deyirlər ki, qoşa bilərik, hətta NKA daha da yaxşı işləyər. Lakin sən yenə də verdiyimiz koda hər ay 15 manat ödəməlisən. Səbəbini isə açıqlamırlar. Mən nəyə görə kiminsə cibini doldurub, artıq xərc çəkməliyəm. Minlərlə sahibkar var. Bu minvalla ildə kimlərinsə cibinə milyonlarla pul axır”.