Ağdamda şəkərli diabet xəstələrinin bəziləri şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə vaxtlı-vaxtında təmin olunmur. Bunu redaksiyamıza müraciət edən Ağdam rayon Muradbəyli kənd sakini, hazırda Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş “Daş evlər” şəhərciyində məskunlaşan Hacıyev Elbrus Baxşeyiş oğlu bildirib. Onun sözlərinə görə, iki ayda 1 dəfə almalı olduğu qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) vaxtında ala bilmir. Reportyor.org Bununla bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasın dəfələrlə üz tutsa da, vətəndaş təmin edilməli olduğu vəsaiti ala bilməyib. O, rayon mərkəzi xəstəxanasının baş həkiminə şəxsən müraciət etmək istəsə də, vətəndaşa baş həkimin qəbuluna yazılmalı və bir həftədən çox gözləməli olduğu bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Ağdam üzrə bölməsinə üz tutan Elbrus Hacıyevə xəstəxanadan aldığı cavabın tam oxşarı verilib... TƏBİB-in qaynar xəttindən də eyni cavabı alıb vətəndaş. Şəkərli diabet xəstəsi ona verilməli olan vasitələrlə vaxtlı-vaxtında təmin olunmadığı halda, deməli, onun vəziyyətinin pisləşəcəyi qaçılmazdır. Belə olan halda, vətəndaş adi bir rayonun baş həkiminin və TƏBİB-in yerli bölməsi üzrə cavabdeh şəxsin qəbuluna düşmək üçün ölüm ayağında oturub gözləməlidir? Əgər şəkərli diabet xəstəsi müvafiq müalicə müəssisəsi tərəfindən qeydiyyata alınırsa, söz yox ki, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanından irəli gələrək, ona pulsuz verilməli olan insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri alınır və bu vəsaitlər vaxtında öz ünvanına çatıdırlmalıdır. Bəs onda, vətəndaş niyə şikayətçi olur? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə göstərilir ki, şəkərli diabetin 2-ci tip, insulinə ehtiyacı olmayanlar kateqoriyasından olan xəstələr qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlarını (1 qutuda 50 ədəd) 2 aya bir qutu həcmində almalıdır. Vətəndaş Elbrus Hacıyev isə bildirir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından ona bildirilib ki, o, 6 aydan bir zaman kəsiyində 27 ədəd test çubuğu ala bilər. Elbrus Hacıyev heç o 27 ədəd çubuğu da 8 aydır ki, ala bilmir. Bu üzdən də, Bərdədəki apteklərdən qutusu 12 AZN dəyərində olan test çubuğu almaq məcburiyyətində qalır. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında təsdiq edilən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı QAYDASI”nın 5-ci bəndinə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir. Ağdamda isə vətəndaşlar yuxarıda göstərilən dərman pereparatları və digər vasitələri rayon mərkəzi xəstəxanasından alır. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunun tətbiq edilməsi barədə" Prezidentin fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin məlum 87 №-li qərarının və bu qərarın 1 və 2 saylı əlavələrindən irəli gələn tələblərin pozulmasına görə məsuliyyət daşıyanların öz vəzifə borclarının yerinə yetirməməsi çox güman ki, müvafiq dövlət qurumlarının nəzərindən yayınır. Əks halda, hansısa kiçik çinli məmur, vətəndaş məmnunluğunun yüksək səviyyəyə qaldırılması üçün mütəmadi siyasət yürüdən, bu istiqamətdə ciddi tapşırıqlar qoyan dövlət başçısının tələb və göstərişlərinin ziddinə addım ata bilməzdi... Vətəndaşlıarın üzləşdiyi çətinlik və problemlərin aradan qaldırılması, onların müraciətlərinin dinlənilməsi məqsədi ilə Dövlət Başçısının tapşırıq və göstərişlərinə əsasən, ölkənin nazirləri, ciddi dövlət strukturlarının rəhbərləri bölgələrə vaxtaşırı səfər edir, rayonlarda qəbullar keçirir, sakinləri dinləyir, onların qayğılarının həllinə qanunauyğun şəkildə dəstək göstərirlər. Amma rayon səviyyəli bir məmur və ya vəzifəli şəxs vətəndaşı get-gələ salır, süründürməçilik edir, ona müəyyən zaman kəsiyi üçün təyin edilmiş insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələrini vaxtında vermir, yaxud da xəstəni müxtəlif yollarla süründürməçiliyə məruz qoyur. Maraqlıdır, doğrudanmı, məmurlar işlədikləri sahələrə aid Azərbaycan Prezidentinin imzaladığı fərmanlardan, digər qanunverici aktlardan, Nazirlər Kabinetinin qərarlarından, öz nazirlərinin əmr və göstərişlərindən xəbərsizdir? PS. Əslində, xəbərsiz olmaları mümkündür... Bir orta məktəbin ibtidai sinifinə müəllimi işə götürmək üçün imtahandan keçirirlər, əhalisi 200 min civarında olan bir rayonda ciddi bir vəzifəyə təyin edilən şəxs isə attestasiyadan keçirilmir... Bəlkə də inyeksiya edə bilməyən birinin bacaracağı ən yaxşı iş, qanundan, qanunvericilikdən xəbəri olmayan sadə adamların “inəsini vurmaq”dır-Ağdamdakı kimi... Nəsimi Zahidoğlu /reportyor.org/