“Subartezian quyusu qazılmasa, gərək 40 ailə kənddən köçsün...” -
Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsinin sakinləri Prezident İlham Əliyevə və Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılova media vasitəsi ilə müraciət edib.

“AzPolitika.info”nun redaksiyasına daxil olan müraciətdə bildirilir ki, Qaş məhəlləsinin 40-dan çox fərdi yaşayış evi, həyətyanı və əkin sahələri uzun illərdir su çatışmazlığından əziyyət çəkir: “Ağaclarımız, əkinlərimiz quruyur. Sizin Sərancamınız əsasında hər il bölgələrdə subartezian quyuları qazılır. Bu məqsədlə, 2 il bundan əvvəl kollektiv olaraq, Sizə müraciət ünvanlamışdıq və buna görə bizim əraziyə 1 ədəd quyu salınmışdı. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən həmin yerin koordinatları vurulmuşdu. Lakin sonradan Rayon icra hakimiyyətinin və Suvarma Sistemləri İdarəsinin süni müdaxiləsi ilə həmin quyu qanunsuz olaraq, başqa əraziyə salınıb. Buna görə də 2022-ci ildə Sizə və aidiyyəti qurumlara müraciət etdik. Bundan sonra müvafiq sərəncamınızla rayonumuza ayrılan 31 subartezian quyusundan 1-i yenidən bizim məhəlləyə ayrıldı və bu barədə ASC və Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən bizə rəsmi məktub ünvanlandı. Həmin məktubda qeyd olunub ki, 31 quyudan 1-nin Qaş məhəlləsində qazılması nəzərdə tutulub və qazılması təmin ediləcək”.

Şikayətçilər yazırlar ki, həqiqətən də, 2022-ci ilin sonunda aidiyyatı qurumların məsul şəxsləri, mütəxəssislər yerində baxış keçiriblər və təkrar koordinatları vurulub. Lakin 6 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də quyunun qazılmasına başlanılmayıb. “Açığı, narahatıq ki, 2021-ci ildəki kimi yenə də dövlətimizin bizə verdiyi quyunu yenə başqa yerə salarlar”, - Səfkürd sakinləri bildirirlər.

Sakinlər Prezidentdən və Zaur Mikayılovdan kömək istəyirlər. Yazırlar ki, subartezian quyusu qazılmasa, gərək 40 ailə kənddən köçsün...
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1692205549_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti