Elçin Cəlilovu narkotikə qurşandırmaqda günahlandırılan, iki dəfə infarkt keçirən, özünü ölü adlandıran skripakçımız haqqında maraqlı faktlar...
Kulis.az tanınmış skripka ustası Natiq Nuriyev haqqında maraqlı faktları təqdim edir.
Tanınmış skripka ifaçısı, Əməkdar artist Natiq Nuriyev Bakı şəhərində anadan olub. Orta məktəb təhsilini başa vurduqdan sonra musiqi sahəsinə istiqamətlənib.
***
Musiqiçi yaradıcılığının ilkin çağlarında “Dan ulduzu” instrumental ansamblının solisti olub. Sovet dönəmində ansamblla 12-dən çox xarici ölkədə qastrol səfərində olub. O vaxt ölkədən kənara çıxmaq, xarici ölkələrə qastrola getmək isə asan deyildi.
Skripkaçı 2 il Xalq artisti Zeynəb Xanlarovanın ansamblında da çalışıb. Xalq artistini bir çox konsertlərdə müşayiət edib. O, müsahibələrində keçmişi xatırlayaraq deyir:
“Bilirsiz, vaxt var idi məni məclisinə dəvət etmək üçün aylar əvvəl sıraya düzülərdi. Milli musiqilərimizi skripkada ifa etmək o vaxt cəsarət tələb edirdi. İlk milli mahnılarımızı, xalq musiqilərimizi skripkada ifa edən musiqiçi idim. Sonralar xəstəliyimlə əlaqədar səhnədən uzaq qalmalı oldum. Bir dəfə avtomobil qəzasına düşmüşəm. Sonra da iki dəfə infarkt keçirdim, şikəst oldum. Ondan sonra da evdə oturmalı oldum. Səmimi danışacam. Təbii ki, ilk səbəb ehtiyac, maddi sıxıntı olub. Yəni şou proqramlarda çalışmağa məcbur idim. Tamaşaçılar üçün də darıxırdım. Nə yalan deyim ki? Amma, ən əsas, maddi ehtiyac üzündən restorandakı şoulara getmişəm. Mədəniyyət Nazirliyi mənimlə heç vaxt maraqlanmayıb. Mən Mədəniyyət Nazirliyi ilə maraqlanmışam. Dəfələrlə ora müraciət etmişəm. Mən nə maşın istəyirəm, nə ev iddiasındayam. Sadəcə, səhhətimlə bağlı müalicələrim üçün kömək etsinlər, bir də prezident təqaüdü alım ki, dolana bilim. Başqa istəyim yoxdu, ayağım, əlim şikəstdir, maşın sürə bilmirəm. Sadəcə, Prezident təqaüdü alsam, heç kimə möhtac olmaram”.
Bir müddət bundan əvvəl isə kanalların birində yayımlanan verilişdə müğənni Vüqar Muradov mərhum müğənni Elçin Cəlilovun narkotikə qurşanmasına Natiq Nuriyevin səbəbkar olduğunu iddia edərək deyib ki, bu adamların adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır.
***
“Elgizlə izlə” verilişinə telefonla bağlanan Əməkdar artist Natiq Nuriyevin xanımı Elnarə Nuriyeva həyat yoldaşı ilə bağlı məlumatlara reaksiya verib:
“Bir insana hörmət edə bilinmirsə, ona pislik də edilməməlidir. O cür yaşlı insana, ailə başçısına, babaya bu, edilməməlidir. Natiqin təzyiqi qalxıb, üstünə təcili yardım gəlib. 10 il əvvəl Lalə Dadaşova (müğənni, Elçin Cəlilovun həyat yoldaşı - red.) bu söz-söhbəti bir toyda danışıb. Vüqarla məclisdə neçə dəfə üz-üzə gəliblər, niyə nəsə deməyib? Deyir ki, Natiq Elçinə paxıllıq edib. Nəyinə paxıllıq edəcək? Elçin skripka çalandır? Natiq oxuyandır? Elçindən az pul qazanırdı Natiq? Natiqlə Elçinin belə bir münasibəti olmayıb. Haradasa toyda görüşüblərsə, o demək deyil, kimsə kimdənsə nəsə öyrənib? Elçinin qardaşı da eyni haldan rəhmətə gedib. Ailəlikcə belədirlərsə, bəlkə, o, Natiqi pis yola çəkib”.
Bu söz-söhbətin ardından başqa proqrama qonaq olan Əməkdar artist Rəhman Rəhmanov da oğlu Emilin Natiq Nuriyev tərəfindən narkotikə alışdırıldığını açıqlamışdı.
***
Ancaq müğənninin atası aktyor Rəhman Rəhmanov açıqlama verərək bildirib ki, heç zaman belə söz deməyib:
"Bu, yalandır, belə açıqlama verməmişəm. Belə mənasız söhbətlərin bizə heç bir aidiyyatı və əlaqəsi yoxdur, bizlik deyil. Demədiyim bir şeyi adımdan yayan insanlar Emilin qatı düşmənləridir. Oğlumun bu mövzuya heç bir aidiyyatı yoxdur.
Emil narkomaniyadan illər əvvəl tam müalicə olunub. Çox ağır günlər yaşadı, stress keçirdi. Elə bu stressə görə onun əsəbləri pozulub. Emilin yaxşı nevroloq və psixoloqa ehtiyacı var. İmkanım düzələn kimi oğlumun səhhəti ilə məşğul olacağam".
45 il səhnədə skripka ustası kimi fəaliyyət göstərən Natiq Nuriyev səhhəti ilə bağlı çətinliklər yaşayan, uzun müddətdir müalicə alan Əməkdar artist efirlərdə görünməməsinin səbəbini müsahibələrinin birində belə izah edir:
“Mən gileylənməyi sevən kişi olmamışam. Ona görə də nə deyim? Çalışmağı sevən insanam. Sadəcə iki dəfə infarkt keçirtdikdən sonra səhhətim imkan vermədi efirə çıxım, səhnədə olum, əlim, ayağım şikəstdi. Hərəkət edəndə çox çətinlik çəkirəm. Musiqiçinin də əli-ayağı yerində olmadısa, şikəst oldusa, canlı ölüdür”.
***
Heç bir fəxri adı olmayan Natiq Nuriyev “Saçlarına gül düzüm”, “Neynim”, “Bəs nə deyim”, “Niyə yox deyirən?”, “Ayrılıq”, “Yarı məndə, yarı səndə”, “Dərdindən kim öləcək”, “Bayatılar” kimi mahnıların mahir ifaçısı olub.