Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub.
Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ilk öncə qeyri-yaşayış təyinatlı evlərin təyinatı dəyişdirilməli və bundan sonra çıxarış verilməlidir:
“Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar. Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil.
Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir.
Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir. Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.