Bu ilin oktyabrın 1-ə olan rəsmi məlumata görə Azərbaycanda 141,7 min insan yaşa görə müavinət alır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yaşa görə aylıq müavinətin məbləği hazırda 220 manat təşkil edir.
Məlumat üçün bildirək ki, gələn ildən yaşayış minimumu pensiyaçılar üçün 222 manat müəyyən edilib.
Bu isə o deməkdir ki, yaşa görə aylıq müavinətin məbləği yaşayış minimumundan 2 manat azdır.
Bildiyimiz kimi, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Açıqlanan məlumatlardan da göründüyü kimi, pensiya yaşına çatmış bir şəxsin öz həyatını davam etdirə bilməsi üçün yanvar ayından etibarən ona ay ərzində ən azı 222 manat lazım olacaq. Hazırda yaşayış minimumu 220 manat olduğu üçün bu məbləğ yanvar ayından ən azı 2 manat artırılmalıdır. Əks halda 141,7 min insanın sağlamlığı və həyat fəaliyyəti minimum səviyyədə belə təmin olunmayacaq.