Yəqin ki, çoxunuz ətin bahalaşma xəbərini çox eşitmisiniz.
Bununla bağlı kənd təsərrüfatı üzrə ekspertlər bildiriblər ki, ətin bahalaşmasına səbəb örüş yerinin az olmasıdır. Heyvan yeminin, otunun bahalaşması və digər məsələlər də bahalaşmaya səbəb ola bilər. Amma çox qəribədir ki, son günlər quzu, qoyun, dana ətinin ucuzlaşması xəbərini eşidirik.
Məsələni araşdırmaq üçün Cebhe.info əməkdaşı ət kəsimi və satışı məntəqələrində olub. Məlum olub ki, quzu ətinin 1 kiloqramı 16.50 AZN-ə təklif edilir.
Qoyun əti isə 11 manata idi. Dana əti əsasən 14 manata, bəzi yerlərdə isə 13 manata qədər ucuzlaşıb.
Qəssablardan ətin ucuzlaşmasının səbəblərini soruşanda bildirdilər ki, bu qiymətə belə alıcı tapmaqda çətinlik çəkirlər.
Yanliz şadlıq sarayları, mərasim evləri ət alır. Onlar da daimi müştərisi olduqları şəxslərdən ət almağa üstünlük verirlər.
Adının çəkilməsini istəməyən qəssab bildirib ki, yaxın zamanda ətin qiyməti yenə ucuzlaşmağa doğru gedəcək:
"Heyvan kəsirik, ancaq qiyməti bahadır deyə alıcı azdır. Yanliz şadlıq saraylarına, mərasim evlərinə satırıq. Belə desək, xeyirlə şərin ümüdinə qalmışıq. Biz ticarətçiyik, istəyərik ki, daha çox sataq, düzdür, daimi müştərilərim çoxdur. Amma bu, bizi qane etmir, heyvanı özümüz saxlayırıq. Həm də çobanlardan daha ucuz heyvan alırıq. Yaxın vaxtlarda ətin qiyməti yenə düşə bilər”.
Həmsöhbətimiz bildirib ki, ətin ucuzlaşması qəssablar arasında ixtilaf yaradıb:
“Bəzi qəssablar gəlib bizimlə dalaşırlar ki, ətin qiymətini aşağı salmayın, onda məzənnə aşağı düşür. Hətta hədə- qorxu gələnlər də var. Bəzi qəssablar isə təhdid edirlər ki, nə badə qiyməti aşağı salasan. Amma gəl ki, özləri də məcbur qalıb ətin qiymətini aşağı salırlar. Ətin qiymətində rəqabət nə qədər çox olarsa, bir o qədər ucuzlaşma olur”.