Şəhid xanımı rəsmi qurumlardan şikayətçidir: “Deyirlər ki, vaxtınız çatmayıb, İkinci Qarabağ Müharibəsinə görə əvvəlki şəhidlərə veriləcək evlər müvəqqəti təxirə düşdü”
Gədəbəy rayonu, Daşbulaq kənd sakini, şəhid xanımı Məmmədova Fəridə Əli qızı tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, illərdir ev növbəsində olmasına baxmayaraq, dövlət tərəfindən şəhidin ailəsinə ev verilməyib:
"Mən, Məmmədova Fəridə Əli qızı, yazaraq sizə bildirirəm ki, yoldaşım 1993-cü ildə şəhid olub. O vaxtdan öz evim yoxdur, müvəqqəti olaraq qohum evində yaşayıram. Nə vaxt müraciət etsək, “vaxtınız çatmayıb, İkinci Qarabağ Müharibəsinə görə əvvəlki şəhidlərə veriləcək evlər müvəqqəti təxirə düşdü” deyirlər. Belə qanun, belə saxtakarlıq olar? Şəhidin köhnəsi, yenisi var? Bütün şəhidlər Azərbaycana aid deyil ki?
2 qız övladım var, çətinliklə dolanıram. Xahiş edirəm bizə dəqiq məlumat versinlər, özləri dediyi kimi, “köhnə şəhidlər”ə ev verilir, ya verilmir?" Bu qədər ayrı-seçkilik olmaz axı”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.