Hər ay büdcədən müavinətlərə yüzmilyonlar silinir
Prezident Heydər Əliyev 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsində , 1990-cı il 20 Yanvar hadisələrində , Böyük Vətən müharibəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulunlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara – 26 manat; Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat; həlak olmuş döyüşçülərin dul arvadlarına – 18 manat; Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif olunmuş şəxslərə - 12 manat; Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına – 12 manat aylıq müavinət verilməsini qərara alıb. Nə yazıq, Konstitusiyanın 149-cu maddəsinin IV hissəsi dərc edilmiş fərmanların tətbiqinin və icrasınının bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburi olmasını doğrulasa da, 22 ildir qüvvədə olan fərman Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiq olunmur. Vurğulayaq ki, fərmandan “şəhid ailəsi üzvlərinin hər birinə -12 manat” sözləri 31 dekabr 2020 tarixli 1223 nömrəli Prezident fərmanı ilə çıxarılıb. Böyük Qarabağ Zəfərindən sonrakı ayda şəhid ailələrinə bu “böyük diqqət və qayğını” sosial yönlü hökumət nə ilə izah edə bilər? Yaxşı, tutaq ki, bu “diqqət və qayğını” anladıq, bəs “həlak olmuş döyüşçülərin dul arvadları” kateqoriyasına şəhidlərin həyat yoldaşları niyə aid edilmir? Yoxsa şəhid- həlak olmuş döyüşçü sayılmır? Elə bu saymazlıq “qayğısı” şəhidlərin dul qalmış həyat yoldaşlarını həlak olmuş döyüşçülərin dul arvadlarına verilən 18 manatdan məhrum edib.
Qarabağ, 20 Yanvar əlillərinə müəyyən edilən 26 manatlıq aylıq müavinətin verilməsindən imtinanı ƏƏSMN tabeliyində DSMF-in qurumları “Sosial müavinətlər haqqında” 06.02.2006 tarixli qanunla “ciblərinə uyğun” yanlışla izah edirlər. “Cibə uyğun” yanlışlıq odur ki, prezident fərmanının tətbiqi və icrasının 2006-cı ildən dayandırılması Qarabağ əlillərinin əmək pensiyası kateqoriyasına keçməsi (?-M.B.) ilə “əsaslandırılıb qanuniləşdirilir”. Təsəvvür edin hətta Milli Məclisin başbilənləri bu “əsaslandırmaya” inanırlar. “Əsaslandırma” o qədər absurddur ki, dövlət hakimiyyəti orqanlarının buna inanmasına heyrətlənməyə bilmirsən. Belə çıxır, müharibə əlilləri 2006-cı ilə kimi prezident fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alırmışlar, 2006-cı ildən əmək pensiyasına keçiblər . Absurdluğu Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına münasibətdə sosial məmurların yanlış “təfsiri”nin tətbiq olunmaması ortaya qoyur. Yəni, 80-100 yaşlı ll Dünya savaşı veteranlarına da 100 illiyi bu il bayram edilən Heydər Əliyev 22 il öncə sosial müavinət ayırıbmış? Bəs Böyük Vətən müharibəsi veteranlarının, onların dul arvadların müavinəti 2006-cı ildən “əmək pensiyaçısı olduqlarına görə” niyə kəsilmir, verilməsindən imtina olunmur? Bunu necə izah edə bilər DSMF-in fərmanı “cibinə, qarnına uyğunlaşdıran” məmurları? Biz hələ onu demirik ki, şəxs əlildirsə, mütləq ƏLİLLİYƏ GÖRƏ ya sosial müavinət alır, ya da əmək pensiyası. “Sosial müavinətlər haqqında” qanunun 5-ci maddəsinə görə isə, bir neçə müavinət almaq hüququ olan şəxslərə öz seçimləri ilə biri-ən yüksəyi verilir. Əlillər o qədər ağılsız oldular ki, 150-220-270 manat arası əlilliyə görə sosial müavinəti yox, 6-26 manat arası 25-45 dəfə az “kommunal xidmətlərə görə” müavinətini seçirlər?
Onu da vurğulayaq ki, Prezidentin 26.12.2001 tarixli fərmanında l-ll dərəcəli əlillər, sosial pensiyaçılar, yəni sosial müavinət alanlar da unudulmayıb, onlara da 6 manat kommunal xidmətlərin haqqını ödəməyə aylıq müavinət ayrılıb. Amma bunu da, maliyyə, sosial müdafiə qurumları vermir, özləri mənimsəyir. Bunu vurğulamaqda amacımız prezident fərmanı ilə ayrılan müavinətin sosial müavinət yox, ləğv edilən kommunal və digər güzəştlərin əvəzinə kompensasiya olduğunu maliyyə, sosial məmurların , hökumətin diqqətinə çatdırmaqdır. Yeri gəlmişkən, prezident fərmanının icrasını təmin etmək məqsədi ilə NK-nın 09.01.2002 tarixli, 2 saylı qərarı ilə təsdiq edilən Qaydaların 7-ci bəndində Maliyyə Nazirliyinin ƏƏSMN vasitəsilə müavinət alanlar üçün tələb olunan vəsaiti ƏƏSMN-in , digər orqanlardan vəsait alanlar üçün həmin orqanların xəzinə hesabına köçürməsi doğrulanıb. Belə çıxır, Maliyyə Nazirliyi hər ay dövlət büdcəsindən yüz milyonlarla vəsaiti əlillərə vermək üçün ƏƏSMN-in xəzinə hesabına köçürür, amma əlillərə verilmir ki, əmək pensiyaçısıdırlar.(?) Belə ayda yüzmilyonluqlarla yeyintini Maliyə, ƏƏSM nazirlikləri tək yeyə bilməz. Bəs Hesablama Palatası, bəs Ombudsman, bəs Baş prokurorluq və sair və ilaxir nəzarətedici qurumlar nə yesin?
Prezidentin icra olunmayan daha bir aktının yaşı 23 ildir. 29.12.2000 tarixli, 597 saylı sərəncamla indi 100 yaşı olan Prezident “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması”nı qərara alıb və Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə 50 (3-cü qrup),60 (2-ci qrup) və 70 min manat (1-ci qrup) müavinət ayırıb. Lakin sərəncamla bu müavinətin 15 min – 25 min manatını ödəməyə təhkim edilən DSMF dövlət büdcəsindən ayrılan hissəsini də vermir, özü yeyir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə bu yeyintini də “Sosial müavinətlər haqqında” qanunla kommunal xidmətlərə görə müavinətlərin əmək pensiyasına keçdikdə dayandırılması ilə izah edir. Yeyinti, mənimsəmə özbaşınalığına baxın, Prezident sərəncamında “kommunal”ın adı belə çəkilmir, amma Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Qarabağ əlillərinin dövlət yardımını yemələrini “kommunal”la bağlayır. Dövlət hakimiyyəti orqanları -icra, qanunverici və məhkəmə isə bu özbaşınalığa uyur.
Nə isə...100 illiyində də Heydər Əliyevin aztəminatlı şəxslərə fərman , sərəncamlarla ayırdığı müavinətlər verilmədi. Büdcədən isə hər ay yüz milyonlarala vəsait bu müavinətlərə silinir...
Məğrur Bədəlsoy
https://e-qanun.az/framework/179Teref.az