“Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir və bu rəqəm dünyada olan ən yüksək rəqəmlərdəndir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirib.
“Biz pensiya sistemini dağıtmaq istəyiriksə, istənilən əsası olmayan fikirlər səsləndirmək olar. Gəlin deyək pensiyada qalmaq yaşı 30 il olsun” deyən nazir qeyd edib ki, amma bunun əsasında rəqəmlər, iqtisadi hesablamalar dayanmalıdır axı.
Onun sözlərinə görə, gənclər arasında işsizlik həmişə ümumi işsizlikdən üstün olacaq: “Bu, təbii haldır, dünyanın hər yerində onlar üçün iş tapmaq çətin olacaq. Bunun üçün proqramlar olmalıdırmı, bəli olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik.
Nazir deyib ki, bəzi şəxslər mövzunu başqa yerə aparırlar. Deyirlər pensiya yaşı 50-55 yaşa endirilməlidir. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir”.
Ceyhun Məmmədov: Qadınların pensiya yaşının azaldılmasını istəyirəm, amma…
Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pensiya yaşının 50-55-ə endirilməsi ilə bağlı yanaşma yanlışdır. Onun fikrincə, bu, bizim üçün gələcəkdə, həqiqətən də, müəyyən problem yarada bilər: “Gələcəkdə müəyyən çətinliklər yaşaya bilərik. Düşünürəm mi, xüsusilə qadınların pensiya yaşına diqqət etməliyik. Pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60 olması daha məqsədəuyğundur”.
Deputat qadınların pensiya yaşının daha da azaldılmasını istəyir: “Ancaq indiki vəziyyətdə xərcləri nəzərə alaraq, qadınların təqaüd yaşının, heç olmasa, 60 olmasını təklif edirəm. Düşünürəm ki, belə daha yaxşı olar və insanların rifahına öz töhfəsini verər. Biz bu istiqamətdə işləyirik”.
Müsahibimiz qeyd edib ki, lakin 55 yaş, həqiqətən də, kadr qıtlığı yarada bilər: “Eyni zamanda, belə hal dövlətin maliyyə qıtlığını daha da artıra bilər. Ona görə, hesab edirəm ki, bu kimi məsələlərdə daha diqqətli olmalıyıq”.
Kamran Əsədov: Pensiya yaşını aşağı salsaq, kadr çatışmazlığı yaranar
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır: “Hər il ali təhsil müəssisələrinin bakalavr pilləsindən əmək bazarına 40 minə yaxın insan daxil olur. Həmçinin, orta ixtisas təhsil müəssisələrindən, ümumilikdə, 22 mindən çox şəxs əmək bazarına daxil olur. Ancaq hələ də baxırıq ki, müəyyən sahələrdə işçi çatışmazlığı var. Bunun bir neçə səbəbi var. İşəgötürənlər məzunların bilik və bacarıqlarından razı olmurlar. Yəni həmin məzunlar müsabiqələrdən uğurla keçə bilmirlər. Ona görə də, Sahil Babayevin dediyi doğrudur. Pensiya yaşını aşağı salsaq, həmin şəxsləri əvəzləyəcək kadrlar çatışmayacaq”.
Ekspert qeyd edib ki, bu gün Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanlarından sonra baxırıq ki, imtahanda iştirak edən 50 min nəfərdən 25 mini minimum keçid balını toplaya bilir: “Orta məktəblərdə hələ də minlərlə vakant yer var. Yəni həmin şəxsləri birdən birə təqaüdə göndərsək, kadr problemimiz olacaq”.
K.Əsədov bildirib ki, bizim kifayət qədər məzunlarımız var, amma onların bilik və bacarıqları əmək bazarının tələblərinə, müasir standartlara uyğun deyil. Həmçinin, onlar minimum müsabiqə şərtlərini ödəmirlər. Onları işə götürmək bizə daha ciddi problem yaradacaq.