“Sitrus bağlarım su altında qaldı, limon ağaclarımın bir hissəsi məhv oldu. Gəlib baxdılar, yazıb-pozub getdilər. Sığortam olmadığı üçün pul verməyəcəklər. Fəhləliyi də bacarmıram, qışı necə yola verəcəm, bilmirəm”.
Bunu Meydan TV-yə astaralı fermer Xamis Məmmədov bildirib. Onun sözlərinə görə, bu il güclü yağış və sel təkcə təsərrüfatlara deyil, evlərə də zərər vurub. Qış üçün yığılan aquzə su altında qalıb.
Zaqatalada isə fındıq bağlarına zərər dəyib. Rayonun Yolayrıcı, Tala və digər kəndlərdə onlarla fermerin bağı su altında qalıb. Kəndlilər deyirlər ki, bir tərəfdən də toplanmış fındığın qiyməti əziyyətlərinin qarşısında ucuzdur. Kəndlilərdən biri danışıb ki, son iki ildir fındıq qazanc gətirmir, satıb borclarını ödəyə bildiklərinə şükür edirlər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, təkcə intensiv yağışlar, dolu və sel deyil, havaların quraqlıq keçməsi də kənd təsərrüfatına ciddi ziyan vurub, bütün sahələrdə məhsuldarlıq aşağı düşüb.
“Havaların isti keçməsi nəticəsində bitkiçilikdə suya tələbat artıb. Azərbaycanda su ehtiyat kifayət qədər olsa da, davamlı su təminatı üzrə sistem qurulmayıb. Son zamanlar isə havaların kəskin dəyişməsi, dolu, intensiv yağışların yağması, sel sularının əmələ gəlməsi kəndlilərin yaşayışına, təsərrüfat işlərinə ciddi təsir edib”,-ekspert deyib.
O bildirib ki, qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmalar göstərib ki, bütün məhsullarda məhsuldarlıq ciddi şəkildə aşağı düşüb. Lakin ölkə üzrə statistikanı dəyişməklə bunu gizlətməyə çalışırlar:
“Ötən ilin sonunda bu il üçün payızlıq buğda əkini həyata keçirilmişdi. Əkin ərazisini 1 milyon 58 min hektar göstərimişdilər. Amma taxıl yığımında Dövlət Statistika Komitəsi rəqəmi aşağı salıb, təxminən 160 min hektar azaldılıb. Çünki həmin ərazilərdə bir kiloqram olsa belə məhsul əldə edilməyib. Həmin 160 min hektar məhsuldarlıqda görünəcəkdi, məhsuldarlıqla bağlı göstəricilərə təsir edəcəkdi deyə, ərazi statistikadan çıxarılıb”.
Vahid Məhərrəmlinin sözlərinə görə, kartof əkini azalıb, kartof istehsalında da azalma müşahidə edilir. Nar, xurmada da məhsuldarlıq yüksək olmayıb. Bundan sonra nə baş verəcəyi də bəlli deyil, çünki intensiv yağışlar davam edəcək. //meydanTV//