Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək.
Yeni sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub- olmadığına daha yaxşı nəzarət etməyə imkan verəcək. Hazırda Azərbaycanda icbari sığorta sahəsində ən çox gerilik və boşluq olan istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır. Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var.
Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır, mümkün zəlzələ baş verərsə, digər nəticələrdə yanaşı, əmlak sahiblərini belə miqyasda zərər də gözləyir. Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurum- İcbari Sığorta Bürosunun açıqladığı məlumatlara görə, 2022-ci ilin sonuna ölkədə ümumilikdə 151 min ev və mənzil sığortalanıb:
“Biz hesab edirik ki, sığortalana bilən əmlakların potensial sayı 1 milyondur, bu da o deməkdir ki, əmlak sığortasında penetrasiya (yəni bazarın əhatə) göstəricisi 15% ətrafındadır. Dəyişikliklər bu rəqəmi azı 2 dəfə artırmağa imkan verəcək”.
AMB-nin baş direktoru Ziya Əliyevin sözlərinə görə, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə, əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur, amma indiyədək bu sistemi işə salmaq mükün olmayıb. Ziya Əliyev bildirir ki, evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətini tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunmalıdır: “Bu proses artıq başlayıb yaxın aylarda bitəcək”. Beləliklə, icra hakimiyyətləri həm ölkədəki “kupçalı” evləri, həm də onlardan hansının sığorta edilib-edilmədiyini görə biləcəklər. Bu da onlara imkan verəcək ki, sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərimə yazılsın.
Yeni qaydalara görə, sığorta olunmayan evlər cərimələnəcəksə, ölkədə 500 minə yaxın kupçasız evlərin olduğunu nəzərə alsaq, onların taleyi necə olacaq?
Azərbaycan Sığortaçılar Assosiasiyasından Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, daşınmaz əmlakın icbari sığortası ölkədə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir:
“Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur.
Müvafiq qanunun digər tələbinə əsasən, yaşayış obyektlərinin icbari əmlak sığortası üzrə tarif və təminat məbləğləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min manata qədər müəyyən olunub. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həcminə görə müəyyən edilir”.
Assosiasiyadan bildirilir ki, ümumi tələblərə görə, hazırda qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın icbari sığortası üzrə proseslərinə nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış obyektlərinin icbari əmlak sığortasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir:
“Bununla yanaşı ölkəmizdə sığorta sektoruna nəzarət və tənzimləmə qurumu olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, habelə Azərbaycan Sığortaçılar Assosiasiyası, o cümlədən digər sığorta iştirakçıları respublika ərazisində daşınmaz əmlakın icbari sığortası növünün təşviqi ilə bağlı ciddi maarifləndirmə tədbirləri həyata keçirir, proseslərin elektronlaşması ilə bağlı əsaslı addımlar atırlar. Hazırda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır.
Bu sistem ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlb olunmasını təmin edə biləcək. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq qeyd etmək istəyirik ki, hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması bizi tam qane etmir. Çünki statsitikaya görə, hazırda respublika ərazisindəki yaşayış obyektlərinin 90%-i, qeyri-yaşayış obyektlərinin isə 70%-i icbari qaydada sığorta edilməyib. Söhbət sənədli əmlaklardan gedir. Bu da onu göstərir ki, bu sığorta növü üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində daşınmaz əmlakın icbari sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar.
Onu da vurğulayaq ki, daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər. Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyən edilib. Şəxs, bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır”.