“Növbədənkənar prezident seçkiləri ilə bağlı 7 dekabrdan bu yana müzakirələr aparırıq. Düzünü desəm, namizədliyin irəli sürülməsi və onun qeydiyyata alınması çox ağır və ciddi bir prosesdir. Lakin Azərbaycanda bu prosesdən keçə biləcək 1-2 partiya var ki, onlardan biri də bizik”.
Bunu Yenisabah.az-ın suallarını cavabalayarkən Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Müxalifətçi 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində AĞ Partiyanın iştirak edib-etməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirib.
“Partiyamızda bununla bağlı bir az fikir müxtəlifliyi var. Çünki yaxın 5-6 ay ərzində növbədənkənar parlament seçkiləri də gözlənilir. Ona görə də biz “resurslarımızı bu seçkiyəmi sərf edək, yoxsa parlament seçkilərinəmi daha hazırlıq gedək” məsələsi ətrafında diskussiya aparırıq. Bizim bununla bağlı konkret qərarımız yoxdur”, - T. Abbaslı söyləyib.
Siyasətçi əmin edib ki, AĞP seçkilərdə öz namizədi ilə iştirak etməsə belə, hansısa namizədin dəstəklənməsi ilə bağlı xüsusi partiyanın qərarı olmayacaq:
“Partiya üzvləri kimə istəsə, gedib səs verə biləcəklər. Eləcə də partiya rəhbərliyi. Bununla bağlı partiyanın hansısa namizədin xeyrinə dəstək bəyanatının olacağını düşünmürəm”.
Partiya sədrinin fikrincə, Prezident üsul idarəsi olan ölkələrdə prezident seçkiləri ən önəmli seçkilərdir:
“Amma bəzi faktorlar var ki, siyasi reallıqlar, insan və maddi resurslar, vəziyyət, eləcə də şanslar nəzərə alınmalıdır. Əminəm ki, seçkilərdə iştirak etsək ən yaxşı halda ikinci yeri tutacağıq. Əgər normal və demokratik seçki keçirilsə, minimum ikinci yerdə olacağımıza inanıram. Amma bu, partiyaya nə qədər divident gətirəcək, eyni zamanda parlament seçkilərinə bizi daha da hazırlıq aparacaq, yoxsa yorğun bir komanda ilə gedəcəyik, bu məsələləri müzakirə edəcəyik. Biz emosiyalardan uzaq soyuqqanlı analizlə siyasət aparmağa çalışırıq. Çünki siyasət həm də nəticə oyunudur deyə, bu işlər bir az da nəticəyə hesablanmalıdır”.