Ardını oxu...
Politoloq Ramiyə Məmmədova Teleqraf.com-a müsahibə verib.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Suriya məsələsi də müzakirə ediləcək. Bundan əvvəl Rusiyadan Türkiyənin Suriyadakı mümkün antiterror əməliyyatına etiraz olmuşdu. Sizcə, Ərdoğan Suriya məsələsi ilə bağlı Putinlə hansı məqamları razılaşdıra bilər?

- Putin-Ərdoğan görüşündə bir çox məsələnin müzakirə ediləcəyi gözlənilir. Ukrayna və Suriyadakı durumla yanaşı, Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrin də iki liderin masasında olacağını düşünürəm.

Hesab edirəm ki, Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan məsələsi ilə bağlı bir anlaşma olsa da, Suriya və Liviyaya dair tərəflər arasında fikir ayrılıqları və yekdil razılaşmaya gəlmək mümkün olmur. Bu o demək deyil ki, Rusiya və Türkiyə tərəfdaşdırlarsa, bütün məsələlərdə bir yerdədirlər. Belə deyil.

Türkiyə və Rusiya həmişə üz-üzə gələn dövlətlərdir, tərəflər arasında fikir ayrılıqlarının olduğu kifayət qədər mövzu var. Yaxın Şərq məsələsi, xüsusən də Suriya bunlardan biridir. Rusiyanın Bəşər Əsədə verdiyi dəstəyə cavab olaraq, Türkiyənin müxalifəti dəstəkləməsi tərəfləri üz-üzə qoyur. Bu səbəbdən də Rusiya Türkiyənin Şimali Suriyada antiterror əməliyyatına qarşı çıxır. Amma bu etirazın o qədər də sərt olduğunu düşünmürəm. Çünki Türkiyənin keçirdiyi və reallaşdırmaq istədiyi əməliyyatlar Rusiyanın da maraqlarına uyğundur.

Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar ABŞ tərəfindən dəstəklənən terrorçu qruplaşmalara yönəlib. Yəni bunun Rusiyaya toxunacaq tərəfi yoxdur. PKK/YPG terror təşkilatının və digər silahlı kürd qruplaşmalarına ABŞ-dan böyük maddi-texniki dəstək var. Buna Türkiyə ilə yanaşı, Rusiya da qarşıdır. Təbii ki, Ərdoğan-Putin görüşündə bu məsələlər müzakirə ediləcək.

Ərdoğan və Putinin Liviya və Suriya ilə bağlı ortaq məxrəc tapa biləcəklərini düşünürəm. Hesab edirəm ki, bu gün bu iki dövlətin bir-birinə özlərindən başqa dəstəkçisi yoxdur. Eyni zamanda, demək olar ki, Rusiya və Türkiyənin düşmənləri də eynidir. ABŞ Rusiyaya qarşı oyununu açıq oynasa da, Türkiyə qarşı addımlarını altdan atır.

Suriyaya gəldikdə, bununla bağlı Türkiyənin qəti bir fikri var ki, sərhədlərinin təhlükəsizliyi üçün antiterror əməliyyatlarını bundan sonra da davam etdirəcək. Rusiya isə Türkiyənin bu həmləsinə qarşı heç nə edə bilməyəcək. Ərdoğan bunu dəfələrlə dilə gətirib və Rusiya onun nə demək istədiyini çox gözəl anlayır. Putin sadəcə olaraq, Ərdoğandan Əsəd rejiminə toxunmaması üçün bir zəmanət istəyə bilər. Çünki Əsədin hakimiyyətdəki varlığı Rusiyanın təkcə Suriyada yox, Yaxın Şərqdəki hərbi mövcudluğunun əsas qarantıdır. Bu baxımdan, Rusiya Türkiyənin öz sərhədlərinə təhlükəsizliyi təmin etmək tədbirlərinə heç nə deyə bilməz və deməycək.

Türkiyənin hədəfi bəllidir: Suriyanın 30-40 km dərinliyinədək təhlükəsizlik zolağı formalaşdırmaq. Türkiyənin son antiterror əməliyyatlarında bu yöndə ciddi irəliləyiş var. Eyni zamanda, PKK/YPG-nin lider şəxslərinin zərərsizləşdirilməsi haqda məlumatlar var. Son gəlişmələr terror təşkilatı daxilində çaxnaşma yaradıb və bu şəbəkə öz gücünün önəmli hissəsini itirib. Buna baxmayaraq, Amerika bu terror təşkilatını canlandırmağa, ayaqda saxlamağa çalışır.

Amerikadan hərbi dəstək alan PKK Türkiyəyə qarşı savaşı bitirmək istəmir. Ərdoğanın hədəfi bəllidir: PKK Türkiyə sərhədlərindən bu ölkəyə təhlükə yaratmayacaq qədər uzaqlaşdırılmalıdır. Türkiyə buna nail olacaq. Hesab edirəm ki, Rusiya buna etiraz etməyəcək, hətta bu yöndə Türkiyəyə yol aça biləcəyini də düşünürəm. Putinin əsas istəyi Əsədin hakimiyyətdə qalmasıdır, Türkiyənin əməliyyatları isə ona yönəlməyib.

- Şanxay Əməkdaşlıq Təşkilatının sammiti üçün Azərbaycan və Ermənistan liderləri də Səmərqəndə - Özbəkistana gedəcək. Putin və Ərdoğanın da orada olacağını nəzərə alsaq, Ermənistan-Azərbaycan məsələsinə dair hansı mövzularda anlaşma əldə edilə bilər?

- Qənaətimə görə, liderlər təkbətək təmaslarla yanaşı, ümumi görüş də keçirəcəklər. Son proseslərlə bağlı bir masanın qurulacağı qənaətindəyəm. Ermənistanın son təxribatlarının və onun tərəfindən üçtərəfli anlaşmaların pozulmasının müzakirə edilməsi vacibdir. Türkiyə və Azərbaycanın mövqeyi budur ki, münaqişə tam çözülüb. Amma Ermənistan yenə də təxribatlarını davam etdirərək, münaqişənin hələ də qaldığı mənzərəsini yaratmağa çalışır.

Azərbaycan yerdə qalan məsələlərin tam həll edilərək, yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan isə sülh üçün yaranmış münbit zəmini pozmaqla məşğuldur. Laçın, Kəlbəcər və sərhədin digər istiqamətlərindəki son təxribatçı addımları da bundan xəbər verir.

Qənaətimə görə, Səmərqənddə Paşinyandan qəti şəkildə tələb olunacaq ki, ya sülh müqaviləsinə imza atmalıdır, ya da baş verəcəklərə görə o məsuliyyət daşıyacaq. Eyni zamanda, son gəlişmələr və sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə olan qanunsuz, separatçı-terrorçu birləşmələrin oradan çıxarılması Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Putinin də qarşısına qoyulacaq. Liderlərin bu məsələləri geniş şəkildə müzakirə edəcəklərini gözləyirəm. Bu yöndə hansısa tələblər qoyulacaq.

Təbii ki, görüşdə Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşdirilməsi də müzakirə ediləcək. Məncə, sərhədlərin delimitasiyası bir qədər uzana bilər, amma Rusiya və Türkiyə Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqlıdır. Bu məsələni tezliklə həll etmək istəyirlər. Xüsusən də Rusiya Ukrayna ilə bağlı üzləşdiyi əngəllərdən çıxış yolu axtarır ki, bu da Zəngəzur dəhlizinin önəmini onun üçün daha da artırır. Bu baxımdan, dəhlizin açılmasının tezləşdirilməsi gündəmdə dura bilər. Bu, Rusiya ilə yanaşı, Türkiyə üçün də olduqca vacibdir. Paşinyandan yerinə yetirməli olduğu tələblər var, üç dövlətin başçısı bunları Səmərqənddə onun diqqətinə çatdıracaq. Paşinyanın qarşısına bu məsələlərin həlli üçün vaxtı uzatmaması tələbi də qoyulacaq.

- Baş nazir Nikol Paşinyanın fikirləri kifayət qədər ziddiyyətlidir. Rusiyada olarkən Moskvanın vasitəçiliyini dəstəklədiyini bildirsə də, digər yandan, müdafiə naziri Suren Papikyanı bir həftəlik ABŞ-a göndərdi. Paşinyanın bu ikili yanaşması nədən irəli gəlir, o, nəyə nail olmaq istəyir?

- Paşinyan ikili oynamağa çalışır. Hakimiyyətə anti-Rusiya şüarları ilə gəlsə də, sonradan öz dəst-xəttinə korrektə etməyə məcbur oldu. Eyni zamanda, onun bir qərbpərəst, Amerikayönlü tərəfi də var. Amma Paşinyanın necə düşünməsindən asılı olmayaraq, Qərbin və ya Amerikanın buradakı rolu o qədər də böyük deyil. Paşinyan bunu anlayaraq, Rusiyanın qucağına tam oturdu. Bununla belə, Paşinyanın Rusiyaya münasibətinin loyal olduğunu düşünmürəm. Rusiyanı sevməsə də, ondan uzaqlaşa da bilmir, ona yaltaqlanmağa məcbur olur. “Sorosun uşağı” olduğu üçün Amerikadan da əl çəkə bilmir.

Bir tərəfdə Putinə xoş gəlmək üçün onu mədh edən Paşinyan digər tərəfdən Papikyanı Amerikaya göndərir ki, oradan gələn pulları və siyasi dəstəyi də əlində saxlasın. Çıxılmaz vəziyyətdə qalan Paşinyan situasiya uyğun olaraq yeri gələndə Rusiyaya, yeri gələndə də Amerikaya sığınır.

Eyni zamanda, Paşinyan Rusiyanın Ukraynada məğlub olacağını, tam zəifləyəcəyini və ya dağılacağını da düşünür. Ermənistan baş naziri də bu ehtimalla Amerika əlaqələrini güclü saxlamağa çalışır. Buna görə də ikili oyun oynayır. Paşinyan tərəflər arasında balans yaratmağa çalışsa da, bunu bacara bilmir, bu yolda böyük və strateji səhvlərə yol verir. Bu, özünü Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrdə açıq şəkildə göstərir.

- Xankəndiyə gələn erməni milyarder Ruben Vardanyanın fəallığı da diqqətdən yayınmır. Bir tərəfdə Paşinyan əleyhinə bəyanatlar verən Vardanyan digər yanda separatçılarla danışıqlar aparır. Vardanyan və onu Xankəndiyə göndərənlər nə etmək istəyirlər?

- Təbii ki, Xankəndiyə məqsədyönlü şəkildə gəlib. Guya bununla Rusiyanın diqqətini separatçıların durumuna və Ermənistana daha çox yönəldə biləcək. Vardanyanın bu gəlişində xaricdəki erməni lobbisinin də böyük rol oynadığını düşünürəm. Əslində Vardanyanın Xankəndiyə gəlişində şəxsi maraqları ön plandadır. O, Xankəndidə öz “çirkli pullar”ını yumaqla məşğuldur. Bununla da məhdudlaşmır, gəlmişkən, Qarabağı dünyaya “erməni torpağı” kimi göstərməyə çalışır. Amma bunların hamısı xülyadır, boş iddialardır.

Vardanyan özünü reklam etməklə yanaşı, Rusiyadan oğurladığı pulları gizlətməyə çalışır. Vardanyan ciddi fiqur deyil, həmişə kimlərinsə əllərində oyuncaq olub. Bu “oyuncaq”dan da şəxsi maraqlar üçün istifadə olunub. Vardanyanın orada çox qalacağını düşünmürəm, öz "missiya"sını başa vuran kimi dəbdəbəli həyatına geri dönəcək.
 
 
 
Ardını oxu...
Roma Papası Fransisk Dini Liderlərin VII Qurultayında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Pontifiki respublika prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Səfəri zamanı Papa İtaliyanın “ITA Airways” aviaşirkətinin xüsusi reysi Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan üzərindən uçub. Yaranmış ənənəyə görə, o, bütün bu dövlətlərin başçılarına salamlama teleqramları göndərib.

Nur-Sultana yaxınlaşarkən papanın təyyarəsini dörd qırıcı müşayiət edib.

Dövlət başçısı ilə görüşündə Papa Qazaxıstanın mühüm geosiyasi qovşaqların kəsişmə nöqtəsində yerləşdiyini qeyd edib.

O, həmçinin bu ölkənin münaqişələrin həllində mühüm rol oynayacağını proqnozlaşdırıb.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
 
 

 
“12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib”.

 

Bu barədə Azərbaycan XİN-in sərhəddə Ermənistanın törətdiyi təxribatla bağlı bəyanatında qeyd olunub.

“Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi.

Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaqdır”, - deyə XİN-dən bildirilib.

 

 

XalqXeber.Az
Ardını oxu...
“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Sergey Lavrov proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını söyləyib:

“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin nə qədər ki, proses uzanacaq, bir o qədər razılığa gəlmək çətin olacaq”.
 
Ardını oxu...
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bəyan edib.

"Unikal" xəbər verir ki, eyni zamanda, Mitsotakis bu görüş üçün israretməyəcəyini bildirib.


Onun fikrincə, danışıqlar üçün potensial yer Praqa ola bilər.

Mitsotakis Salonikidə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Yunanıstan və Türkiyə arasında təkcə keçmişə deyil, həm də gələcəyə baxan dostluq münasibətlərinin qurulmasını istəyir.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib.

Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu bildirib.

Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistanına kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.

Pakistanın Baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.
 
 
 

Ardını oxu...
 
 

 
Böyük Britaniyada sentyabrın 9-da bir gün əvvəl vəfat edən mərhum monarx üçün milli matəm başlayıb.

 

Böyük Britaniya hökuməti Kraliça II Yelizavetanın xatirəsinə matəmin hansı formada tətbiq ediləcəyi ilə bağlı tövsiyələr verib.

Kraliça II Yelizaveta sentyabrın 8-də 97 yaşında və hakimiyyətinin 71-ci ilində vəfat edib. O, Şotlandiyanın Balmoral qəsrindəki yay iqamətgahında dünyasını dəyişib.

Onun ölümündən sonra ilk oğlu, taxtın 73 yaşlı varisi Şahzadə Çarlz Britaniya monarxı olub. O, III Karl adı ilə taxta çıxıb.

Ölkə daxilində bir çox idman tədbirləri, o cümlədən futbol və kriket matçları ləğv edilib. İngiltərə Futbol Liqasının birinci divizionu olan Premyer Liqa həftəsonu keçiriləcək bütün matçların təxirə salınacağını açıqlayıb.

Dünyanın ən böyük musiqi tədbirlərindən biri olan “BBC Proms”un cümə günü buraxılışı da ləğv edilib.

Məzuniyyət gecələrinin son gecəsi, şənbə gününə planlaşdırılan möhtəşəm bağlanış konserti də ləğv edilib.

İngiltərə və Uelsdə kraliçanın ölümündən sonra nağd pulların dəyişdirilməsinə başlanacağı gözlənilir. Çünki İngiltərə Bankı tərəfindən buraxılan bütün əskinas və sikkələrdə mərhum monarxın portreti var.

Britaniya milli himninin sözlərinin də bu həftə sonu rəsmi olaraq dəyişdiriləcəyi nəzərdə tutulur. Belə ki, 1952-ci ildən bəri himnin mətnində “Kraliçanı qoru, Allah” (“God Save the Queen”)  sətiri əksini tapır. Bu sətrin “Allah, Kralı qoru” olaraq dəyişdirilməsi düşünülür.

 

XalqXeber.Az
Ardını oxu...
Kiyevdə səfərdə olan ABŞ Dövlət Katibi Entoni Blinken Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, görüş zamanı Blinken Zelenskini ABŞ-ın sonuncu təhlükəsizlik yardım tranşı ilə bağlı məlumatlandırıb

“Prezident Bayden açıq şəkildə bildirib ki, biz Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik. Mən bu mesajı hələ də suveren və müstəqil Ukraynanın paytaxtı olan, elə bu cür də qalacaq Kiyev şəhərində bir daha Prezident Zelenski və onun komandası üçün vurğuladım”, - deyə Blinken bildirib.
 
 
 
Ardını oxu...
Truss rusların üzərindəki vintləri əvvəlki Baş nazirdən daha bərk sıxmağa başlayacaq

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Böyük Britaniyanın yeni Baş naziri oldu. Bu, şübhəsiz ki, Kiyev üçün yaxşı xəbərdir. Axı o, Ukraynanın ən böyük dostu olacağına söz vermişdi.

Birincisi, Truss açılış nitqi zamanı bildirdi ki, Boris Consonun siyasətinin davamçısıdır. İkincisi, Truss hələ seçilməmişdən əvvəl Ukraynanı dəstəkləmək mövzusunu fəal şəkildə qaldırmışdı, çünki nazir kimi bir çox qərar və layihələrdə iştirak edib.

Ukrayna mövzusunun özü fikrimcə, ona mövqe tutmağa kömək etdi. Gördüyümə görə, onun qalib gəlməsinə və hakim Mühafizəkarlar Partiyasının yeni lideri olmasına bir çox cəhətdən kömək edən də məhz Ukrayna məsələsi olub. Bundan əlavə, Britaniyada nəhayət, Ukrayna ilə tərəfdaşlığa çox böyük ictimai dəstək var - bu, 84-85 faiz təşkil edir.

Liz Trussın qələbəsi Böyük Britaniyanın Boris Consonun strateji kursunu davam etdirəcəyi anlamına gəlir. Böyük Britaniya ilə Ukrayna arasında münasibətlərin yüksək səviyyəsi və keyfiyyəti qorunub saxlanılacaq.

Bundan əlavə, Truss silah təchizatının gücləndirilməsi kontekstində çox şey vəd edib. Ona görə də biz sifarişlərimizin yüz faiz yerinə yetirildiyini görəcəyimizi proqnozlaşdıra bilərik. Yəni ki, Ukrayna nə tələb edəcəksə, Ukrayna Silahlı Qüvvələri üçün də onu təmin edəcəklər.

Başa düşmək lazımdır ki, britaniyalıların yardım kontekstində amerikalılarla rəqabət aparması kəmiyyət baxımından çətindir. Amma əslində trendi quran ingilislər olub. Unutmayaq ki, bizə ilk gəmi əleyhinə raketləri verən ingilislər oldu.

İlk haubitsaları ingilislər verdi. Sonradan amerikalılar və digər müttəfiqlər bu tendensiyanı davam etdirdilər0.

Böyük Britaniyanın təşəbbüskarlıq baxımından bir nömrəyə çevrilməsinin bir çox yolu var. Və məhz “trendsetter” obrazında Truss özünü sübut edə biləcək. Təşəbbüslərin məhz Britaniyadan gələcəyini gözləməyə əsas var. Ukraynaya əməkdaşlıq və yardım üçün yeni layihələrə məhz ingilislər başlayacaq.

Məsələn, hazırda Britaniyada Ukrayna hərbçilərinin təlimi proqramı həyata keçirilir. Ukraynanın bərpası üçün “Marşal planı” adlanan plan da var ki, bu planda ingilislər də aparıcı mövqe tuta bilərlər.

İndi əsas sual odur ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri kimi Trussun varisi kim olacaq. Bununla belə, Britaniya siyasətçilərinin yaxşı ənənələri var: Baş nazir kürsüsündə oturarkən əvvəllər məşğul olduqları sahəyə təsir etmək imtiyazını özündə saxlayırlar. Ona görə də əminəm ki, Rusiya Federasiyasına qarşı sanksiyalar mütləq zəifləməyəcək.

Yəni ingilislərin Putinə təzyiqi əksinə, daha da artacaq. Truss sələfinin başladığı aktiv rusofobiyanı davam etdirəcək.

Siz başa düşməlisiniz: Truss bir dayaq qazanmalı və nəticəni nümayiş etdirməlidir. Xüsusilə, Consonun ən uğurlu olduğu sahələrdə və bu, xüsusən də Rusiya Federasiyası ilə qarşıdurmada. Bu o deməkdir ki, Truss rusların üzərindəki vintləri əvvəlki Baş nazirdən daha bərk sıxmağa başlayacaq.

Yeri gəlmişkən, yeni seçilmiş Baş nazir artıq “Londonqradın dağıdılması” layihəsinin təşəbbüskarı olub. Yəni artıq Londonda mövcud olan rus oliqarx sistemini məhv etməyə başlayıb. Ona görə də bu, Putinə və onun pul kisələrinə qarşı yeni sanksiyaların fonunda ola bilər. Və ən əsası, o, təcrübəsi baxımından, belə bir missiyaya qadirdir. Yenə də Liz Truss altı nazir postundan sonra çoxlu təcrübə ilə vəzifəyə gəlir.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti
Mənbə: UNİAN
Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Azərbaycan və Türkiyə Avropa İttifaqının keçirəcəyi toplantıya dəvət ediləcək
Oktyabrın 6-7-də Avropa İttifaqına sədrlik edən Çexiyanın ev sahibliyi edəcəyi Avropa İttifaqı Liderlərinin Zirvə görüşündən əvvəl “Avropa Siyasi Birliyi” toplantısının keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Aİ-nin yüksək rütbəli rəsmisi məlumat verib.

Qeyd olunub ki, toplantıya Aİ-nin 27 üzvü ilə yanaşı, Türkiyə, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin Norveç, Lixtenşteyn, İsveçrə, İngiltərə, İslandiya, Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistan liderlər səviyyəsində dəvət olunacaq.

İclasda müzakirə olunacaq əsas mövzular Rusiyanın Ukraynaya hücumu, enerji böhranı və iqtisadi vəziyyət olacaq.

Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilən “Avropa Siyasi Birliyi”nin ilk iclası oktyabrın 6-da günorta və axşam Praqada Aİ Sammiti çərçivəsində keçiriləcək. Növbəti gün Aİ liderləri sammit çərçivəsində görüşlər keçirəcək.

Oktyabrın 6-da “Avropa Siyasi Birliyi”nin iclası açılış sessiyası ilə başlayacaq və dəyirmi masa müzakirələri ilə davam edəcək.

Görüşlərdə təhlükəsizlik, sabitlik, enerji, iqlim, nəqliyyat və iqtisadiyyat kimi bir çox mövzu müzakirə olunacaq. Liderlərin ikitərəfli danışıqlar aparacağı günün sonunda şam yeməyi veriləcək.

“Avropa Siyasi Birliyi” ideyası iyun ayında keçirilən Avropa İttifaqı Liderlərinin Zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilib. Aİ rəhbərliyi bu ideyanın liderlər tərəfindən qəbul edildiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti