Ağsu rayonunda son beş ildə keçirilmiş dövlət satınalmaları təhlil edilərkən ortaya maraqlı mənzərə çıxır. 2020–2024-cü illəri əhatə edən məlumatlara əsasən, rayonda ümumilikdə 11 milyon 442 min manat dəyərində müxtəlif təyinatlı 54 tender keçirilib. Bu tenderlərin əksəriyyəti tikinti, abadlıq, işıqlandırma və suvarma sistemlərinin təmiri ilə bağlı olub.
FED.az xəvbər verir ki, tenderlərin ümumi məbləğinə görə bölgədə açıq fərqlə lider olan şirkət “ATF” MMC-dir. Şirkət təkcə Ağsu Rayon İcra Hakimiyyətindən 3 milyon 547 min manatlıq sifariş alıb. Bu sifarişlər əsasən şəhərdaxili yolların və kəndlərarası avtomobil yollarının əsaslı təmiri ilə bağlıdır. Maraqlıdır ki, tenderlər fərqli illərdə keçirilsə də, layihələrin mövzusu dəyişmir. 2020-ci ildən başlayaraq ardıcıl şəkildə eyni işlər təkrar-təkrar bu şirkətə həvalə olunub.
“Topxana Layihə İnşaat” MMC rayonda ikinci ən çox tender qazanan şirkətdir. Bu şirkət daha çox işıqlandırma və abadlıq sahəsində fəaliyyət göstərib. 2023 və 2024-cü illərdə müxtəlif sifarişlər əsasında 1 milyon 189 min manatlıq müqavilə bağlayıb. “Topxana” MMC-nin də əsas sifarişçisi Ağsu Rayon İcra Hakimiyyətidir.
FED.az xəvbər verir ki, eyni zamanda, “Şükran-2002” MMC, “Huseynli Partners Architecture and Construction” MMC və “Girdiman Təmir-Tikinti” MMC kimi şirkətlər də rayonun iri sifarişçiləri sırasındadır. Hər biri təxminən 900 min manatdan çox dəyərində tender qazanıb. Onların layihələri də əsasən suvarma sistemləri, tikinti və abadlıq sahələrinə yönəlib. Qeyd olunan bu şirkətlərin tenderləri müxtəlif tarixlərə təsadüf etsə də, predmetlər və sifarişçilər arasında bənzərliklər diqqətdən yayınmır.
FED.az xəvbər verir ki, tender qalibləri sırasında daha az sayda müqavilə qazansalar da, diqqət çəkən şirkətlərdən ikisi də “Ece Group” MMC və “Turan International Company” MMC-dir. Hər iki şirkət Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş iki tenderin qalibi olub.