
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın vaxtlarda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə "Israel Hayom" nəşri xəbər yayıb. Bildirilib ki, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib, ancaq yaxın günlərdə olacağı vurğulanıb. "Netanyahu və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli və regional münasibətlərin tam spektrini müzakirə edəcəkləri gözlənilir", - deyə mənbədən vurğulanıb.
İran Prezidentinin gəlişi ərəfəsində belə bir məlumatın İsrail mediasında yayımlanması təsadüfüdürmü? İsrail və İran Bakıda razılaşa bilərmi?
Bu barədə Moderator.az-a danışan Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib ki, İsrailin Baş naziri Netanyahu Azərbaycana səfər edəcəksə, müzakirənin əsas mövzusu İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq:
“Təbii ki, bu proseslərdə İran amili də vardır. Ancaq Azərbaycan tərəfi bu məsələdə olduqca ehtiyatlı davranır, çünki İran bizim qonşumuzdur. İkinci Qarabağ müharibəsindən sonra, son illər ərzində Azərbaycanın Orta Dəhlizdə artan geosiyasi nüfuzu səbəbilə Azərbaycana olan səfərlər də çoxalıb. Hesab edirəm ki, bu proseslər çərçivəsində Azərbaycan ilə İsrail arasında yenidən ticari, iqtisadi əlaqələr və siyasi münasibətlər müzakirə oluna bilər. Bildiyiniz kimi, dövlət başçısı Çinə səfər etmişdi və bu səfər çərçivəsində 20-yə yaxın sənəd imzalanmışdır. Düşünürəm ki, bu sənədlərin əksəriyyəti yaxın gələcəkdə icra olunacaqdır. Təbii ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması da zəruridir. Bundan başqa, Yaxın Şərqdə davam edən münaqişələr səbəbilə İsrail tərəfi öz strateji tərəfdaşı olan Azərbaycanın yanında olduğunu nümayiş etdirmək üçün bu səfəri həyata keçirə bilər. Bildiyimiz kimi, Azərbaycan ilə İsrail arasında olan strateji, siyasi tərəfdaşlıq yüksək səviyyədədir. Həmçinin, Azərbaycan İsraildən xeyli sayda silah alır. Bu da iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”.
Politoloq İsrailin Baş nazirinin səfəri çərçivəsində başqa siyasi məsələlərin də müzakirə olunacağına diqqət çəkib:
“Əgər bu səfər baş tutarsa, İran və İsrail arasında danışıqların predmeti də vacib olacaqdır. Azərbaycanla İran arasında hazırda mövcud olan ziddiyyətlər olduqca təhlükəlidir və buna görə də rəsmi Bakı ehtiyatlı davranır. Düşünürəm ki, indiki şəraitdə İsrail və İranın Bakıda hər hansı bir razılaşması üçün zaman hələ yetişməyib. Bu proseslər müəyyən qədər zaman tələb edir. Hazırda İsrail ilə İran arasında münasibətlər gərgindir. Eyni zamanda, Birləşmiş Ştatlarla İran arasında nüvə danışıqları davam edir.
Bununla belə, İsrail mediası Baş nazir Benyamin Netanyahunun mümkün səfəri ilə bağlı rəsmi məlumat yaymayıb. Yayılan bu cür məlumatlar İsrail və İran arasında aparılan informasiya müharibəsinin tərkib hissəsi ola bilər”.