Yüzmilyonlar xərclənən bahalı inzibati binalar şəhəri: Paytaxtın müxtəlif yerlərində, xüsusilə Heydər Əliyev prospektində bahalı inzibati binalar ard-arda düzülüb. Bu təkcə böyük neft pulları dövrünün yadigarı deyil. İqtisadi imkanların, eyni zamanda maliyyə ehtiyatlarının azaldığı dönəmdə də dəyəri yüzmilyonlarla ölçülən bahalı inzibati binalar inşa edilib. Gələcəyi düşünmədən, plansız addımlar isə iqtisadiyyata həmişə böyük zərbə vurur.
Bizimyol.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası da həmin prospektdə yerləşir. Keçən ilin martında təhvil verilən tikinti 33 binadan ibarətdir. Təkcə avadanlıqlara, texniki infrastruktura 2024-cü ilin yanvarında 4 milyon manat ayrılmışdı. “Property Tower Baku”nun ümumi xərcləri barədə hətta İqtisadiyyat Nazirliyinin saytında da geniş məlumat verilmir. Burada daha çox açılışdan şəkillər görmək mümkündür.
Təkcə bir dövlət qurumu üçün belə bahalı binaya nə ehtiyac var? Əlbəttə, qiymət açıqlanmır, amma ekspertlər xərclərin 100 milyon manatı keçdiyini ehtimal edir. Çünki iş özündə fərqli dizayn, tikinti yenilikləri ehtiva edir. Belə layihə heç bir halda aşağı xərclərlə həyata keçirilə bilməz.
Azı üç bina adı çəkə bilərik ki, xərclərin 100 milyon manatı aşdığı məlumdur. Mərkəzi Bankın yeni binası üçün 200 milyon manatdan çox vəsait ayrılıb. Keçmiş “Azərsu”, indiki Dövlət Su Ehtiyatları Agentliyi 120 milyon manat qurban tələb edir. SOCAR-ın yeni bina xərcləri isə yarım milyard manata yaxınlaşır.
Özəl sektor da dövlət qurumlarından geri qalmır. Metronun “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında artıq fəaliyyətini dayandırmış “Atabank” və “Əmrahbank”ın inzibati binaları gözə dəyir. Həmin müəssisələrin xeyli müştərisi hələ də əmanətini geri ala bilməyib. Vaxtında xərclər düzgün hesablansaydı, bəlkə də, banklar bu taleyi yaşamazdı.
Ümumiyyətlə, ölkənin çətin iqtisadi mərhələyə qədəm qoyduğu dövrdə belə bahalı layihələrə ehtiyac yoxdur. Bu günlə yaşamaq yox, sabahı da düşünmək lazımdır.