Kosovonun hakimiyyət orqanları öz ərazisində serb dinarlarının istifadəsi üçün keçid dövrünün başa çatdığını və mayın 13-dən avro ilə əməliyyatlara tam keçidi elan ediblər.
Bu barədə "Politico" qəzeti məlumat yayıb.
Məlumata görə, Priştina Kosovoda nağd ödənişlər üçün avrodan başqa valyutalardan istifadə edənlərə qarşı tədbir görmək niyyətindədir: "Avrodan başqa valyutalar yalnız fiziki formada və ya bank hesablarında vəsait saxlamaq, beynəlxalq ödənişlər etmək və xarici valyutada fəaliyyət göstərmək üçün istifadə oluna bilər".
"Politico"nun məlumatına görə, gələn həftə Brüsseldə Belqrad və Priştina arasında müzakirələrin yeddinci raundu keçiriləcək və bu müzakirələrdə Serbiya dinarının ləğvi məsələsi müzakirə olunacaq.