“2025-ci ilin birinci rübündən başlayaraq proses bu şəkildə gedərsə, dollara qarşı tələbat müəyyən qədər artarsa, Neft Fondunun rezervində azalma, eyni zamanda neftin qiymətində dəyişikliklər baş verərsə, Azərbaycanda devalivasiya riski ola bilər. Amma hazırda iqtisadi proqnozlar əsas verir ki, 2025-ci ilin sonuna qədər devalivasiya olma ehtimalı çox aşağıdır”.
TEREF xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.
O bildirib ki, son dönəmlər ən çox müzakirə olunan mövzulardan biri dollara tələbatın artması və devalivasiya ilə bağlı narahatlıqdır: “Ümumiyyətlə, 2024-cü ildə devalivasiyanın olma riski çox aşağıdır. Çünki bunun üçün müəyyən iqtisadi faktorlar lazımdır ki, hazırkı dönəmdə bunları görmürük. Birinci növbədə, Neft Fondunda yetəri qədər rezervimiz var. Bilirsiniz ki, banklar və dövriyyəyə buraxılan dollar adətən Neft Fondunun rezervindən satınalma ilə həyata keçirilir. Neft Fondu əlindəki rezervləri, dövlət büdcəsinə transfertləri manatla apardığı üçün əlindəki dollarları satır. Birinci növbədə, özəl banklar bazardan ehtiyacı olan qədər dollar alır. Hərraca çıxarılan dolların geri qalan qismini Mərkəzi Bank alır, öz rezervində saxlayır. Yəni bu gün Neft Fondunun sabit məzənnəni saxlamaq üçün yetəri qədər rezervi var. Ümumiyyətlə, banklarda dollara olan tələbatın artması dollar depozitlərinin və dollara qoyulan əmanətlərin faiz həddinin çox aşağı olmasına görədir. Buna görə də vətəndaşlar dollar əmanətlərini banka qoymurlar. Bu da o deməkdir ki, dövriyyədə artıq dollar qıtlığı yaranır və dollara olan tələbat artır. Təbii ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan yuxarı olması, həmçinin dünya bazarında birjalarda yuxarı olması önəmlidir. Təbii ki, bütün bu iqtisadi prosesləri nəzərə alaraq 2024-cü ildə dolların devalivasiya olmasını, hələlik, proqnozlaşdırmırıq, uyğun görmürük”.