Braziliyalı əfsanəvi keçmiş futbolçu Ronaldinyo Qauço İspaniya Media Liqasında debüt edib.
42 yaşlı braziliyalı “Porsinos”un heyətində “Pio”ya qarşı oynayıb. O, matçın 5-ci dəqiqəsində kapitan sarğısını alaraq, meydana çıxıb. Ronaldinyonun debüt oyunu onlayn platformalarda ümumilikdə 1 milyondan çox izlənib.
Sözügedən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında “Pio” 3:1 qalib gəlib.
“Kings League” adlandırılan yarışda şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7x7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.
Avropada PSJ, “Barselona”, “Milan” kimi komandaların formasını geyinmiş Ronaldinyo 2015-ci ildə karyerasını başa vurub.