Futbol üzrə Misli Premyer Liqasında XXIII turun mərkəzi oyunu keçirilib.
TNS xəbər verir ki, “Neftçi” öz meydanında “Qarabağ”la qarşılaşıb. “Neftçi Arena”da təşkil olunan matçın taleyini 1 qol həll edib. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç 88-ci dəqiqədə penaltidən “Panenko” zərbəsi ilə rəqib qapısına yol tapıb və komandasına səfərdə vacib qələbə qazandırıb.
Ağdam təmsilçisi 22-ci dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kevin Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Yeri gəlmişkən, bu matçda cari mövsümün tamaşaçı rekordu qırılıb. Görüşü tribunadan 9355 azarkeş izləyib.
Bu qələbə ilə xallarını 56-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 24 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” isə evdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə üstələyib. Tura fevralın 17-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Səbail" - "Sabah" oyunları ilə yekun vurulacaq.