“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqada son matçda heyətə düşməməsinə sərt reaksiya verən Arda Güleri icarəyə vermək fikrindədir.
Bu barədə İspaniyanın “El Gol Digital” qəzeti xəbər verib.
Nəşr Arda Gülerin “Real Sosyedad”a icarəyə veriləcəyini yazıb.
Qeyd edək ki, yeni komandasına transfer olunduqdan sonra aldığı zədə səbəbindən təxminən altı aya yaxın formadan uzaq qalan Arda Güler hələ də “Real”ın daimi oyunçusuna çevrilməyib. Bu vaxta qədər 67 dəqiqə meydanda olan 18 yaşlı gənc futbolçu ötən həftə keçirilən matçda şok hərəkəti ilə İspaniya mediasında böyük səs-küyə səbəb olub. Belə ki, heyətdə yer aldığı son üç qarşılaşmada oyuna daxil ola bilməyən Arda Güler “Almeria” ilə qarşılaşmada isinmə jiletini qəzəblə yerə atıb.