İctimai nəqliyyat kollapsı: hökumət qaş düzəltmək yerinə göz çıxarır - PROBLEM...
Məlum olduğu kimi, ölkə ərazisində taksi xidmətinin qiyməti 2 dəfədən artıq bahalaşıb. İctimai nəqliyyatla bağlı mövcud problemlərin fonunda bu bahalaşma insanlarda ciddi narahatlıq doğurur. Çünki ictimai nəqliyyat probleminin öz mövcudluğunu daha da möhkəmləndirdiyi bir vaxtda, Bakı şəhərinin sakinləri bir müddət əvvələ qədər kifayət qədər sərfəli qiymətə təklif edilən taksi xidmətindən istifadə edirdilər. Bu da şəhərin ictimai nəqliyyat probleminə aqressiyanı bir qədər yumşaltmış olurdu. Hazırda isə vəziyyət fərqlidir. Taksi xidmətlərinin qiyməti artdıqca ictimai nəqliyyata üz tutanların sayı da artır, nəticədə marşrut xətlərindən, avtobuslardan şikayətlərin sayı artmağa başlayıb.

Yerüstü ictimai nəqliyyatla bağlı əsas şikayətlər avtobusların gecikməsi, texniki nasazlığı, isti aylarda kondisioner sisteminin işləməməsi, sərnişin sıxlığı, axşam saatlarında bir çox marşrut xətlərində avtobusların olmaması ilə bağlıdır. İyul ayının 1-dən isə taksi fəaliyyəti ilə bağlı yeni tələblərin tətbiqinə başlanılacaq. Bundan sonra taksi xidmətində qiymətlərin daha da artacağı gözlənilir.

Bəs, təxmin edildiyi kimi taksi xidmətlərinin qiymətində artım tendensiyası davam edəcəkmi? Bakının yerüstü ictimai nəqliyyat probleminin həlli nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı AYNA-ya danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, taksi xidmətində qiymət artımının olacağına dair ehtimallar yüksəkdir: “Proseslərin gedişatı taksi xidmətlərində qiymət artımının olacağını göstərir. Əhalinin ictimai nəqliyyatdan narazılığı tamamilə obyektiv səbəblərdən qaynaqlanır. Mövcud problemlərin sürətli, təxirə salınmadan aradan qaldırılması istiqamətində addımlar atıla bilər. Bu gün ümumi olaraq problemin həlli istiqamətində müəyyən tədbirlər görülür. Məsələn, “28 May”da nəqliyyat qovşağının qurulması, velosiped, avtobus zolağı şəbəkəsinin yaradılması ilə bağlı işlərə başlanılıb. Bunlar mərhələli şəkildə icra edilir. Piyadalar üçün infrastrukturun yaradılması istiqamətində işlər isə çox azdır”.

“Lakin bu proses ümumi aparılmalıdır. Bu işlərdə çatışmayan elementlər də var. Belə ki, mövcud zolaqlardan effektiv istifadə üçün onların zəbt edilməsinin qarşısı alınmalı və bundan ötrü də nəzarət sərtləşdirilməli, hesabatlılıq təmin edilməlidir. Bu zaman qısa məsafə üçün taksi xidmətinə və fərdi avtomobillərə yönəlmiş sərnişinləri ictimai nəqliyyata yönəldə bilərik. Çünki ən önəmli olan vaxtdır və bu, ictimai nəqliyyatla qazanılacaqsa, o zaman biz mövcud problemi, ictimai nəqliyyatdan narazılığı həll etmiş olacağıq”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin fikrincə, buna paralel olaraq, şəhər daxilində dəmir yolu stansiyalarının, dayanacaqlarının da artırılmasına ehtiyac var: “Dayanacaqların artırılması Dərnəgül, Keşlə, Böyükşor, Nərimanov, Binəqədi istiqamətində mövcud nəqliyyat sistemində axının parçalanmas və hazırkı stansiyaların yükünün azalması ilə nəticələnəcək. Bu, alternativ çıxış imkanlarının yaradılması deməkdir, həmçinin ictimai nəqliyyat probleminin həlli istiqamətində aparılan islahatların birinci mərhələsi - yüngül formasıdır”.

Daha sərt islahatlara gəlincə isə, Ağamirzəyevin sözlərinə görə, bunun üçün böyük investisiya lazımdır: “Şəhər canlı orqanizmdir. Dəmiryolu şəbəkəsi, tramvay xətlərinin çəkilməsi, metro xətlərinin inkişafı və s. hamısı ümumi nəqliyyatı, şəhərdə hərəkətliliyi təmin edən elementlərdir. Hazırkı vəziyyətdə qısa həllərlə bu cür problemlərin öhdəsindən gəlmək mümkün deyil. Mərhələli şəkildə icra planı olmalıdır və investisiyaların yatırılması istiqamətində qərarlar verilməlidir”.

İctimai nəqliyyatda problemlərin həlli üçün investisiya yatırmağa gəlincə, mütəxəssis bildirib ki, burada fərqli modellər var: “Bizdə hələ ki, əsas yükü dövlət öz üzərinə götürüb. Lakin düşünürəm ki, fərqli modellərdən istifadə edərək bu işi icra etmək lazımdır. Bu halda yükü dövlətin üzərindən götürüb biznesə ötürmək olar. Sadəcə bu zaman dövlətin üzərinə müəyyən öhdəlik düşür. Qanunvericlik dəyişməli, sərnişin axınını təmin etmək üçün bəzi qabaqlayıcı, kompleks tədbirlər görülməlidir. Avtomobil üçün bir qədər narahat, piyada, çeşidli ictimai nəqliyyat üçün isə daha komfrotlu və sürəti təmin edəcək qərarlar verilməlidir. Şəhərin ən bahalı resursu torpaqdır. Onun səmərəli istifadəsi yönündə 8 Noyabr prospektindəki zolaqların ensizləşdirilməsi ilə bağlı verilmiş qərar ilk xoş təcrübədir. Orada zolaqlar 3.75 metrdən 3.10 metrə endirilib. Düşünürəm ki, kənar zolaq xaric, digərlərini 2.5 metrə qədər azaltmaq olar. Artıq qalan sahəni isə digər hərəkət iştirakçıları üçün daha səmərəli istifadə etməkdən ötrü alternativlər yaranır və nəticədə hərəkət axını fərqli növlər üzrə bölünmüş olur”.

“Bu təcrübə daha da təkmilləşdirilməli, irəli aparılmalıdır. Şəhərdə aqresiv mühitə son qoyulmalı, fərqli hərəkət iştrakçıları üçün şərait yaradılmalıdır. İndiki halda dəmir parçası üçün çox şərait yaratmışıq. Avtomobil bir status hesab olunur. Amma insanların fikrini dəyişdirməliyik və bundan ötrü də şərait yaratmalıyıq. Piyada üçün zolağı rahatlaşdıracağımız halda, insanların şəhərdən zövq ala-ala gəzə biləcəyini təmin etmiş olacağıq. Biz piyada, velosiped, avtobus zolağının davamlılığını və sərt nəzarəti təmin etdiyimiz halda, insanlar özləri hansı məsafəni piyada, hansını nəqliyyatla gedəcəklərinə qərar verəcəklər. Bu zaman hətta insanlar avtobusun təzə və ya köhnə olmasına yox, qrafiklə işləməsinə köklənəcəklər. Yəni biləcəklər ki, məsələn, səhər beş dəqiqədən bir filan avtobus sürətlə hərəkət edir və bu, onlar üçün əlverişlidir. Onu da qeyd edim ki, avtobusların daha inklüziv və müasir olması da əsas öhdəliklərdəndir”, - deyə müsahibimiz vurğulayıb.

Əlavə edib ki, sıxlığı çox olan ərazilərdə, eləcə də Bakıda daha çox daşınma imkanı yaradan nəqliyyat vasitəsi kimi travmayların hərəkəti bərpa edilməlidir: “3 milyondan çox insanın yaşadığı bir şəhərdə hərəkətdə mobilliyi təmin etməyin yolu reysli nəqliyyatın olmasıdır. Bu yöndə investisiya qoyulmalıdır. Tramvaylar sıxlıq çox olan ərazilərdə eyni anda daha çox daşıma imkanı yaradır. Bir tramvayın daşıyacağı sərnişin sayı 3-5 avtobusun daşıyacağı sərnişin sayı ilə eyni olsa da, onun istismar ili avtobusla müqayisədə daha çoxdur və istismar xərcləri də daha ucuzdur”.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 İstanbulda 70 kiloqram qızılla tutulan hərbi attaşe barəsində qərar
26 Noyabr 2024 Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
26 Noyabr 2024 "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
26 Noyabr 2024 Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi

Dünyapress TV

Xəbər lenti