“Ermənistan hərbçiləri Azərbaycanın “aqressivliyi” barədə yalan təbliğat aparmaq məqsədilə Zod kəndi yaxınlığındakı sərhəddə mövqelərimizi atəşə tutur. Sözsüz ki, bunu məqsədli şəkildə edirlər və onların əsas hədəfi məlumdur”.
Teref.AZ bildirir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan ordusunun şərti sərhəd xəttində Azərbaycana qarşı növbəti təxribat əməllərindən danışarkən deyib.
Onun sözlərinə görə, ermənilərin belə təxribatlarında əsas məqsəd Fransanın BMT Təhlükəsizlik Şurasında göstərdiyi səylərə əlavə “arqumentlər” qazandırmaq, eləcə də Avropa İttifaqı Nazirlər Şurasının İspaniyada keçiriləcək iclasında anti-Azərbaycan təşəbbüslərini gücləndirməkdir.
R. Musabəyov əlavə edib ki, sentyabrın 2-də İrəvanda Paşinyan əleyhinə böyük mitinq çağırılıb: “Ola bilsin, Paşinyan və ona tabe olan hərbçilər təxribat və qaçılmaz cavab zərbələri ilə vətənin təhlükədə olduğunu, müxalifətin isə hakimiyyət uğrunda mübarizəyə start verərək dövlət gəmisini yellədiyini də nümayiş etdirmək istəyirlər”.