PRİQOJİN ÖLDÜRÜLÜB, YOXSA “YOXA ÇIXARILIB”?... –
Putin mafiya başçısı kimi güclü, dövlət başçısı kimi aciz olduğunu təsdiqlədi

Demək olar ki, Rusiya tarixində qiyam qaldıran, lakin onu başa çatdırmayan və hakimiyyətlə razılığa gedən heç kim öz əcəli ilə ölməyib. Buna baxmayaraq, cəmi iki ay əvvəl Putin hakimiyyətini devirmək üzrə olan Yevgeni Priqojin Rusiyanın yeni tarixindəki general Aleksandr Lebedin, yaxud nisbətən keçmiş tarixinə aid Qriqori Kotovskinin və digərlərinin taleyindən ibrət dərsi götürmədi. İndi isə belə görünür ki, çoxlarının proqnozlaşdırdığı kimi, bu səhv ona öz həyatı bahasına başa gəldi.

Yada salaq ki, həmin vaxt Ukrayna Prezident Ofisinin savbiq müşaviri Aleksey Arestoviç yolun yarısında dayanan və Moskvadan qorxub qaçan Putinlə sövdələşməyə gedən Priqojini “axmaq” adlandırmışdı...

Ancaq onu da qeyd edək ki, “Rosaviasiya”nın rəsmi açıqlamasına baxmayaraq, bir çox konspirologiya tərəfdarları Priqojinin həmin təyyarədə olmadığını iddia edirlər.

Məsələn, Rusiyada tanınmış jurnalistlərdən olan İlya Rojdestvenski bu hadisəni şərh edərkən, “Priqojini dəfn etməyə tələsməyin”, - deyə bildirib.

İlon Mask isə bunun “psixoloji əməliyyat” ola biləcəyini qeyd edib.

Hazırda Priqojinin Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları ilə sövdələşməyə gedərək, “yoxa çıxmaq”, sonra isə başqa ad və xarici görkəmlə fiziki varlığını davam etdirmək üçün belə bir əməliyyata razılıq verdiyi barədə versiya mövcuddur. Bu versiya ona əsaslanır ki, Putinə ilk növbədə Priqojinin adının Rusiya siyasi səhnəsindən silinməsi, yəni onun siyasi məhvi lazım idi.

Priqojinin fiziki məhvi isə ikinci dərəcəlidir və bunu etməmək, yaxud təxirə salmaq da olardı. Qəza ilə bağlı bəzi məqamlar da bu versiyanı ciddi qəbul etməyə müəyyən əsaslar verir.

Məsələn, hər an sui-qəsd yaşaya biləcəyini hamıdan yaxşı anlayan Priqojinin öz adını rəsmən özəl təyyarə reysinin sərnişinlərinin siyahısına saldırması və bununla özünü hədəfə çıxarması, eyni zamanda “Vaqner”-in yaradıcısı və Priqojinin “sağ əli” olan Utkin də daxil olmaqla, demək olar bütün “Vaqner” rəhbərliyinin bir təyyarəyə toplanması kifayət qədər şübhəlidir.

Həmçinin hadisədən sonra yerdə aşkar olunan cəsədlər arasında az-çox salamat qalan və tanına bilən 3 cəsədin arasında nə Priqojinin, nə də Utkinin cəsədi var. Necə olubsa, hər ikisinin cəsədi məhz yanan, parçalanan cəsədlər arasındadır.

Nəhayət, hadisədən dərhal sonra, az qala təyyarə yerə çırpılır-çırpılmaz “Rosaviasiya” onun göyərtəsində olanların siyahısını elan etdi. Dövlət qurumunun bu “operativliyi” ilk nəzərə çarpan şübhə mənbəyi hesab olunur. Hansı ki, adətən belə qəzalardan ən azı bir sutka sonra rəsmi orqanlar təyyarədə kimlərin olduğunu açıqlayırdı.

Bütün bunlar və digər məqamlar bu hadisənin qarşılıqlı razılaşma əsasında quraşdırıldığını, Priqojinin “yoxa çıxmasını” təmin etmək və “Putin qisasını aldı” qənaətini yaratmaq üçün hazırlandığını iddia edənlərin əlinə müəyyən arqumentlər verir.

Əlbəttə ki, bu hadisə təyyarədə ölənlər arasında Priqojinin olub-olmamasından asılı olmayaraq, bir daha Rusiyanın qətiyyən hüquqi dövlət olmadığını, dövlət yox, mafiya qanunları, hətta demək olar, cəngəllik qanunları ilə idarə olunduğunu göstərdi. Ən əsası isə ümumilikdə “Priqojin əhvalatı” Putinin mafiya başçısı kimi güclü, dövlət başçısı, dövlət xadimi, şəxsiyyət kimi isə çox zəif və aciz olduğunu təsdiqlədi.

Çünki Rusiya Prezidentinin dövlətə qarşı üsyan qaldıran, 10-u pilot olmaqla, 20-yə yaxın hərbçini qətlə yetirən, bir neçə hərbi helikopteri və təyyarəni məhv edən, nəhayət, Putinin özünün rəsmən “cinayətkar”, “xəyanətkar”, “satqın” elan etdiyi Priqojini qanuni yolla, konstitusiyaya, hüquqa uyğun olaraq, məhkəmə hökmü ilə cəzalandırmağa gücü, imkanı çatmadı. Əksinə, Prqojinin qarşısından Sankt-Peterburqa qaçdı və qiyamdan bir neçə gün sonra onu “Vaqner” komandirləri ilə birgə Moskvada qəbul etdi.

Onun acizliyinin ən son nöqtəsi isə həmin görüşdən sonra şəxsən Putinin “Vaqner” komandirləri bizimlə razılaşır, amma Priqojin bunun əleyhinədir” kimi etiraflar etməsi oldu. Bu etiraf və bundan öncə, qiyam saatlarında Putinin əmrlərinə məhəl qoyulmaması, güc strukturlarının qiyamın qarşısını hərbi yolla almaması, ən əsası isə əhalinin qiyama açıq simpatiya ilə yanaşması bir daha Putinin Priqojinin qarşısında “sındırıldığının” göstəricisi idi...
Priqojinin məhz bu cür hay-küylü şəkildə aradan götürülməsi, yaxud “yoxa çıxarılması” istər Rusiya elitası, istərsə də Putinlə hansısa razılşmaya getməyin tərəfdarı olan xarici liderlər, siyasətçilər üçün də bir siqnal oldu. Priqojinə bütün var-dövlətini, biznesini qaytaran, “Vaqner”-i onun ixtiyarında saxlayan, sonra isə bir andaca öz vədlərinin üstündən xətt çəkən Putinin nə dərəcədə “etibarlı” tərəfdaş və onun sözünün çəkisinin nədən ibarət olduğu bir daha üzə çıxdı. Bir sərnişin təyyarəsinin Rusiyanın mərkəzində hava hücumundan mçüdafiə sistemləri ilə vurulması isə ümumiyyətlə, müasir Rusiyanın haralara yuvarlandığını, burada yaşamağın, onun təyyarələrindən istifadə etməyin nə demək olduğunu bir daha ortaya qoydu.

Digər yandan, bu hadisə Rusiyadakı ultramillətçilərin və şovinst qüvvələrin Putin hakimiyyətinə münasibətini bir qədər də kəskinləşdirdi. Artıq bir çox təhlilçilərin də dediyi kimi, Priqojinin qiyamını təkrarlamaq istəyən “növbəti Priqojin” 100 faiz öz işini yarımçıq saxlamayacaq...
Hər necə olsa, Priqojin doğrudan da havada vurulubsa, buna ən çox sevinən ukraynalılardır. Maraqlıdır ki, Ukrayna torpaqlarında saysız-hesabsız hərbi cinayətlər törətmiş, günahsız insanların qanını axıtmış bu caninin məhvi Ukraynada qeyd edilən Bayraq və Müstəqillik günlərinə təsadüf etdi. Ona görə də Ukraynada bir çoxları ironiya ilə Priqojinin qətlini “Putinin müstəqillik gününə hədiyyəsi” adlandırırlar...

Doğrusu, bu hadisə elan edilən kimi, istər-istəməz məşhur Azərbaycan filmindəki ifadə yada düşdü - "Kərbəlayi Qəmlonu gəbərtdi". Ancaq Priqojin doğrudan da bir çox cəhətləri ilə Qəmlonu xatırlatsa da, Putin nə şəxsiyyəti, nə də digər göstəriciləri ilə qətiyyən Kərbəlayi İsmayıl deyil...
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti