Qaxda yüksək və çətin relyefli dağlıq-meşəlik ərazidə itkin düşən 1993-cü il təvəllüdlü İlisu kənd sakini Rəhman Sədrəddin oğlu Kamallının axtarışları davam edir.
İtkin düşən şəxsin atası Sədrəddin Kamalov bildirib ki, oğlu kənd sakini Ramazan adlı çobanla birgə dağa çıxıb:
“Mən onun dağa getməyinə razı olmamışdım. Xəstə uşaqdır. Damı təmizləməyə getdim, qayıdanda gördüm ki, məndən icazəsiz gedib”.
İtkin düşən şəxsin əmisi Bədrəddin Kamalov Rəhmanın xəstə olduğunu və özünü normal idarə edə bilmədiyini qeyd edib: “Altı gün ərzində bütün dağları gəzdik, amma onu tapmadıq”.