Toplumun Nəbzi verilişinin bugünkü qonaqları hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Arif Yunus , "Vətəndaş" İB sədri Günel Səfərovadır. Onlarla 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı açıq qalmış cinayət işinə xitam verilməsindən danışacağıq. Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı açıq qalmış cinayət işinə xitam verilib. Bu barədə AzadlıqRadiosuna prokurorluqdan verilən məlumatda bildirilir ki, bu proses may ayından başlayıb. Məlumata görə, QHT-lərlə bağlı cinayət işində adı keçən təşkilatların rəhbərləri bugünlərdə İstintaq İdarəsinə çağırılıb. Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (bu qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi oldu-red.) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı. Həmin il bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu. Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.