“Tərtər İşgəncələri”ndə hərbi prokurorluğun müstəntiqləri də iştirak edirdi -
Bu gün “Tərtər İşgəncələri”ndə adı keçən bir qrup hərbçinin işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə qarşısına çıxarılanlar həmin dövrdə Tərtərdə hərbi hissənin komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Prosesdə vaxtilə ağır işgəncələr almış şəxslərdən bəziləri ifadə verib.

Onlar arasında 6 il öncə dövlətə xəyanət ittihamıyla həbs edilib 20 il azadlıqdan məhrum edilən, 5 il 7 aydan sonra bəraət hökmüylə buraxılan leytenant Atabəy Rəhimov da var.

Rəhimov 2017-ci ilin may-iyun aylarında Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunan dörd nəfərin məhkəməsində dindirilib.

Məhkəməyə ifadəsində Rəhimov deyib ki, ona işgəncə verənlər tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edib: “Halbuki, belə bir hadisə olmamışdı. Mənimlə yanaşı, əsgərlərə də işgəncə verib, əleyhimə ifadə almışdılar. Üzümə 5 əsgər qoydular. Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq…”

Zopa ilə döyülməkdən tutmuş, suda boğulma, dırnaqlarının çəkilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Rəhimov həm də Hərbi Prokurorluqdan şikayətçidir. Onun sözlərinə görə, işgəncələrdə Hərbi Prokurorluğun müstəntiqləri də birbaşa iştirak edirdi: “Müstəntiq Ülvi Əhmədov üstümə çıxıb təpikləyirdi məni. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev… Onların hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi Prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlaya-çırtlaya işgəncələrlə bağlı göstərişlər verirdi”

O, həmin dövrdə korpus komandiri olan general Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini vurğulayıb.

“İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər”
2017-ci ilin mayında manqa komandiri olmuş Ramin İsayev də bu məhkəmədə zərərçəkən kimi tanınan 192 nəfərdən biridir. O deyir ki, işgəncə nəticəsində komaya düşmüşdü, qabırğası, çiyin nahiyəsi sınmışdı.

İsayev həmin hadisələr nəticəsində həyatını itirən polkovnik Saleh Qafarov, hərbi qulluqçular Mehman Hüseynov, Elxan Ağazadənin ölümündən də danışıb:

“Saleh Qafarovun ağzını Cümşüdov (İsayev Cümşüdovun adını, vəzifəsini deməyib – red.) cırdı. Onu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da tulladılar ikinci mərtəbədən aşağı. İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər…”

Ölümlərlə əlaqədar təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərova CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə ittiham verilib. Lakin o, bu ittihamları qəbul etmir, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini deyir. Onun sözlərinə görə, sadəcə, işgəncələr baş verən binanın mühafizəçilərindən biri olub.

Lakin İsayev deyir ki, onu ikinci mərtəbədə vedrə ilə su daşıyarkən görüb. Onun sözlərinə görə, həmin sulardan işgəncəyə məruz qalanları çəlləkdə boğmaq üçün istifadə olunurdu.

Lakin təqsirləndirilən Ələsgərov deyilənləri inkar edib.

Vəzifəli şəxslər dindiriləcəkmi?
Tərtərdə işgəncələr nəticəsində ölən hərbi qulluqçulardan biri Elçin Quliyevin anası Validə Əhmədova da bu məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində iştirak edir.

O, vəsatət qaldırıb ki, indiyə qədər dindirilən zərərçəkənlərin ifadələrində adları çəkilən vəzifəli şəxslər məhkəməyə çağrılıb dindirilsin.

Vəsatətdə Hərbi prokuror Xanlar Vəliyev, keçmiş korpus komandiri, general Hikmət Həsənov, o dövrdə hərbi hissə komandiri olmuş Teymur Məmmədov, Firdovsi Bəyov və başqalarının adları vardı.

Bu vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, vəsatətdə adları sadalanan şəxslərin bir qisminin adı şahidlər siyahısında var və məhkəməyə çağrılacaq. Digərlərinə gəlincə, əsas şahidlər dindiriləndən sonra əlavə şahidlərlə bağlı məsələyə baxıla bilər.

Tərtər işində adı hallanan yüksək vəzifəlilərdən heç biri indiyədək ittihamlara münasibət bildirməyib.

Məhkəmədə dindirilən zərərçəkənlərin dediklərindən o da məlum olur ki, işgəncəyə məruz qaldığı iddia olunan şəxslərin əksəriyyəti sonradan orduya yararsız hesab edilərək, işdən uzaqlaşdırılıb. Onlardan biri də zərərçəkmiş Məmməd İsmayılovdur. Onun sözlərinə görə, işgəncələrdən sonra onu sərəncama göndəriblər. 2018-ci ilin avqustuna qədər sərəncamda qalıb. O dövrdə işinə qayıtmaq istəsə də, cəhdləri nəticə verməyib: “Onda çalışdım ki, heç olmasa, iş zamanı xəsarət almağım haqda arayış əldə edim. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar. Babək Səmidli (polkovnik Səmidli 2020-ci ilin noyabrda minaya düşərək həlak olub) də neçə dəfə söz verdi, yerinə yetirmədi…”

Xatırladaq ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti