Ardını oxu...
Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib.

Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib.
S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olunaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
 
Ardını oxu...
Bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq neoplanlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gətirilib.
Gediş haqqi 80 qəpik təşkil edəcək.
 

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibi yenidən formalaşacaq. Bu proses həmişə dəyişikliklərlə müşahidə olunduğu üçün hökumət üzvlərindən kimin gedib, kimin qalacağı yenə müzakirə mövzusudur.

Yenisabah.az hakimiyyətdəki mənbələri sayəsində vəzifəsini itirəcək hazırkı hökumət üzvlərindən birinin adını dəqiqləşdirə bilib. Elm və təhsil naziri Emin Əmrullayevin yeni hökumətdə təmsil olunmayacağı məlum olub. Gənc nazirin daha təcrübəli elm adamlarından biri ilə əvəzlənməsinə qərar verilib.
Mənbə E.Əmrullayevin "vurulmasını" təhsil sektorunda köklü islahatların aparılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, imitasiya xarakteri daşıyan islahatlar bu sektorda ciddi dəyişikliyə səbəb olmadığı üçün gənc nazirin yola salınmasına qərar verilib.
Qeyd edək ki, təhsil sahəsindəki problemlər son vaxtlar daha yüksək səslə dilə gətirilir. Artıq Milli Məclisin tribunasında da bu barədə açıq mətnlə danışılır. Ötən gün isə bu məsələ prezidentliyə namizədlərin İTV-də baş tutan debatında əsas müzakirə mövzusu olub. Prezidentliyə namizəd, Milli Məclisin bitərəf deputatı Zahid Orucun problemə geniş yer ayırması təsadüfi sayıla bilməz. Digər opponentləri ilə müqayisədə hakimiyyətin mətbəxinə daha yaxından bələd olan Zahid Orucun öz çıxışında elm və təhsil sektorunda mövcud olan problemlərə geniş yer ayırması, repetitorluq institunun genişlənməsindən danışması, "müəllimlər və şagirdlər məktəbə qayıtmalıdır" məzmunlu bəyanat səsləndirməsi analitiklər üçün uzağagedən nəticələr çıxarmağa əsas verib. Siyasətdə çoxillik staja malik olan Orucun hədəfi düz vurub-vurmadığı isə yaxın vaxtlarda bəlli olacaq.
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

Bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.

"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.

O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.

Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.
 
Ardını oxu...
“Atlas Air”ə məxsus “Boeing 747-8” yük təyyarəsinin havaya qalxdıqdan qısa müddət sonra mühərrikində nasazlıq yaranıb və o, havadaca alovlanıb.

Məlumata görə, təyyarə Mayami Beynəlxalq Hava Limanına məcburi eniş etməli olub.

Qeyd edək ki, “Atlas Air” baş verən insidentin səbəbini müəyyən etmək üçün araşdırma aparacağını bildirib. (oxu.az)

 
 
 
Ardını oxu...
Azərbaycan Tibb Universiteti (ATU) “Progress İnşaat EN” MMC-dən 88 146 manatlıq hədiyyə alacaq.

Valyuta.az xəbər verir ki, şirkət bununla bağlı ATU-nun elan etdiyi tenderin qalibi seçilib.

Şərtlər toplusundan məlum olur ki, universitetin alacağı hədiyyələrə bloknot, qələm, qələm üçün qutu, karandaş dəsti, flayşkart, fincan, armudu stəkan dəsti, suvenir boşqab, paket və qovluqdan ibarətdir.

“Proqress İnşaat EN” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, adından da göründüyü kimi inşaat şirkətidir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən elanlardan da görünür ki, şirkətin qalib gəldiyi tenderlər əsasən təmir-tikinti işləri ilə bağlıdır.

Şirkət bundan əvvəl ATU-nun da təmir işləri ilə bağlı tenderinin qalibi olub.

Belə aydın olur ki, inşaat şirkəti həm də dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Bu bir qədər inandırıcı görünmür.
 
Ardını oxu...
“Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsinə güvənmədiyi üçün Türkiyəyə müalicə almağa getdi haqqında səslənən fikirləri düzgün hesab etmirəm. Çünki insan istədiyi yerdə müalicə almaq haqqına sahibdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış həkim, uroloq-androloq Vasif İsmayıl deyib.

O, Azərbaycanın keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin müalicə almaq üçün təcili şəkildə Türkiyəyə getməsinə toxunub.

Xatırladaq ki, eks-nazirin Türkiyəyə yollanması haqqında məlumatların dərc olunmasından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bununla bağlı müzakirələr yaranıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bir çoxu Şirəliyevi uzun illər rəhbərlik etdiyi səhiyyə sisteminə güvənməməkdə ittiham edib.

Məsələyə münasibət bildirən V.İsmayıl əlavə edib ki, sabiq nazirin səhhətindəki hansı problemlərə görə xaricə getdiyi naməlum olaraq qalır:

“Lakin buna baxmayaraq, bu gün Azərbaycanda səhiyyə sahəsində görülməli işlərin çoxu görülüb, amma hamısı deyil. Həmçinin görülən işlərin çoxu hazırda keyfiyyətlə həyata keçirilir ki, bu tərəfdən də heç bir problem yoxdur. Ola bilsin ki, Oqtay Şirəliyev Azərbaycana səhiyyəsinə güvənmir, yəni bu, ola bilər”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, O.Şirəliyevin bir siyasi keçmişi və duruşu var:

“Ola bilər ki, onun hansısa həkimlərlə konflikti olsun, onlara güvənmisin və buna görə də Türkiyəni seçsin. Amma reallıq budur ki, onun zamanında Azərbaycan səhiyyəsində bir çox işlər görülüb. Hətta deyərdim ki, çox da yaxşı işlər olub. Amma, bununla yanaşı, səhiyyəmizdə nəzarətin zəifləməsi hadisəsi də baş verdi ki, bu da Oqtay müəllimə qarşı yaranan etirazlara səbəb oldu”.

Həmsöhbətimizin fikrincə, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının Azərbaycan səhiyyəsi haqqında söylədiyi iradların əksəriyyəti haqlı və əsaslıdır:

“Amma bu, o demək deyil ki, Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini pis günə qoyub Türkiyəyə qaçıb gedib və s. Biz bunu ümumi bir fikir kimi dilə gətirə bilərik, amma ola bilsin ki, onun xəstəliyinin spesifik xüsusiyyətləri var və buna görə də ölkə xaricinə çıxıb. Məsələn, onun çox ciddi qaraciyər çatışmazlığı varsa, artıq xaricdə müalicə almasına əsaslı səbəbləri ortaya çıxır. Çünki qaraciyər çatışmazlığı ilə bağlı problemi hələ də Azərbaycanda lazımi səviyyədə müalicə edə bilmirik və bu bizim səhiyyəmiz üçün mənfidir. Yəni elə məsələlər var ki, biz bunu yaxşı bacarmırıq. Ona görə də faktları biləndən sonra məsələyə münasibət bildirməyin tərəfdarıyam”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə elə situasiyalar var ki, biz bu reallıqları bilmirik:

“Hətta bəzi məsələlər var ki, bunun dəqiqləşməsinə ehtiyac duyulur. Lakin adi prosedurlardan ötrü ölkəni tərk etmək, hər halda yaxşı mənzərə deyil. Hələ nazir olmuş adam üçün heç...

Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin yetərincə imkanları var ki, problemlərini həll etsin. Amma biz reallığı bilsəydik, bu barədə daha detallı və obyektiv danışmaq olardı. Lakin təəssüflər olsun ki, bilmirik.

İlk növbədə, ona şəfa arzulayıram. O cümlədən bizim hər birimiz, xüsusilə də məmurlar çalışmalıdırlar ki, milli səhiyyəmizin imkanlarından yetərincə istifadə etsinlər ki, bu, həm də səhiyyəmizə güvən deməkdir”.

Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.
 
 
 
Ardını oxu...
Altı-yeddi il əvvəlin xəbərlərində kərə yağının ölkəyə idxalının azalması, yerli istehsalın artması diqqət çəkirdi. Sonra mənzərə dəyişdi. İdxal kəskin artdı, istehsaldan az söz açılmağa başlandı. Keçən ilin son günlərində yenə ictimaiyyətə istehsalın artmasıyla bağlı məlumatlar ötürülürdü.
Bizimyol.info xəbər verir ki, mütəxəssislər kərə yağı istehsalının baha başa gəldiyini bildirirlər. Xammal istehsalı, daşınma, emal xərcləri böyük rəqəmlər ortaya qoyur. Bu halda yağın maya dəyəri 20 manatdan ucuz olmur.
Sadə hesablama aparaq. Bir kiloqram kərə yağının əmələ gəlməsi üçün azı 18 litr südə ehtiyac var. Deməli, standartlara cavab verən yağın kiloqramı heç bir halda 18 manatdan ucuz başa gələ bilməz. Hələ onu demirik ki, mütəxəssislər 1 kiloqram 82,5 faizlik kərə yağının istehsalı üçün 23 litr təzə inək südündən (3,6 %-li) istifadə olunduğunu xüsusi vurğulayırlar. Yəni yağın maya dəyəri düşündüyümüzdən də baha alınır.

Rəsmi məlumatlarda deyilir ki, guya ölkəyə kərə yağı və süddən hazırlanmış başqa yağların idxalı 11 faiz azalıb. Hökumət bununla istehsalın artdığını bildirmək istəyir. Ola bilər ki, həqiqətən də, idxal azalıb. Amma bu həm də keyfiyyətin aşağı düşməsi anlamına gəlir. İstehlakçıya kiloqramı 15-20 manata müxtəlif yağlar təklif olunub. Bunların heç biri standartıara cavab vermir. Həmin yağları heç alıb yeməyə dəyməz.

İqtisadçı Vahid Məhərrəmli deyir ki, sahibkar kərə yağının istehsalında dövlətin dəstəyini hiss etməlidir: “Digər ölkələrdə, xüsusən Yeni Zelandiyada istehsal olunan kərə yağının xərcinin 50 faizini dövlət öz üzərinə götürür, sahibkara dotasiya və subsidiya verir. Bizim ölkədə süd və yağ istehsalçıları üçün güzəştlər nəzərdə tutulmur. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin Azərbaycana digər ölkələrdən idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti aşağıdır”.

İstehsalın artmasına sevninməkdənsə, keyfiyyətə diqqət yetirmək lazımdır. İnsanlar ucuz və zərərli məhsulla qidalanmaq məcburiyyətində qalırlar. Unutmayaq ki, kərə yağı əhalinin rasionunda vacib yer tutur. Hər şeydən əvvəl keyfiyyət diqqət mərkəzində olmalıdır.
 
Ardını oxu...
Bakının Suraxanı rayonunda yerləşən “Antalya” restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən “Antalya” restoranının çimərlik hissəsindəki 200×50 metr ölçülü əraziyə görə baş verib.

Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovun 23 iyul 1998-ci il tarixli 1221 saylı sərəncamı ilə sahibkar Hacımurad Rzayevə hədiyyə edilib. Hacıbala Abutalıbov bunun əvəzində sahibkardan Hövsan qəsəbəsindəki çimərliyin bir hissəsini abadlaşdırmağı xahiş edib.

Sərəncamın qərar verilmiş hissəsinə əsasən, Hövsan Bağları sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200×50 metr ölçüdə torpaq sahəsini abadlaşdırmaq və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş çizgi əsasında təhkim olunub. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, Hacımurad Rzayevə çimərlikdə göstərilən bütün xidmət növlərinin pulsuz olması tapşırılıb. İş adam həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ərazidə kafe, mağaza, o cümlədən turistlər üçün kiçik qayıqlar fəaliyyət göstərib.

Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən getdikdən sonra qanuni təmsilçisi Mehdiyev Qalib Tücarət oğlu olan “Mars-M” Çoxsahəli Kommersiya Firması tərəfindən “Antalya” restoranı tikilib. 2019-cu ildə həmin ərazidə olan obyektlər də sökülərək restoranın ərzisinə daxil edilib.

Bundan sonra Hacımurad Rzayev ilə “Mars-M” şirkəti arasında mübahisələr baş verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə “Antalya” restoranın qarşısındakı 50×200 metr ərazidəki çimərlik sahəsi möhürlənməklə, mübahisə tərəflərinin istifadəsinə qadağa qoyulub.

20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayevin vəfatından sonra şirkətin qeyri-rəsmi sahibi Qadir Mehdiyev sözügedən ərazini mərhum iş adamından aldığını iddia edib. Hacımurad Rzayevin oğlu, 1984-cü il təvəllüdlü Samir Rzayev ərazidə məhkəmənin qərarı pozularaq Qadir Mehdiyev tərəfindən iş aparıldığını görüb. O, qardaşları Zaur Rzayev və Əlifağa Rzayev ilə əraziyə gedərək, “Mars-M” şirkətinin sahibi Qadir Mehdiyev ilə mübahisə edib. Samir Rzayev əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış və hazırda təqaüddə olan Qadir Mehdiyev və restoranın mühafizəçilərini döyüb.

Mərhum iş adamının oğlu iki gün həbsdə saxlanıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Samir Rzayevə 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasına daxil olduğu deyilən "Nəxşicahan Med” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçılar Həziyev Vüqar Vidadi oğlu, Əsədov Elnur Ramiz oğlu, Quliyev Ramiz Məmməd oğlu, İsmayılov Sadıq Azər oğlu, Məmmədov Fərahim Fehruz oğlu, Vəliyev Orxan Tahir oğlu və Ağayev Elşən Bəhlul oğludur.

İddialara görə, adıçəkilən şəxslər "Nəxşicahan Med” MMC-nin işçiləri olub. Məhkəmə çəkişməsinin də əmək münasibətləri ilə bağlı mübahisələrdən qaynaqlanması bu iddiaların əsassız olmadığına dair şübhələri artırır. Lakin onların iddia tələblərinin konkret nədən ibarət olması barədə məlumat yoxdur.

İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. İş hakim Gülsüm Əliyevanın icraatındadır.

"Nəxşicahan Med” MMC 17 aprel 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 AZN olan şirkətin qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.

"Nəqşicahan Holdinq”ə daxil olan "Nəxşicahan Med” Muxtar Respublika əczaçılıq sahəsində monopolist şirkət kimi tanınıb. Ötən ilin oktyabrında "Nəxşicahan Med” MMC ləğv olunduğunu elan edib.

Bu arada qeyd edək ki, hazırda şirkətin vergi borcu 98 718, 81 AZN-dir.

Şirkətin Vasif Talıbovun nəzarətində olması barədə iddialara gəlincə, mediada gedən məlumatlarda bildirilir ki, şirkətin daxil olduğu "Nəqşicahan Holdinq”in rəhbəri Rıfat Mahmudovdur. O, Sədərək gömrüyünün keçmiş sədri Nicat Mahmudovun qardaşıdır.

Mahmudov qardaşları Vasif Talıbovun kadrı kimi tanınır.
 

Dünyapress TV

Xəbər lenti