Ardını oxu...
2023-cü il, aprelin 19-da “Hürriyyət” qəzetində “Şamaxı sakini keçmiş gəlininin “yüngül həyat tərzi” keçirdiyini iddia edərək, nəvələrini geri istəyir” sərlövhəli yazı dərc etmişdik. Şamaxı rayonu, Seyid Əzim Şirvanı küçəsi, 6 nömrəli evin sakini Məmmədov Əfqan Əlisəməd oğlunun redaksiyamıza müraciəti əsasında qələmə alınan yazıda şikayətçi məhkəmələrin qanunsuz qərarından, rəsmi qurumların fəaliyyətsizliyindən narazı olduğunu bildirmişdi:

“Məlumat verim ki, oğlum Məmmədov Rauf Əfqan oğlu 4 il qabaq müəyyən səbəblərə görə həyat yoldaşından boşandı. Onun bu evlilikdən 2 qız övladı var. Məmmədova Nurayın 11, Məmmədova Gülayın isə 10 yaşı var. Uşaqlar anadan olan gündən öz yanımızda qalırdı. Anaları Əhmədova Şəlalə Abid qızı 4-5 il idi ki, onları atıb getmişdi. Təxminən 5 ay qabaq gəldi və bizdən uşaqlarını tələb etdi. Nəticədə, bu işə hüquq müstəvisində baxıldı və məhkəmə uşaqları anaya verdi. Buna baxmayaraq, oğlum hər ay alimenti vaxtında ödəyir. Lakin ananın yüngül həyat tərzi sürməsi və xəstə olması bizi narahat edir…”.

Çox təəssüf ki, həmin şikayətin üzərindən təxminən 5 ay keçsə də Əfqan Məmmədov hələ də öz qanuni haqqını əldə edə bilmədiyini deyir. Bu səbəbdən, o, “Hürriyyət”ə təkrar müraciət etməyə məcbur olub. Onun şikayətini olduğu kimi dərc edirik:

“Mən, Məmmədov Əfqan Əlisəməd oğlu, yazaraq bir daha sizdən xahiş edirəm ki, oğlum Məmmədov Rauf Əfqan oğlunun problemini işıqlandırasınız.

Təəssüflə qeyd etməyə məcburam ki, uşaqların anası, yəni keçmiş gəlinim hazırda öz iş yoldaşı Nəcəfov Nəcəf Ramiz oğlu ilə yaşayır, yəni yüngül həyat tərzi sürür. Qardaşı isə narkomandır.

İşə Şamaxı Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baxıldı. Məhkəmədə qadının “Hepatit B” xəstəsi olduğunu, yüngül həyat tərzi keçirdiyini bildirdik. Məlumat verdik ki, onun anası da eyni həyatı yaşayır və polis əməkdaşı olan Mahir adlı şəxslə “oturub-durur”. Bütün bunlara baxmayaraq, hakim qərar qəbul etdi ki, uşaq anada qalmalıdır. Qəyyumluq şöbəsi və yaxud da psixoloqlar uşaqlarla danışmadan, qanunsuz qərar qəbul olundu”.

Əfqan Məmmədov deyir ki, bu qərar onu qane etmədiyinə görə Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə müraciət edib: “Hakimə bildirdim ki, uşaqlar psixoloqlar tərəfindən dindirilməyib, ekspertin yoxlanışından keçməyiblər. Hakim Şəmsəddin Abbasov bildirdi ki, mən işi qəyyumluğa çıxarıram, ekspertin rəyindən sonra biz işə baxarıq. Beləliklə, uşaqlar anasının və ana nənəsinin yanında danışdırıldı. Onlar analarını qəbul etmədilər, onunla getmədilər. Bundan sonra biz uşaqları götürüb evimizə gətirdik.

Bir neçə gün sonra Sumqayıt Şəhər Apellyasiya Məhkəməsindən bildiriş gəldi ki, ayın 27-də məhkəmə prosesi keçiriləcək. Məhkəməyə qədər olan vaxt ərzində qızın anası Şamaxı rayonunun İcra Hakimiyyətində yeni işə təyin olunan Mehriban adlı qadının yanına gedərək yalvarır, ağlayır və ekspertizanın yenidən keçirilməsini xahiş edir. Həmin Mehriban adlı qadın hakimin nömrəsinə zəng vurub icra başçısının adından istifadə edir və daha sonra deyir ki, guya, bu ekspertiza ananın xəbəri olmadan keçirilib, yenidən ekspert təyin olunmalıdır.

Ayın 25-də Şamaxı İcra Hakimiyyətindən bizə zəng gəldi ki, ekspertizada yanlışlıq olub, uşaqlarla yenidən söhbət aparılmalıdır. Mən onlara dedim ki, artıq gecdir, iki gün sonra məhkəmə olacaq. Məhkəmə zamanı hakim mənə dedi ki, bu nə məsələdir, qəyyumluğun cavabı niyə gecikir? Əlavə etdi ki, Mehriban adlı qadın ona zəng vuraraq, ekspertin səhv qərar verdiyini bildirib. Hakim mənə sual verdi ki, nəvələrini dindirmədilər? Mən də dedim ki, dindirdilər, uşaqlar anaları ilə getməkdən imtina etdi. Hətta onu da bildirdim ki, uşaqlar cavab verərkən biz onların yanında olmamışıq, uşağın yanında anası və nənəsi olub. Nəticədə, ekspertizanın rəyi olsa da, hakim uşaqları ananın qəyyumluğuna verdi.

Mənə orada belə bir məlumat çatdı ki, Prezident Aparatından Şamaxının kuratoru Ağəli müəllim Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə zəng vurub və uşaqların analarında qalması ilə bağlı tapşırıq verib”.

Ə.Məmmədov deyir ki, bütün müvafiq qurumlara müraciət etsə də, onun şikayətinə baxılmır: “Cənab Prezidentə, Mehriban xanıma, Fuad Ələsgərova, Ramiz Rzayeva məktublar ünvanlamışam. Amma heç birindən cavab gəlmədi. Məktubu Ədliyyə Nazirliyinə göndərirlər, oradan da cavab yoxdur. Mənim xahişim odur ki, uşaqlar danışdırılsın, onlar nə desə, o da olsun. Çünki qız nəvələrimin o ailədə qalması onların gələcəyi üçün təhlükəlidir…”.

Şikayətçinin sözlərinə görə, anası uşaqların atası ilə görüşünə də icazə vermir: “Bir neçə ay əvvəl uşaqların ataları ilə görüşünə icazə verilmədiyinə görə, onların anasına 500 AZN cərimə yazıldı. İşi Apellyasiya Məhkəməsinə verdilər. Orada bildiriblər ki, guya uşaqlar bizi istəmir”.

Əfqan Məmmədov deyir ki, təxminən iki ildir məhkəmə çəkişməsi davam etsə də, qanuni haqlarını əldə edə bilmirlər: “İki ildir iş gedir. Göyçay Rayon Məhkəməsinin qərarı icra olunmur. Bəzi qurumlar qarşı tərəflə əlbir olaraq, başımıza oyun açırlar. Konkret olaraq deyə bilərəm ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərov tərəfindən Nərimanov İcra Şöbəsinin rəisi Zaur Abdullayevə, onun müavini Cəmil Tağıyevə və işçisi Rafael Səfərova göstəriş verilib. Bu insanlar da imkan vermirlər ki, məhkəmənin qərarı icra olunsun.

Hələ də uşaqların ataları ilə görüşünə icazə vermirlər. Rafael Səfərova yaxınlaşıb sual verdim ki, müəllim, nəyə görə bizim iş bu qədər uzadılır? Mənə dedi ki, bizə Baş İdarədən göstəriş verilib, ona görə də biz işi icra edə bilmərik.

Ərizə yazıb işi ondan aldırdıq və başqa bir məmura verdilər. Həmin məmur da uşaqları çağırtdırıb danışdırdı. Daha sonra nazir Fikrət Məmmədov tərəfindən psixoloq göndərildi. Psixoloq da rəy verdi ki, uşaqlar anaları tərəfindən öyrədilir, bu səbəbdən də görüşdən imtina edirlər.

Qərara əsasən, uşaqlar şənbə və bazar günləri bizdə olmalıdırlar. Məhkəmə belə bir anaya uşaq verdi, biz də çarəsiz qalaraq həftəsonu görüşlərinə razı olduq. Bir-iki dəfə uşaqlarla görüşdük, sonra icazə vermədilər. Buna da adlarını çəkdiyim şəxslər mane olurlar.

Avqust ayının 3-də İlqar Cəfərovun qəbulunda oldum. Dedim ki, Zaur Abdullayevin, müavini Cəmil Tağıyevin, işçisi Rafael Səfərovun əlindən biz uşaqlarımızı görə bilmirik. Onlar deyirlər İlqar Cəfərov tapşırıq verib ki, ataya uşaq verməyin. Sual verdim ki, nəyə görə məhkəmə qərarına mane olursan? Onu da diqqətinə çatdırdım ki, ana uşaqları bizə vermədiyinə görə 500 manat cərimə olunub. Apellyasiya Məhkəməsi də bu cəriməni təsdiq etdi, qüvvədə saxladı.

İlqar Cəfərov bildirdi ki, bizim idarədə ilk dəfədir qadına cinayət işi açılır. Bu zaman mən ona dedim ki, qanun həm kişi, həm də qadın üçündür. Uzun sürən mübahisədən sonra İlqar Çəfərov boynuna alaraq dedi ki, “o işin arxasında mən durmuşam, mən imkan vermərəm ki, bu iş sizin xeyrinizə həll olunsun, get hara istəyirsən şikayət ver, nə qədər ki, mən varam, bu iş belə də qalacaq”.

Ə.Məmmədov bütün bu qanunsuzluqlarla bağlı Prezident Administrasiyasına və digər müvafiq qurumlara müraciət etdiyini deyir: “Bu barədə Prezidentə və bütün qurumlara müraciət etmişəm. Amma heç bir qurum cavab vermir. Operator deyir ki, şikayətiniz aidiyyəti üzrə müvafiq orqana göndərilib. Yəni bu işin arxasında duranlar imkan vermirlər ki, qanuni şəkildə icra olunsun. Mənə dünən isə bildirdilər ki, İlqar Cəfərov tərəfindən sizin uşaqlarla görüşünüz tamamilə bağlanılıb”.

Sonda Əfqan Məmmədov “Hürriyyət” qəzeti vasitəsilə bir daha ölkə rəhbərliyinə müraciət edərək, onları 2 azyaşlı qızın taleyinə biganə qalmamağa çağırır. O, yetkili qurumlardan ən azı nəvələrini görmək hüququnun təmin edilməsinə şərait yaratmalarını xahiş edir.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 //“Hürriyyət” qəzeti//
Ardını oxu...
“Sertifikatlaşdırma göstərdi ki, təhsil sistemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsi düşünülür:

"Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük".

Qeyd edək ki, bu günlərdə sertifikasiya imtahanından ikinci dəfə də keçə bilməyən 743 müəllimin fəaliyyətinə xitam verilib.

Bu gün cəmiyyəti düşündürən isə odur ki, təhsil sistemində orta məktəb proqramını kafi belə bilməyən müəllimlər çalışıbsa, həmin müəllimlər başa vurduqları təhsil müəssisəsindən necə məzun olublar?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, sertifikasiyadan keçməyən müəllimlərlə bağlı elm və təhsil naziri Emin Əmrullayevin söylədikləri həddindən artıq yumşaq fikirlərdir:

“Düşünürəm ki, sertifikasiya çox yumşaq şəkildə həyata keçirildi. Nazirin verdiyi o rəqəmlər reallığı tam əks etdirmir. Belə ki, 15 faiz yox, növbəti sertifikasiyaya qədər müəllimlərin ən azı 30-40 faizində dəyişiklik olmalıdır. Azərbaycan müəllimi başa düşməlidir ki, bura Dövlət Sosial Müdafiə Fondunun DOST Mərkəzi deyil. Müəllim bilməlidir ki, O, Azərbaycan vətəndaşını yetişdirən əsas şəxsdir. Birmənalı şəkildə sertifikasiya qaydaları sərtləşdirilməlidir. Ümumiyyətlə, pedoqogika, metodika ilə bağlı sualların sayı artırılmalıdır. Nəticə etibarilə 743 müəllimin işdən azad edilməsi reallığı tam əks etdirmir. Əslində daha çox müəllimin əmək müqaviləsinə xitam verilməli idi.

Xitam verilən şəxslər də bilməlidir ki, Azərbaycanda sertifikatlaşdırma ilə bağlı ilk məlumat 2018-ci ildə verilib, 2019-cu ildə “Təhsil haqqında” Qanunda bir daha bu məsələyə qayıdıldı. 2020-ci ilin aprel ayında sertifikasiya qaydaları təsdiq edildi. 2022-ci ildə, iki ildən sonra sertifikasiya keçirildi. Sonra da bir il əlavə vaxt verildi. Ümumilikdə 3 il ərzində bu insanlar repetitor-müəllim də tutublar. Bütün bunlarla yanaşı, sualların asan qoyulduğu bir vaxtda sertifikasiyadan keçə bilmirlərsə, onların müəllim sözünü dillərinə gətirməyə mənəvi haqqı yoxdur. Bəziləri bir çox hallarda narazı qalır ki, kompüterin sarı işığı yox, yaşıl işığı yandı və s. Düşünürəm ki, sertifikasiya qaydalarında dəyişiklik edilməlidir”.

Eskpert hesab edir ki, sertifikasiyadan keçməyən şəxslər cəmiyyətə vurduğu mənəvi zərərə görə illərlə aldığı əmək haqqını geri qaytarmalıdır:

“Bu gün sertifikasiya qaydaları tibb sahəsindəki sertifikasiya qaydalarına nisbətən qat-qat yumşaqdır. Bir il tibbdə əczaçılıq fəaliyyəti ilə məşğul olanlar sertifikasiyadan keçmədikdə onlarla bağlanan əmək müqaviləsinə dərhal xitam verilir. Ancaq müəllimlərə bir il əlavə vaxt verildi. Sertifikasiyadan sonra bir ildə əlavə vaxtdan istifadə edib suallara cavab verə bilməyən insan nəinki müəllim adını daşımağa mənəvi haqqı yoxdur, hətta deməsin ki, mən bu qədər müəllim işləmişəm. Sadəcə deməlidir ki, mən bu qədər müddətdə cəmiyyəti, dövləti aldatmışam və artıq əmək haqqı almışam. Əgər zərrə qədər vicdan borcu varsa, mənə verilən əmək haqqını büdcəyə qaytarmalıyam".

Ekspertin sözlərinə görə, sertifikasiyaya baxış tədricən dəyişməli, müddət isə növbəti sertifikasiyada 5 ildən 3 ilə endirilməlidir:

“Dünyanın təhsil standartında sertifikasiya hər il keçirilir. Biz də o sistemə getməliyik. Azərbaycanda müəlliminin peşəkarlığı bugünkü tələblərə cavab vermir. Bunun bir hissəsi kimi sistem olaraq indiyə qədər müəllim peşəkarlığını yoxlamamaşıq. Hazırda yoxlayırıq və o müəllimlərlə yolları ayırırıq. Həmçinin müəllimlərin özlərinin öz peşəkarlığı üzərində işləməsi üçün mexanizmlər olmalıdır.

Diferensiallaşdırılmış əmək haqqı sistemi təkcə sertifikasiyada bal toplayanların maaşının 10-35 faiz artması deyil. Eləcə də müəllimin pedaqoji fəaliyyətindən əldə etdiyi nailiyyətlər, məsələn, buraxılış imtahanının, olimpiadaların nəticələri, ETN layihələrində iştirakı, valideyn qiymətləndirməsi və s. nəzərə alınmalıdır. Artıq prosesə başlamışıq, sertifikasiya keçiririk, zamanla Azərbaycan müəlliminin peşəkarlığını da yoxlayan güclü bir mexanizm olacaq və təhsilimiz dünyanın aparıcı təhsil sisteminə keçə biləcək”.

Fəaliyyətinə xitam verilən müəllimlərin necə məzun olmasına gəldikdə isəekspert bildirdi ki, onlar necə diplom alıblarsa, elə də işə giriblər:

“Ona görə də millət vəkili Vüqar Bayramovun yaxşı təklifi var idi ki, sertifikasiyadan keçən müəllimlər oxuduğu təhsil müəssisələri üzrə qruplaşdırılsın. Təhsilimizdə dövlət sifarişi getdikcə artmaqdadır. Keçə bilməyən və aşağı bal toplayan ali təhsil müəssisələrinin pedoqoji sahədə kadr hazırlığı zamanla əlindən alınsın. Eyni zamanda, pedoqoji kadr hazırlığı ilə bağlı məhdudiyyətlər qoyulsun. Çünki onların hazırladığı kadrlar sertifikasiyada nəticə göstərə bilmirlər”.
Ardını oxu...
Sentyabr ayının birində Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Prezidentin sərəncamı ilə onun vəzifəsini müvəqqəti olaraq QSC-nin birinci vitse-prezidenti Samir Rzayev icra edir.

15 ildir AZAL-a rəhbərlik edən Cahangir Əsgərovun dövründə təyyarə biletlərinin qiymətinin baha olmasından həm əhali, həm Milli Məclisin üzvləri dəfələrlə narazılıqlarını bildiriblər. 2015-ci il iyulun 13-də dövlət başçısı İlham Əliyev AZAL-ın qiymət siyasətini tənqid edib və şirkəti sərnişindaşıma tariflərini azaltmağa çağırıb. Bundan sonra, tariflərdə müəyyən dəyişiklik edilməsini açıqlayan qurumun qiymət siyasətində heç bir dəyişiklik gözə çarpmayıb.

Bundan başqa, Hesablama Palatasının "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrində bir sıra nöqsanlara yol verildiyi öz əksini tapıb. Aviabiletlərin qiymətinin qonşu ölkələrlə müqayisədə baha olması, xüsusilə, pandemiyadan sonra daha çox müzakirə olundu. Hazırda Azərbaycanın quru sərhədləri qapalı olduğu üçün yeganə çıxış yolu hava nəqliyyatından istifadədir. AZAL-a alternativ şirkət olmadığı, qurum kiçikbüdcəli şirkətlərin Azərbaycana girişini bağladığı üçün vəətndaşların seçim imkanı yoxdur. Qurum pandemiyadan sonra çökmüş iqtisadiyyatı, insanların sosial durumunu nəzərə alacaq heç bir addım atmadı. Vətəndaşlar rəhbər dəyişikliyindən sonra qurumun qiymətlərdə dəyişiklik edəcəyinə ümid edirlər.

DİA.AZ hazırda AZAL-ın bir sərnişin üçün bir istiqamətdə və 23 kq baqaj da daxil olmaqla aviabiletlərin qiymətini təqdim edir:

Bakıdan Ankaraya getmək istəyənlər sentyabr ayında, əsasən, 526 AZN ödəməlidirlər. Sentyabrın son günləri isə qiymət 435 AZN təşkil edir.

Bakı – İstanbul reysində isə bütün sentyabr ayı və oktyabrın çox hissəsində 295 manata satılan biletlər oktyabrın son günləri və noyabrda 264 AZN-ə enir.

Bakı- Moskva reysində sentyabr, oktyabr ayı üçün bir sərnişin üçün biletin qiyməti 314 AZN-dir. Noyabr ayı üçün qiymətlər 305 AZN olacaq.

Bakı – Tbilisi aviabiletlərinin qiymətləri sentyabr ayında 180- 255 AZN təşkil edir.

Bakıdan Dubay şəhərinə getmək istəyənlər sentyabrda 232 və 323 AZN ödəməlidirlər. Maraqlıdır ki, bu şəhərə getmək üçün qiymətlər noyabr ayında 268 AZN-dək bahalaşır.

Avropaya səfər etmək daha bahalıdır. Ona görə də bəzi vətəndaşlar qonşu ölkələrə gedərək uçuş həyata keçirirlər. Nümunə üçün London şəhərinə gedənlər 1829- 1000 AZN ödəniş etməlidirlər. Bu qiymət yalnız sentyabr ayının son 5 günü 563 AZN-ə düşür ki, onun da 3 gününə bilet yoxdur.

Təqdim olunan qiymətləri ötən ilin eyni dövrü və ötən ayla müqayisə etdikdə qiymətlərdə azalmanın olmadığı müşahidə edilir. Xatırladaq ki, “Azərbaycan Hava Yolları”ndan savayı ölkədə “Buta Airways” fəaliyyət göstərirdi. Həmişə AZAL-ın təyyarə biletlərinin qiymətləri digər aviaşirkətin təqdim etdiyi qiymətdən baha olub. Oktyabr ayında isə hər iki qurum AZAL brendi adı altında birləşəcək.
 

Ardını oxu...
Qaynarxett.az-a Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 57-də yaşayan Şahin Məmmədov tərəfindən şikayət məktubu daxil olmuşdur. Vətəndaş Şahin Məmmədovun şikayəti Milli Məclisin deputatı Elman Nəsirovdandır.

Şikayətci bildirir ki, o, özünə maşın almaq istəyib. ona görə də internetdə axtarış aparıb. Nəhayət elanlarda Audi Q7 markalı maşın xoşuna gəlib: "Maşını mən deputat Nəsirov Elmandan almışam. Maşıni ustaya göstərməyə köməkçisi Vüqar və deputatın sürücüsü Elçinlə getdik. Maşına baxış keçirildikdən sonra usta sürücüdən motorun vəziyyətini soruşdu. Sürücü dedi ki, motor əla vəziyyətdədir, yağ yemir. Mən də ona və deputata inandım. Maşını bir-iki gün idarə etdikdən sonra məlum oldu ki, məni aldadıblar. Motor yağ yeyir, həm də bərk tüstüləyir. Başqa bir ustaya göstərdim, o mənə dedi ki, motor yağ yeyir, motor yığılmalıdır. Yəni bunun 2000 (iki min) xərci var. Mən maşını texsmotra saldırdım. Məlum oldu ki, maşının başqa hissələri də nasaz vəziyyətdədir, onu normal vəziyyətə gətirmək ücün 11 800 manat pul lazımdır."

Şikayətci qeyd edir ki, maşını deputat Elman Nəsirovdan alarkən onlara 700 (yeddi yüz) manat borcu qalıb: "Mən onlara dedim ki, siz maşının motorunu, başqa hissələrini düzəltdirin, mən də sizin qalan 700 (yeddi yüz) manatınızı ödəyim. Siz məni aldadıb, görün nə qədər ziyana salmısınız, sizdən şıkayət edəcəm. Sonradan dedilər ki, Elman müəllimə dedik, deyir ki, borc qalmış pulu qaytarsın, sonra hara istəyir desin, lap istəyir prezidentə şikayət etsin. Yoxsa onu polisə verəcəm."

Sonda şikayətci bildirir ki, bundan bir gün sonra onu polisə cagırıblar: "İnanmazdım ki, özünü millət vəkili adlandıran bir deputat belə hərəkət eləyər. Mənə təxminən 12 000 manat "atmagı" bəs deyil, dögurdan da məni polisə verib. Özü də aidiyyatı üzrə yox, başqa bir polis idarəsinə. Əgər deputat Elman Nəsirov bu cür haqsızlıq edirsə, o zaman başqalarına nə demək olar. Elman Nəsirov tutduğu vəzifəsindən və mövqeyində istifadə edir. Mən özüm Cəbrayıl qaçqınıyam. Deputat vətəndaşlara yardım etmək, hüququnu qorumaq əvəzinə onların pulunu mənimsəyir. Sonra da mənə köməkçi vasitəsi ilə hədə-qorxu gəlir. Mən bu barədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəm".

İstirahət günü oldugundan qarşı tərəfin mövqeyini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Tanınmış blogger Ramal İsayevin avtomobilinə ciddi şekildə ziyan vurulub, blogger "Azərbaycan Reallığı"na bildirir ki, yeni aldığı avtomobili Bakının Binəqədi rayonu, Atatürk prospekti 3078a ünvanda yerləşən "Avtomir N1" mağazasının qarşısında parkink etmək istəyərkən ona mağazanın rəhbərliyindən maşını burada saxlamaq olmaz, əks halda cavabı ağır olacağı bildirilib.

Blogger bildirir ki, sözü gedən ərazidə bina sakinlərin maşınlarını saxlamaq üçün nəzərdə tutulsa da aylardır ki, ərazi "Avtomir N1" mağazası tərəfindən kubik daşları ilə zəpt olunub, iş saatlarına yalnız mağaza işçiləri öz maşınların saxlayırlar, iş vaxtı bitəndən sonra isə ərazini daşlarla müasirəyə alırlar.
Ardını oxu...
Axşam saatlarında maşını ərazidə parkink etmək istəyərkən əvvəl maneəçilik törətdilər, dedilər, maşını burada saxlasan sənə yaxşı olmayacaq, üstündən bir neçə dəqiqə keçməmiş dediklərin etdilər, yeni aldığım avtomobilin üzərinə böyük kubik daşı ataraq demək olar maşna ciddi ziyan vurdular, dərhal hüquq-mühafizə orqanlarına muraciət etdim, şikayətim Binəqədi rayon 5- ci polis bölməsində araşdırılır, bunlar kimə güvənir, arxalarında kim dayanır?

Bakının mərkəzində belə qoçuluq edirlər, ümüdvaram bu mağaza və mağazanın sahibləri haqqında polislərmiz ciddi ölçü götürəcək və araşdırmadan sonra mənə dəymiş ziyan ödəniləcək deyə sonda tanınmış blogger bildirib.

 
 
 
Ardını oxu...
Erməni futbolçularla birlikdə meydana daxil olarkən valideyninin göstərişi ilə erməni futbolçunun əlindən tutmaqdan imtina edən 3-4 yaşlı qız türk sosial şəbəkə istifadəçiləri tərəfindən milli qəhrəman elan edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bir çox türk istifadəçisi bunu ermənilər üzərində qələbə hesab edir, bəziləri isə 3 yaşlı qızın türklərin şərəfini qoruduğunu iddia edir.
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi gün ərzində bir xeyli dövlət başçısını telefonla narahat edib, Azərbaycandan şikayət edib.
Paşinyanın zəng etdiyi liderlər arasında qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili də olub. Paşinyan o biri liderlərə dediyini Qaribaşviliyə də təkrarlayıb: “Azərbaycan prezidenti ilə görüşməyə hazıram”.
İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyini bir ildən artıqdır vurğulayır. O bu məqsədlə bir neçə dəfə Bakıya və İrəvana səfərlər edib.
Prezident İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət baxarkən, Nikol Paşinyan İrakli Qaribaşviliyə konkret heç nə demirdi. Makrona yalvarmaqdansa, Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanda görüşmək məqbul olmazmı?
Böyük ehtimalla İrakli Qaribaşvili İlham Əliyevə də zəng edərək üçlü görüş üçün Tiflisi təklif edə bilər.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan erməni terrorçu Vaqif Xaçaturyanla Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimovun üzləşdiyi haqda məlumat vermişdik. Dindirilmə zamanı Xaçaturyan bir neçə məqama toxunub. O, Meşəli sakini olan 3 azərbaycanlının ermənilərə məlumat ötürdüyünü deyib.

Məsələ ilə bağlı Globalinfo.az Azay Kərimovla əlaqə saxlayıb.

Azay Kərimov bildirib ki, Xaçaturyan fotoda gördüyü şəxslərdən üçünün adını açıqlayaraq, doğrudan da onların ermənilərlə əlbir olduğunu deyib:

“Xaçaturyan həmin 3 nəfər Meşəli sakininin fotosunu müstəntiqə göstərdi və onların zamanında ermənilərə işlədiyini, kənd camaatını düşmənə satdıqlarını dedi.

Mənim anadan olduğum Malıbəyli kəndi Xankəndiyə çox yaxın idi. Düzü o vaxt ermənilərlə münasibətlər yaxşı idi, onlar gəlib Azərbaycanın Qarabağ ərazisində yaşayırdılar, işləyirdilər, bir-birimizin xeyir-şər işlərində iştirak edirdik. Heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa ermənilər bizim torpağımızı işğal edər. Biz bir də ayıldıq ki, sən demə, ermənilərin fikri başqa imiş”.

A.Kərimovun sözlərinə görə, münaqişələri qızışdıran Köçəryan, Sərkisyan və Dadamyan olub:

“Köçəryanın Ermənistandan gələn muzdlulardan ibarət komandası var idi. Onların vəzifəsi ermənilər yaşayan kəndləri gəzmək, silah götürüb azərbaycanlıya qarşı vuruşmaq istəməyənləri, mintinqə çıxmaq, azərbaycanlılara işgəncə verməkdən imtina edənləri cəzalandırmaq idi. Kim döyüşdən imtina edirdisə, həmin adamın kənddə digərlərinin gözü önündə qızına, gəlininə, arvadlarına zor tətbiq edirdilər, ya da döyüşməkdən imtina edəni öldürürdülər.

Kənd camaatı bizə qarşı çıxmaq istəmirdi, amma o rəzaləti, işgəncəni görüb, qorxurdular”.

Zaira Akifqızı

Globalinfo.az
Ardını oxu...
Cümə axşamı Avropanın hər yerindən xilasedicilər Türkiyədəki mağaranın təxminən 1000 metr dərinliyində mədə qanaması keçirərək, sıxışıb qalan amerikalı tədqiqatçını xilas etmək üçün əməliyyata başlayıb.

Avropa Mağara Xilasediciləri Assosiasiyası bildirib ki, 40 yaşlı təcrübəli mağaraçı Mark Dikki Türkiyənin cənubundakı Buğa dağındakı Morca mağarasında üç amerikalı da olmaqla, bir neçə nəfərlə birlikdə keçirdikləri ekspedisiya zamanı qəflətən xəstələnib.

Xilasedicilər, eləcə də macarıstanlı həkim Dikkiyə çatıb ona yardım etsələr də, xərəyin keçə bilməyəcəyi çox dar yerlər olduğu üçün onu mağaradan çıxarmaq günlər, bəlkə də həftələr çəkə bilər.

Türkiyənin Kommunikasiyalar İdarəsi tərəfindən cümə axşamı təqdim edilən video-mesajda mağarada olan Dikki mağaradakılara və Türkiyə hökumətinə göstərdikləri səylərə görə təşəkkür edib.
Ardını oxu...
"Mağaraçılıq dünyası həqiqətən çox sıx bağlı bir qrupdur və nə qədər insanın münasibət görməsi heyrətamizdir. Mənim fikrimcə, Türkiyə hökumətinin mənə lazım olan tibbi yardımı göstərmək üçün təcili reaksiyası həyatımı xilas etdi. Mən ölümə çox yaxın idim" - deyə, Dikki bildirib.

Videoda ayaq üstə və hərəkət etdiyi görünən Dikki diqqətli olduğunu və danışa bildiyini desə də, "daxildən sağalmadığını" və mağaradan çıxmaq üçün yardıma ehtiyacı olduğunu bildirib. Onun mağaranı xərəklə və ya öz ayaqları ilə tərk edib-etməyəcəyinə həkimlər qərar verəcək.


Nyu Cersidə yerləşən Mağara Xilasetmə Qrupunun bildirdiyinə görə, Dikkinin mədəsindəki qanaxma, qusma dayandırılıb və günlər ərzində ilk dəfə yemək yeyib. Onun tibbi probleminin nədən qaynaqlandığı bəlli deyil.

Nyu Cersi İlkin Müdaxilə Qrupu bildirib ki, xilasetmə işləri çox sayda komanda və daimi tibbi yardım tələb edəcək. Qrup deyib ki, mağara olduqca soyuqdur - Selsi ilə təxminən 4-6 dərəcə.

Mütəxəssislər deyirlər ki, Dikkini uğurla xilas etmək çətin olacaq.

Türkiyə Speleologiya Federasiyasından Yusuf Öğrenecek bildirib ki, mağara xilasetmə əməliyyatında ən çətin işlərdən biri xərəyin aşağı dərinliklərdən keçməsi üçün dar keçidlərin genişləndirilməsidir.

Ögreneceyin dediyinə görə, xərə xətləri çox əmək tələb edir və təcrübəli mağara xilasediciləri uzun saatlar işləməli olacaq. O, aşağı temperaturda palçıq və suda naviqasiyadan tutmuş, mağarada uzun müddət qalmağın psixoloji təsirlərinə qədər, digər çətin amillərin də olduğunu əlavə edib.

Macarıstanın Mağara Xilasetmə Xidmətindən Marton Kovaç Dikinin təhlükəsiz çıxarılması üçün mağaranın hazırlandığını bildirib. O, keçidlərin genişləndirildiyini, qayaların uçması təhlükəsinin aradan qaldırıldığını deyib.
amerikanınsesi
Ardını oxu...
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı
İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 07 sentyabr 2023-cü il tarixdə saat 21.25 radələrində, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir.
Teref.az
 

Dünyapress TV

Xəbər lenti