“Akkuyu” Atom Elektrik Stansiyası (AES) layihəsi Qərbin sanksiyalarının mənfi təsirinə baxmayaraq həyata keçiriləcək”.
Bu barədə “Posta” qəzetinə müsahibəsində Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov deyib.
“Qərbin birtərəfli qeyri-qanuni sanksiyaları, təəssüf ki, ölkənizin (Türkiyə - Qeyd) enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm elementə çevrilmək üçün nəzərdə tutulan layihənin sürətinə və müddətinə mənfi təsir göstərir. Amma nə olursa olsun, sizi əmin etmək istəyirəm ki, layihə həyata keçiriləcək və Türkiyə uzun illər davamlı ekoloji cəhətdən təmiz elektrik enerjisi mənbəyinə çıxış əldə edəcək”, - deyə səfir bildirib.
Xatırladaq ki, sentyabrın 11-də Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Akkuyu” AES-in avadanlıq təchizatında yaranan problemlərə görə Ankaranın Almaniyanın “Siemens” şirkətinə qarşı tədbir görəcəyini bildirmişdi.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk AES-dir. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.