ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Amerikanı xilas etmək” adlı yeni kitab yazıb. Orada o, Meta şirkətinin rəhbəri Mark Zükerberq haqqında da yazıb. Tramp onu 2020-ci il seçkilərində saxtakarlığa cəhddə günahlandırır. Prezidentliyə namizəd biznesmeni həbslə hədələyir. “Politico” xəbər verir ki, kitab sentyabrın 3-də çıxacaq. Nəşr kitabın bəzi hissələini dərc edib. Orada Donald Tramp yazır ki, prezidentlik müddətinin sonunda Mark Zükerberq həyat yoldaşı Prissilla Çanla birlikdə Ağ Evə gəlib. Eks-prezidentin sözlərinə görə, sahibkar “bacardığı qədər özünü yaxşı” göstərməyə çalışıb. Siyasətçinin sözlərinə görə, Zükerberq artıq o zaman “prezidentə qarşı sui-qəsd” hazırlayırdı. Sui-qəsd dedikdə, o, iş adamı və həyat yoldaşının 2020-ci ildə federal və yerli hökumətlərə seçkilərin keçirilməsi üçün 420 milyon dollar ianəni nəzərdə tutur. Həmin pullar səslərin hesablanması və poçtla səsvermənin təşkili üçün yeni avadanlıqların alınmasına xərclənib. Respublikaçılar ianəyə qarşı çıxıblar. Onlar hesab edirdilər ki, sahibkar bununla seçkilərin gedişinə təsir etmək və Co Baydenin qələbəsini təmin etmək istəyib. Onlar bu pulu “Zükerbaks” adlandırıblar. “Biz onu (Mark Zükerberq – red.) yaxından izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edənlər kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, – Donald Tramp yeni kitabında yazır. O, 2020-ci il seçkilərindəki məğlubiyyətini heç vaxt açıq şəkildə etiraf etməyib. Xatırladaq ki, Donald Tramp respublikaçıların prezidentliyə namizəd kimi qeydiyyata alınıb. Hazırkı vitse-prezident Kamala Harris Demokratlar Partiyasından namizədliyini irəli sürüb. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.