Rusiya İstintaq Komitəsi bu ilin fevralında vəfat edən müxalif siyasətçi Aleksey Navalnının ölüm səbəbini dəqiqləşdirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.
Qeyd olunub ki, Komitə tərəfindən siyasətçinin xanımı Yuliya Navalnayaya ərinin ölümü ilə bağlı sənəd göndərilib. Orada bildirilir ki, məhkəmə-tibbi ekspertiza komissiyasının rəyinə əsasən, Navalnının ölümünə bir neçə xəstəlik – damar və orqanların zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödeminin artması ilə dərinləşən diffuz miokardioskleroz, ürəyin mədəcik fibrilasiyası və ağciyər ödemi səbəb olub. Bundan başqa, sənəddə trombun ayrılması ilə bağlı versiya təkzib edilib.
Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.
Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.