Çətin qonşu ilə gərgin qonşuluq: -
Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. İran mətbuatının məlumatına görə, bunu qonşu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu deyib.

Eyni zamanda, onun sözlərinə görə, İranın Azərbaycandakı səfirinin təyin olunması məsələsi yeni Prezidentin seçilməsi ilə əlaqədar bu ölkənin hökuməti formalaşdıqdan sonra həll olunacaq.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Nəticədə diplomatik nümayəndəliyin bir mühafizəçisi həlak olub, daha ikisi yaralanıb. Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

Medianın İran hakimiyyətinə istinadən verdiyi məlumata görə, fevralın 5-də Azərbaycan səfirliyinə hücumu həyata keçirən şəxs edam cəzasına məhkum edilib. Hökmün icra edilib-edilmədiyi məlum deyil. Baş verənlərlə bağlı aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat verilmir.

Terror aktının arxasında kim dayanırdı? Bu, Tehranın mərkəzində, polisin gözü qarşısında necə mümkün oldu? İran rəsmiləri bu suallara cavab verməyiblər.

Bütün bunlar şübhələrə səbəb olur. Bu şübhələrə aydınlıq gətirilmədən İranakı səfirliyimizin fəaliyyətini bərpa etmək nə dərəcədə vaxtındadır? Diplomatik baxımdan bu addım düzgündürmü? Beynəlxalq təcrübədə belə bir presedent varmı?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı:

“Bəli, məsələ tam araşdırılmalı idi. Biz hətta vaxtilə təklif etmişdik ki, Azərbaycan tərəfi istintaqın gedişindən xəbərdar olmalıdır. Ola bilsin ki, belə bir şey olub, bəlkə də, Bakıya məlumat verilib, amma ictimaiyyət hələ də bu barədə heç nə bilmir. Ona görə də hər hansı bir vətəndaş, hər hansı ekspert üçün bu vəziyyəti mühakimə etmək çətindir - məhz informasiya çatışmazlığı səbəbindən. Çünki hakimiyyət bu tip məlumatları ictimaiyyətlə paylaşmır. Bu, bir tərəfdən.

Digər tərəfdən, mən güman edirəm ki, o hadisənin arxasında İranın kəşfiyyat xidmətləri dayanıb və çox güman ki, Azərbaycan tərəfinin də bundan xəbəri var. Amma aydındır ki, diplomatik danışıqlar zamanı İran tərəfi, çox güman, belə bir şeyin olmadığını iddia edib, hadisəni balanssız, xəstə bir insanın hərəkəti kimi qələmə verib. Amma mən hesab edirəm ki, bu terror aktının arxasında İran hakimiyyəti dayanırdı, çünki o vaxt Bakı ilə Tehran arasında münasibətlər gərgin idi.

Bu gün vəziyyət çox dəyişib. O yerə çatıb ki, bu yaxınlarda İran ilə Azərbaycan arasında “hər iki dövlətin ərazisindəki strateji obyektlərin mühafizəsi”nə həsr olunmuş birgə hərbi təlimlər barədə xəbər tutduq. Bu, nə deməkdir? İki ölkə artıq strateji tərəfdaşlığa dair bir növ məsləhətləşmələrə başlayıb? Əlbəttə ki, indi bunu mühakimə etmək çətindir, amma ən azı bu manevrlərin adı özü haqqında hər şeyi deyir. Əgər “strateji” kimi bir söz işlədilirsə, bu, artıq tərəflərin bir-birinə güvəndiyini göstərir.

Hazırda regionumuzda və dünyada baş verənlər kontekstində Azərbaycan elitasının və ya Azərbaycanın hakim strukturlarının maraqları ilə İran rejiminin maraqları üst-üstə düşür. Buna görə də qarşılıqlı əlaqə üçün ümumi mövzular tapırlar. Və bu mənada Tehrandakı səfirliyin işinin bərpası Azərbaycan və İran hakimiyyət orqanları arasında münasibətlərin dəyişməsinin ümumi məntiqinə uyğun gəlir.

Bu, doğru bir addımdırmı? Bir tərəfdən, mənim üçün, yox. Amma digər tərəfdən, təbii ki, İran bizim qonşumuzdur və təbii ki, diplomatik münasibətlər olmalıdır. Və aydındır ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəliyi istənilən halda işləməlidir. Amma təbii ki, İran artıq ötənilki terror aktına bənzər bir şeyin təkrar olunmayacağına dair zəmanət verməlidir. Əgər belə təminatlar verilibsə, yenə də təəssüf ki, ictimaiyyətin bundan xəbəri yoxdur. Və ümumiyyətlə, İranın zəmanətlərinin olması başqa müzakirə mövzusudur”.

Politoloq Rasim Musabəyov:

“Bəli, doğrudan da, terror aktının bilavasitə icraçısı həbs olundu, məhkəməsi oldu, ona ölüm hökmü çıxarıldı. Adətən belə bir hökm dərhal icra olunmur. ABŞ-da bəzən 20 il vaxt keçir, çoxsaylı müraciətlərdən və tibbi müayinələrdən sonra hökm icra olunur. Düşünürəm ki, bizim üçün vacib olan odur ki, səfirliyə hücum edən şəxslə bağlı aparılan bu istintaq, ümumiyyətlə, hökm baxımından adekvat qiymət alsın.

Terror aktı zamanı hüquq-mühafizə orqanlarının davranışına gəlincə, xatırlatmaq istərdim ki, Tehranın polis rəisi ertəsi gün tutduğu vəzifədən uzaqlaşdırılıb. Ümumiyyətlə, sanki oxlar ona tuşlanıb ki, o, təhlükəsizliyi təmin etməyib.

Yaxşı, indi səfirliyimizin işinin bərpası ilə bağlı deyilənlər, mən inanıram ki, qapalı diplomatik kanallar vasitəsilə də məlumat mübadiləsi aparılır. Üstəlik, bildiyimə görə, Azərbaycan səfirliyinə daha təhlükəsiz yerlər ayrılıb. Görünür, Azərbaycanı bu təklif qane edib.

Zaman gösətərəcək ki, İran tərəfi ötən ilki terror aktının təşkilatçılarına və təhrikçilərinə qarşı necə hərəkət edəcək. Hesab edirəm ki, bu şəxslərlə bağlı Azərbaycanın da müəyyən məlumatları var və İran tərəfinə təqdim edib ki, onlar haqqında müəyyən açıqlamalar verə bilsin.

Səfirliyimizin fəaliyyətinin bərpasına gəlincə, əlbəttə ki, İran qonşu, onunla çoxlu layihələrimiz var və diplomatik xidmətlərimiz bu və ya digər şəkildə onların üzərində işləməlidir. Ona görə də hesab edirəm ki, bu, İranın özündə baş verən dəyişiklikləri nəzərə alaraq, düzgün qərardır, yəqin ki, balanslaşdırılmışdır.

Çox güman ki, missiyanın fəaliyyətinin bərpası elan olunmuş vaxt çərçivəsində baş verəcək, xüsusən də Azərbaycan rəhbəri İranın yeni seçilmiş prezidentini Bakıya dəvət edib və iranlı həmkarından cavab dəvəti alıb. Aydındır ki, bu cür səfərlər səfirliklərin işinin tamamlanmasını nəzərdə tutur. İran da Bakıya öz səfirini təyin etməli olacaq”.
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
26 Noyabr 2024 Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
26 Noyabr 2024 Paşinyan Aşqabada getməkdən imtina etdi
25 Noyabr 2024 Bukingem sarayı 3 il müddətinə bağlanacaq
25 Noyabr 2024 O ölkə 3-cü Dünya Müharibəsinə hazırlaşır: Peyk görüntüləri gizli gəmini üzə çıxardı!
25 Noyabr 2024 Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - VİDEO
25 Noyabr 2024 Bu dövlətdə dəhşətli yanğın - Mindən çox ev külə döndü+Video
25 Noyabr 2024 Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - FOTO, VİDEO
24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü

Dünyapress TV

Xəbər lenti