DİA.AZ: "ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür". DİA.AZ bildirir ki, bunu son günlər okeanın o tayından Güney Qafqazda baş verənlərə sərgilənən ədalətsiz mükalimələrə verdiyi redaksiyasında deputat Etibar Əliyev bildirib.
"Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı" deyə deputat əlavə edib.
Daha sonra "Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq Ukraynanı qurban verib" kimi ittihamı səsləndirən E. Əliyev fikrini belə əsaslandırıb: "On minlərlə ukraynalının ölümü, şəhər və kəndlərin yer üzündən silinməsi, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ indi Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki 30 il Azərbaycanı da torpaqlarının işğalı ilə barışmağa sövq etməyə çalışırdı. Bu ölkə torpaqlarımızın işğaldan azad olunmasına yönəli BMT-nin 4 Qətnaməsinin icra olunmamasına göz yumdu. Bu ölkənin baş ideoloqu Henri Kissincer Rusiya -Ukrayna müharibəsindən xeyli əvvəl 2018-ci ildə yazırdı: " Artıq Krımın işğalından bir ay ötür. Biz Ukraynaya kömək etməyə borcluyuq. İlk növbədə Prezident izah etməlidir ki, banditlərin başqa ölkənin ərazilərini zəbt etməsi prosesində biz nə üçün belə vəziyyətlə barışmalıyıq! Biz, bütün qüvvələrimizi səfərbər edib, Rusiyanı danışıqlar masasında oturtmalıyıq, həmçinin ruslar Ukraynaya hücum edərsə Ukrayna xalqını var gücümüzlə müdafiə etməliyik. Ukrayna xalqının Qərbin onlara açıq şəkildə dəstək verməsinə inamları yaransa, silahların verilməsi təmin edilsə, onlar sona qədər döyüşərək şəhərlərini qoruyacaqlar. Ukraynalıların rusların yeritdikləri minlərlə tankları açıq məkanda vurmaq imkanları yoxdur. Onlar rusları şəhər şəraitində uzunmüddətli qarşıdurmada dəf edə biləcəklər. Belə olan halda Rusiya ağır iqtisadi çöküşə düçar olacaq və siyasi mənada müharibə tamamilə faydasız olacaq. Şəhərləri qorumaq üçün tank əleyhinə qurğular və portativ raketlər olmalıdır. Rusların qorxacağı bircə şey var: Ukrayna Avropa İttifaqının üzvü ola bilər." ABŞ Türkiyəni “ikinci Suriya”ya çevirməyə cəhd edib və 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatının əli ilə çevrilişə cəhd göstərib. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bilib. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır. Şərq məsələləri üzrə ekspert Qrem Füller bu yaxınlardakı müsahibəsində deyir: "İŞİD Amerikanın yürütdüyü siyasətin sahəsində yarandı. ABŞ bu bu təşkilatın yaranmasının əsas təşkilatçıdır. ABŞ belə bir təşkilatın yaradılmasını planlaşdırmamışdı. Lakin yaxın Şərqə və İraka etdiyi destruktiv müdaxilə bu terrorçu təşkilatın yaranmasına səbəb oldu." Bu fikirlər Mərkəzi Kəşfiyyat İdarəsinin aparıcı üzvlərindən birinin fikridir. Amerika Birləşmiş Ştatlarının apardığı riyakar siyasətə qarşı bir çox intellektuallar da etiraz edirlər. Məsələn, görkəmli linqivist və filosof Noam Xomski vətəndaşı olduğu ölkənin işğalçılıq və digər ölkələrin daxili işlərinə qarışmaq siyasətini mütəmadi olaraq kəskin şəkildə pisləyir. Bir misalı da xüsusilə qeyd etmək istəyirəm. Amerikanın ictimai rəyini öyrənən məşhur Gallup Agentliyinin apardığı sorğuya görə ABŞ dünyada Sülhün bərqarar olunmasına təhlükə törədən əsas ölkədir. Son zamanlar bu ölkənin rəhbərləri Nobel Sülh mükafatı almaq eşqinə düşüblər. Hansı sülhə görə? Barak Obamaya verilən bu mükafat Mixail Qorbaçova verilən mükafatla eyni məzmun daşıyır. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Bunların heç biri bizim vətənimiz üçün keçərli deyil. Biz dəyərlərimizə və kollektiv simvollarımıza əbədi olaraq identiklik nümayiş etdirən xalqıq. Biz qalib xalqıq. Və heç bir kənar qüvvə bizi sarsılda bilməz".