Ermənistan Vaşinqtonun regionda sülhün təmin olunmasına yönələn təşəbbüslərini yüksək qiymətləndirir.
Cebhe.info xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a rəsmi səfəri zamanı mətbuata açıqlamasında bildirib.
Ermənistanın dövlət rəsmisinin sözlərinə görə, Vaşinqton hər vəchlə Bakı ilə İrəvan arasında sülh prosesinin intensivləşməsinə çalışır:
“ABŞ-ın regionda iştirakı isə sabitliyin təmin olunmasına kömək edir və biz ABŞ-ın danışıqlarda iştirakını vacib hesab edirik, çünki Vaşinqton çox böyük işlər görür, danışıqların irəliləməsi üçün səylər göstərir”.
Rusiyanın bu prosesdə vasitəçilik roluna toxunan Armen Qriqoryan vurğulayıb ki, Qarabağda rus sülhməramlıların fəaliyyəti qənaətbəxş deyil:
“Qarabağda rus sülhməramlılarından gözləntilər özünü doğrultmur”.
Qriqoryan öz çıxışında səsləndirdiyi fikirlər bəzi önəmli məqamlardan xəbər verir. Görəsən, Ermənistan, həqiqətən öz müttəfiqi Rusiyaya artıq etibar etmir? Ermənistan hakimiyyəti nəyə görə məhz Vaşinqtonun sülh danışıqlarında vasitəçiliyinə üstünlük verir?
DİA.AZ bildirir ki, məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistanın Rusiyadan qopub ABŞ-a yaxınlaşması üçün öz xarici siyasət kursunu dəyişməlidir:
“Bəli, Ermənistanın son zamanlar ABŞ-a yaxınlaşması müəyyən mənada doğrudur. Ancaq demək olmaz ki, İrəvan artıq öz xarici siyasət kursunu dəyişib. Bildirim ki, 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan hakimiyyəti təzadlı bəyanatlar səsləndirməkdə davam edir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın gah Rusiya, gah da Qərb meyilli bəyanatlar səsləndirməsinə şahidi olmuşuq. Qeyd edim ki, Qriqoryan ABŞ-ın sülh danışıqlarında mühüm rolunu təqdirəlayiq hesab edirsə, Paşinyan hakimiyyətinin digər rəsmiləri isə Ermənistanın Rusiyaya daha da yaxınlaşmasının tərəfdarıdır. Yəni, bu gün Ermənistan hakimiyyəti seçim arasında qalıb”.
Politoqun sözlərinə görə, Ermənistan hələ də Rusiyanın təsiri altındadır:
“Hesab edirəm ki, Armen Qriqoryan Rusiyanın artıq nüfuzdan düşməsini, yaxud da Rusiyanın Ukrayna müharibəsi nəticəsində zəifləməsini əsas gətirərək bu cür bəyanatlar səsləndirir.
Ancaq başqa bir vacib məsələyədə diqqət yetirmək lazımdır. Görəsən, bu gün Ermənistanın daxili və xarici siyasətində aparılan işlər, görülən tədbirlər Qriqoryanın söylədiklərini sübut edirmi? Əlbəttə ki, yox. Bu gün Ermənistan öz xarici siyasətində, o cümlədən daxili məsələlərdə Rusiya ilə iqtisadi münasibətlərin gücləndirilməsinə daha üstünlük verir. Hazırda Ermənistanın ABŞ-a yaxınlaşması ilə bağlı ciddi bir işartı görünmür”.
Əlimusa İbrahimov qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırki addımları, xüsusilə sülh prosesindən yayınması ABŞ-ı ciddi şəkildə narahat edir:
“Bu gün Ermənistanın sülh prosesindən məqsədyönlü şəkildə yayınması, Azərbaycan ərazilərindən öz ordusunun qalıqlarını geri çəkməməsi, eləcə də Rusiya ilə müttəfiqlik münasibətlərini davam etdirməsi ABŞ-nın dövlət rəsmilərini ciddi narahat edir.
Buna görə də Vaşinqtonun Ermənistan üzərində təzyiqləri artıb. ABŞ həqiqətən Azərbaycan ilə Ermənistan arasında sülhün ədalətli şəkildə bərqərar olunmasının tərəfdarıdır. Ermənistanın atdığı addımlar nə ABŞ, nə də Avropa İttifaqı üçün qəbuledilməzdir”.
Onun sözlərinə görə, Armen Qriqoryanın ABŞ-ın sülh təşəbbüsü ilə bağlı müsbət çıxışının arxasında Ermənistanın məkrli niyyətləri dayanır:
Artıq Rusiya tərəfindən Ermənistana ciddi hərbi və maliyyə yardım göstərilmir. Qriqoryanın ABŞ-ın lehinə səsləndiyi fikirlər məhz bununla bağlıdır:
"Ancaq Armen Qriqoryanın son çıxışını Ermənistan öz xarici siyasət kursunu dəyişdirməyə doğru gedir kimi qələmə vermək düzgün deyil. Ermənistanın istər daxili, istərsə də beynəlxalq ictimaiyyəti aldatmaq üçün bu cür fikirlər səsləndirə bilər. Ermənistan öz xarici siyasət kursunu dəyişdirmək üçün boş-boş bəyanatlar yox, real addımlar atmalıdır”.