Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşündə mövqelərin fərqli olması göz önündədir. Burada xüsusi olaraq gələcək sərhədlərin yerləşməsi ilə bağlı ciddi fikir ayrılığı var. Çünki Ermənistan Azərbaycanla sərhədlərin 1975-ci il xəritələri əsasında dəqiqləşməsini təklif edir. Sözsüz ki, Azərbaycan bunu qəbul etmir.
DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə tanınması məsələsi həll edilməlidir:
“Bu məsələ tək bəyanatla bitməyəcək. Azərbaycanın israrı odur ki, sülh sənədində Ermənistanın öhdəlikləri öz yerini tapsın. Ermənistanın ərazimizdən öz qoşunlarını çıxarmaqla bağlı ilkin şərt təmin edilməlidir. Eyni zamanda ölkəmizin ərazi bütövlüyünə qarşı çıxan və Ermənistan büdcəsindən maliyyələşən şəxslər və qurumlar buranı tərk etməlidir”.
Sabiq nazir hesab edir ki, yanaşmalar fərqli olsa da ABŞ-ın israrlı davranışı fonunda Ermənistanın mövqeyində dəyişikliklərin olması gözlənilir:
“Bunu onlar qarşılıqlı inam adlandırır. Çünki qarşılıqlı şəkildə münasibətlərin sülhə doğru yönəldilməsi təklif edilir. ABŞ-ın təklif etdiyi prinsip də məhz bunu təşviq edir. Amerikanın dediyi odur ki, cəmiyyətləri sülhə hazırlamaq lazımdır”.
Tofiq Zülfüqarova görə, məhz bu istiqamətdə ABŞ Dövlət Departamentinin təkliflərinin olması mümkündür:
“İndiki mərhələdə tərəflər arasında hansısa bir sənədin olacağını gözləmək düzgün olmaz. Amma diskusiya nəticəsində mövqelərin ABŞ Dövlət Departamentinə bəlli olması vacibdir”.