Rusiyanın Rostov şəhər polisi “Qala” planı barədə elan verib. Şəxsi heyətə isə tam hazırlıq vəziyyətində olmaları tapşırılıb.
Bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya dərc olunub.
“Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, həmçinin Luqansk və Donetsk ilə sərhəddəki postların gücləndirilməsi barədə əmr verilib. Ancaq vəziyyət gərgin deyil. Sadəcə şəxsi heyət qaldırılıb və çağrılıb”, - deyə bildirilib.
“Baza”nın məlumatına görə, Rostov vilayətinin bir sıra polis idarələrində işçilərə xəbərdarlıq edilib və səbəbi barədə açıqlama verilməyib.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti də həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Bu barədə BBC-nin xüsusi xidmət orqanlarına yaxın mənbəsi məlumat verib.
Qeyd olunub ki, “Don” şossesində (Moskva-Voronej-Rostov-na-Donu yolu) FTX Milli Qvardiya qoşunlarının xüsusi çevik reaksiya bölmələrinin dəstəyi ilə yollarda blokpostlar qurub. Postlarda növbə çəkənlərə isə təhlükə olacağı təqdirdə atəş açmaq əmri verilib. Eyni zamanda texnika da hazırlıq rejimindədir, lakin bölmələr hələ ki texnikanın çıxarılması ilə bağlı əmr almayıblar. (oxu.az)