Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş rəisi, yeni xarici işlər naziri Hakan Fidan dünya mediasının gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, son olaraq Almaniyanın RND agentliyindən diqqətçəkən analiz gəlib.
Türkiyə siyasətində heç kimin Hakan Fidan qədər sirr bilmədiyini yazan agentlik Prezident Rəcəb Tayyib Ərdoğanla onun arasında sıx, güvənli əlaqənin olduğunu bildirib:
“MİT-ə 13 il rəhbərlik edən Fidan qədər sirləri olan şəxs yoxdur. Bu onu Türkiyənin ən güclü adamlarından biri edir. Türkiyədə hamı Fidanın adını bilir, amma cəmiyyət onun haqda çox az məlumatlıdır”.
Hakan Fidanın rəhbərliyi ilə MİT əməliyyatlarının genişləndirildiyini qeyd edən RND xaricdəki terrorçuların sürətlə ələ keçirildiyini vurğulayıb:
“Hökuməti tənqid edənlər MİT-dən qorxur. Fidanın rəhbərliyindəki xidmət xaricdə fəaliyyətini xeyli genişləndirib. Xüsusən də Şimali İraq, Suriya və Liviyada. Son illərdə MİT Ərdoğanın əzəli düşməni Fəthullah Gülənin tərəfdarlarını (terrorçuları) Türkiyəyə gətirib”.
Hakan Fidan üçün xarici siyasətin yeni sahə olmadığını bildirən alman agentliyi onun “kölgə xarici işlər naziri” kimi işlədiyini iddia edib:
“Fidan indi ilk dəfə nazirliyə rəhbərlik edir. Amma xarici siyasət onun üçün yeni sahə deyil. İllərlə arxa planda bir çox rollarda bütün əsas xarici siyasət qərarlarında iştirakçı olub. Ərdoğanın “kölgə xarici işlər naziri” kimi Türkiyənin İsrail və Misirlə yaxınlaşması üçün gizli danışıqlar hazırlayıb, Ukrayna münaqişəsində vasitəçilik etmək üçün Kiyev və Moskva ilə sıx əlaqə saxlayıb.
Fidanın beynəlxalq əlaqələri yaxşıdır. Vaşinqton və Moskvaya bir çox mühüm səfərlərdə Ərdoğan və keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunu müşayiət edib”.