Kamran Əsədov: “Bu ikili standart qaydası dəyişməli, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”
Hazırda Almaniyada təhsil almaq istəyən azərbaycanlılar üçün ciddi problemlərin olduğu deyilir. Musavat.com-a bu barədə bir qrup gəncin ünvanlandığı şikayət məktubunda bildirilir. Qeyd edilir ki, gürcü və ermənilərlə müqayisədə azərbaycanlıların təhsil üçün viza almasına məhdudiyyətlər var: “Almaniyada bütün sahələrdə “gizli formada aparılan” dini və mili ayri-seçkilik mövcuddur. Bu, xüsusilə təhsil sahəsində özünü daha qabariq göstərir. Almaniyada ingiliscə təhsil alıb iş tapmaq çox çətindir. Almanca təhsilin yoxdursa, iş tapmaq şansi demək olar yoxdur. Konkret azərbaycanlılara qarşı ayri-seçkiliyin detallarına gəldiksə isə onu deyə bilərik ki, Almaniyada ali təhsil almaq üçün mütləq xüsusi dil sertifikatları lazımdir (DSH, C1 və digərləri). Bu sertifikatların adları və imtahanları fərqli olsa da, hər biri ali təhsil almağa imkan verir.
İlk olaraq bu ölkədə təhsil almaq üçün Azərbaycanda və ya Almaniyada bu dil səviyyəsini əldə etmək lazımdır. Azərbaycanda bunun əldə edilməsi üçün isə kifayət qədər zaman və məhdudiyyət qoyulub. İmtahanlar əsasən almanların özləri tərəfindən götürülür. Bu imtahanın keçirildiyi yerlər də məhduddur, həmçinin, imtahanın verilməsi üçün növbəyə yazılmaq lazımdır. Bu isə xeyli vaxt aparır. Yeri gəlmişkən, Almaniyada təhsil almaq üçün səfirliyin rədd cavabları ilk öncə dil sertifikatlarına görə olur. Məsələn, bu tələblər həm almanca, həm də azərbaycanca var. Bu üç aydan çox Almaniyada dil öyrənmək üçün gedən şəxslərlə bağlı tələbdir. Bu tələblərin tərcüməsində ziddiyyət var. Almanca olan tələblərdə göstərilir ki, dil sertifikatınız varsa, təqdim olunması tələb olunur. Amma Azərbaycancasında isə bu günədək əldə etdiyiniz alman dili biliklərinə dair təsdiq sənədi, məsələn dil kursunda iştirak haqqında, dil sertifikatı (əsli + 2 ədəd surəti). Azərbaycanlılar üçün ən çox vizaya imtinaya səbəb bu göstərilir. Və Alman səfirliyi Azərbaycanda özlərinə yaxın olan dil kurslarının sertifikatlarını tanıyır. Ümumiyyətlə, üç aydan artıq dil kurslarında hansi dil mərkəzlərinin sertifikatlarının tələb olunması yazılmayib. Bu dil kurslarinda yerlər o qədər məhduddur ki, insanlara illərlə zaman lazımdir ki, növbələri çatsin. O kurslardan ən məşhuru “Göte” dil kursudur ki, axırıncı elan 2021-ci ildə olub. (http://www.goethe-zentrumbaku.az/az/med/lah)
Sonra sənədləri qəbul edən zaman səfirliyin azərbaycanlı əməkdaşları müraciət edənlərdən “ayaqüstü” dil imtahanı götürür. Halbuki bu tələb orada yoxdur”.
Müraciətdə o da qeyd edilir ki, qonşu ölkələrə qoyulan tələblər isə tamamilə fərqlidir: “Misal üçün, Gürcüstan üçün qoyulan tələblərə baxaq. (https://tiflis.diplo.de/blob/1681084/53063e931ec2ea02279b7ef4730e4ed6/d-merkblatt-nr–d3c-data.pdf ) Burada Almaniyada təhsil almaq istəyənlər azərbaycanılarla müqayisədə iki dəfə az depozit göstərilir. Daha doğrusu, gürcülər 9 ay üçün 7.677 avro depozit qoyurlar. Amma azərbaycanlılardan 1 il üçün 12.336 avro tələb olunur. Gürcülərdən tələb olunan dil sertifikatı isə belədir. Əgər siz artıq alman dili biliklərini əldə etmisinizsə, sübut (məsələn, dil sertifikatı) yazılır. Amma azərbaycanlılar üçün azərbaycanca qoyulan tələbdə “Əgər” sözü yoxdur. Ermənistan üçün dil sertifikatı tələb kimi qoyulmayıb. Biz niyə dil sertifikatlarını əsasən müqayisə edirik. Çünki imtinaların 99 faizi dil sertifikatı və qapıdan “ayaq üstü imtahanlar“ vasitəsi ilə olur. Çox ehtimal ki, bunlar Gürcüstanda və Ermənistanda yoxdur. Bundan başqa bir şəxs alman dilini Almaniyada ən aşağı səviyyədə öyrənmək üçün müraciət edirsə, (buna dair həmin kursdan arayiş təqdim edirsə) ondan niyə dil sertifikatı tələb olunmalıdır? Bundan başqa, qərarlardan şikayət üçün Berlin İnzibati məhkəməsinə müraciət edə bilərsən. Yəni adam ora getmək üçün və vəkilə söhbət etmək üçün vizası olmalıdır. Yəni burada da absurd bir mexanizm var.
Bu baxımdan qonşu ölkələrlə müqayisədə Almaniya Azərbaycana qarşı da tələblərini sadələşdirilmədir və ya tələblər yüngüləşdirilməldir. İlk dil bacarığını tələb edən Alman Konsulluğu şəxslər üçün çoxlu sayda dil kurslarının tanınması üçün təşəbbüs göstərməlidir, yəni həmin kurslar sertifikatlaşdırılmalıdır. Azərbaycanlıdan 12 min Avro depozit istəyirlər, amma ermənilərdən 7 min Avro, ruslardan da az məbləğ tələb edirlər, bu nə qədər doğrudur?!
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a dedi ki, Azərbaycandan kənarda kifayət qədər gənc təhsil alır, onların sayı 40 mindən çoxdur: “Amma son dövrlər azərbaycanlı gənclərin üz tutduğu universitetlərdə təhsil vizası ciddi problemə çevrilib. Daha çox azərbaycanlılar son dövrlərdə Polşa, Avstriya, Almaniya, İtaliya universitetlərinə müraciət zamanı onlardan tələb olunan viza şərtləri kifayət qədər ağırdır. Bəzi hallarda, xüsusən keçən illər İtaliya və Polşa universitetlərinə qəbul almış tələbələrimizin ciddi şəkildə bu istiqamətdə problemləri oldu. Təhsillərini davam etməklə bağlı müəyyən çətinliklər yaşadılar. Hətta onlardan imtina olunanlar da oldu. Hazırda tələb olunan sənədlərin çoxluğu, eləcə də sertifikatların bəziləri etibarlı hesab olunmur. Çox təəssüf ki, Azərbaycana qarşı münasibət də viza məsələlərində çətindir. Bir çox ölkələr, xüsusən Polşa, Avstriya, İtaliya universitet tərəfindən hazırlanmış sertifikatı təqdim edir ki, onlar viza almaq üçün müvafiq quruma təqdim etsinlər. Ən vacib məqamlardan biri öncədən tələbələr harada yaşayacaqlarsa, həmin yaşayacaqları yerdən sənəd almalıdırlar. Eyni zamanda, mütləq şəkildə viza üçün sənədləşmə prosesində, əsasən də bank məsələsində ciddi problemlər olur. Dil biliyini göstərən sertifikatlar var. Azərbaycanda ingiliscə oxuyublarsa, bunu sənədləşmədə təsdiq etməlidirlər. Amma həmin sertifikatların vahid bir formatı yoxdur. Bu sertifikatlar bir çox hallarda Avropada ya qəbul edilmir, ya da ekvivalent olaraq problem yaşayırlar. 18 yaşı tamam olmamış şəxslərdən viza ərizəsini təqdim edən zaman onların adına bank hesabı olmalıdır. Amma bizdə banklar yalnız 18 yaşdan yuxarı şəxslərə bank hesabı açırlar. Bu zaman tələbənin öz adına bank hesabı olmayanda maddi xərclərin qarşılanması ilə bağlı öhdəlik sənədləri olur. Bu da ciddi problemə çevrilir”.
Ekspert daha bir vacib məqama da toxunub:
“Artıq Avropa ölkələrində, xüsusilə Almaniyada, İtaliyada, Polşada azərbaycanlı tələbələrə təhsillə bağlı viza verilməsində problemlər daha çoxdur. Bu ona görədir ki, azərbaycanlılar daha çox orada oxuyub geri qayıtmırlar. Bu da onların planlaşdırmadığı insan çoxluğuna gətirib çıxarır. Ümumiyyətlə, bizim digər ölkələrlə, Ermənistan, Gürcüstanla müqayisədə bizə tələb olunan şərtlərin ağır olması Azərbaycandakı xaricdə təhsil şirkətləri ilə də bağlı olur. Çünki bir çox hallarda Azərbaycana xarici təhsil şirkətləri yanlış xidmətlər göstərirlər. Orada insanları aldadırlar, yaxud da yanlış vədlər verirlər. Məhz Avropanın bir sıra universitetlərində artıq azərbaycanlı gənclərin gəlməyini istəmirlər. Bu yaxşı hal deyil. Amma bütün hallarda təhsildə ikili standart olmamalıdır. Amma biz dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq istəyən azərbaycanlı gənclərin qarşısında maneələri görürük. Hesab edirəm ki, bu ikili standart qaydası dəyişməlidir, bütün ölkələr üçün eyni qaydalar tətbiq edilməlidir”.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu göndərdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ araşdırılacaq.