Xeyli vaxtdır ki, bütün dünyanın diqqəti gözlənilən Ukrayna əks-hücumuna yönəlib. Ukrayna Ordusunun işğal olunmuş əraziləri azad etmək niyyətilə başladacağı əks-hücumun tarixi və istiqamətilə bağlı indiyə qədər çoxsaylı proqnozlar verilsə də, döyüş meydanında hələlik böyük əməliyyatın əlamətləri bir o qədər sezilmir. Baxmayaraq ki, bir çox proqnozlara görə bu əməliyyat indiyə kimi artıq başlamalı idi...
Hərbi mütəxəssislərin əhəmiyyətli qismi hesab edir ki, zaman keçdikcə müdafiə mövqeyinə çəkilməyə məcbur olan Rusiya işğal olunmuş ərazilərdə daha dərin və dayanıqlı müdafiə istehkamları tikmək imkanı qazanır. Bu isə Ukrayna əks-hücumunun effektinə, sürətinə, canlı qüvvə və texnika itkisinə və nəhayət, ümumilikdə əməliyyatın uğuruna ciddi təsir edə bilər.
Digər yandan, tam hazır olmayan, lazımi səviyyədə texnika, hərbi silah-sursat və təlim keçmiş canlı qüvvə ilə təmin olunmayan ordunun tələm-tələsik hücum əməliyyatına başlaması da olduqca risklidir.
Məsələ ondadır ki, Qərb dövlətlərinin NATO Baş katibi Yens Stoltenberqin dili ilə Ukraynanın tələb etdiyi silah-sursatın 98 faiz təmin olunduğu barədə bəyanatına baxmayaraq, ordunun xüsusilə aviasiya sarıdan qıtlıq çəkdiyi və bunun hücumun effektinə mənfi təsir edəcəyinə dair iddialar var.
Doğrudur, Ukrayna Müdafiə naziri Aleksey Reznikov və bəzi digər hərbi rəhbərlər Ukraynanın hücum hazırlığının demək olar, başa çatdığına dair bəyanatlar verirlər. Bunu bir çox hərbi ekspertlər də təsdiqləyir.Lakin əməliyyatın yubadılması və bunun hava şəraiti ilə izah edilməsi hansısa problemlərin qaldığına dair şübhələr yaradır...
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı hərbi ekspertlərdən olan Yan Matveyev əks-hücumun başlama vaxtının uzadılmasının Ukraynanın xeyrinə olmadığını bildirib: “Hər dəqiqə qiymətlidir. Tərəflərin hər birinin əks-hücumla bağlı öz məntiqi var. Nəzəri cəhətdən, hücumu nə qədər yaxşı hazırlasan, o, bir o qədər uğurlu keçəcək. Ancaq qədim zamanlardan hərbi nəzəriyyə bizə öyrədir ki, müharibədə qiymətsiz olan yeganə resurs var. Bu, zamandır!
Torpaqları qaytarmaq, yeni əsgərləri yığmaq, hərbi texnikanı təmir etmək olar. Ancaq ordu zaman itirirsə, o, həmin zamanı düşmənə verir...”
Ekspertin fikrincə, Ukrayna vaxt itirir, Rusiya isə ötən vaxtdan öz hərbi potensialını, hərbi sənayesini gücləndirmək, bərpa etmək üçün istifadə edir: “Putin və onun hakimiyyəti Rusiyanı bütünlükdə hərbi relslərə keçirməyə, hərbi sənaye kompleksini miqyaslandırmağa çalışır. Bəli, biz hiss olunan nəticələr görmürük. Lakin bir il əvvəl tamamilə qeyri-effektiv olan hərbi zavodlar indi xeyli effektiv işləməyə başlayıblar. Vaxt keçdikcə, onlar istehsalı daha yaxşı təşkil edəcəklər, mümkündür ki, yeni zavodlar və sexlər tikəcəklər”.
Y.Matveyev qeyd edib ki, Ukrayna əks-hücumu gecikdikcə, Ukrayna Ordusunun əməliyyatı uğurla başa çatdırması üçün lazım olan zaman daralır: “Unutmayaq ki, Ukraynada quru vaxtlarda döyüşmək asandır. Ancaq keçən hər gün payızın ortalarına - hava korlanana kimi, yəni hücumun başlanğıc və bitmə anına qədər olan vaxtı daha da qısaldır. Deməli, bu vaxt ərzində nəzərəçarpan uğurlar qazanmaq da çətin olacaq və yenidən qışı gözləmək, çətin qış şəraitində döyüşmək məcburiyyətində qalacaqlar. Ukrayna üçün müharibənin hər növbəti ili ölkənin dağılması və Qərbin yardım imkanlarının tükənməsi riskidir. Rusiya isə diktatorun idarə etdiyi ölkədir. Rusiya hakimiyəti ölkənin resurslarından istədiyi kimi istifadə etməkdə azaddır və o, uzun müddətdə, bir neçə il ərzində öz hərbi sənayesinin miqyasını artıra bilər. Buna praktiki olaraq, heç nə mane olmur. Bu isə Ukrayna üçün risklidir. Ona görə də onlar bu il hücumu sürətləndirməlidirlər. Ondan ötrü ki, gələn il yavaş-yavaş 1991-ci il sərhədinə çıxmaq üçün növbəti hücumu planlaşdırsınlar”.
Əlbəttə, həm Ukrayna xalqı, həm də ölkə rəhbərliyi əks-hücumun tezliklə başlamasında və ümumiyyətlə, müharibənin tezliklə bitməsində və torpaqların azad edilməsində maraqlıdır. Lakin hücumun yubadılması bunun üçün hələ hər şeyin hazır olmadığı barədə qənaət yaradır. Ona görə də Ukraynanı tələsməməyə çağıran mütəxəssislər və siyasətçilər də az deyil. Məsələn, bu günlərdə Çexiya Prezidenti, özü də keçmiş hərbçi və general olan Pyotr Pavel Ukraynanın bu il yalnız bir hücum şansının olacağını bəyan edərək, ölkə rəhbərliyinə tam hazır olana qədər hücuma keçməyə tələsməməyi məsləhət bilib.