Xəbər verdiyimiz kimi, Türkiyədə milyonlarla istifadəçisi olan sosial media platforması "TikTok”da 1,2 milyard TL oğurladığı müəyyən edilən şübhəlilər üzərində əməliyyat keçirilib. 37 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda aralarında məşhur fenomenlərin də olduğu 120 nəfər saxlanılıb.
Bəs, Azərbaycanda necə "TikTok”da həbslər həyata keçirilə bilərmi?
TEREF.AZ bildirir ki, mövzu ilə bağlı “TikTok"da geniş auditoriyası olan tanınmış jurnalist Məhəmmədəli Qəribli AZXEBER.COM-un suallarını cavablandırıb.
O bildirib ki, son iki-üç gündür ki, Türkiyədə "TikTok” fenomenlərinin həbsi gündəmdədir:
"Bu ölkəni və hətta deyərdim ki, dünyanı silkələyən proses oldu. Biz 2021-ci ildə "TikTok” da belə bir mafiyanın olduğunu, Azərbaycan seqmentində də fəaliyyət göstərdiyini konkret faktlarla ifşa etmişik. Həmin vaxt bizə qarşı çıxıldı. Xeyriyyəçilik pərdəsi altında "TikTok” şəbəkəsində özlərinə kütləvi tərəfdarlar toplayanlar bizi linç etdilər.
Ancaq biz təbliğatımızla insanlara başa saldıq ki, bunlar dələduzluqla, kibercinayətkarlıqla məşğuldurlar.
Külli miqdarda hədiyyələrin tanınmış fenomenlərə atılıb, bölünməsi sonra həmin pulların "TikTok” dan dələduzluq yolu ilə geri qaytarılması prosesi həyata keçirilirdi. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm, rəsmi şikayətlərim olub.
Türkiyədə həbs edilən tanınmış "TikTok”fenomenlərinin Azərbaycandakı şəbəkə ilə əlaqələri var. Birgə saatlarla canlı yayımlarda olur, bir-birinə hədiyyə atırlar.
Düşünürəm ki, Azərbaycanda da belə həbslər keçirilməlidir. Çünki faktlar göstərir ki, həbsə səbəb olan əməlləri açıq reklam edirlər. Bildirirlər ki, biz jetonları geri qaytarırıq. Sanki bunun qanuni fəaliyyət olduğunu zənn edirlər.
Konkret brend adı ilə fəaliyyət göstərən mağazalar var ki, geri qaytarmalar edirlər. O cümlədən "TikTok” sosial şəbəkəsində "Talk show" adı ilə milyonlarla jeton yuyulur. Bu eyni zamanda Azərbaycanda pul kütləsinin vergi ödəmədən xaricə çıxarılması deməkdir. Mütləq əlaqədar qurumlar bununla məşğul olunmalıdır”.
Jurnalistin sözlərinə görə "TikTok”da söyüş söyənləri stimullaşdıran da həmin dələduz şəbəkələrdir:
"Çünki onların əli ilə bu işləri görmək asandır. Yüngül həyat tərzi yaşayan qadınlar "TikTok” da müəyyən tərbiyəsizliklər edərək, söyüşlə özlərinə auditoriya yıxıblar. Onların əli ilə pullar qazanılır.
Təbii ki, söyüş söyənlər təkcə, bu təbəqədən deyillər. Söyüş söyənlər özlərini sərbəst hiss edərək düşünürlər ki, Azərbaycan seqmentində onlara kimsə söz deyə bilməz. Azərbaycan dövlətinin hər bir insanın evin nəzarət tətbiq etmək imkanı yoxdur.
Maarifləndirmənin gücləndirilməsi, "TikTok” a ciddi kontentlərin axın etməsi məsələni həll edilə bilər. Hüquq-mühafizə oraqanlar da bu istiqamətdə həssaslığı əldən verməməlidirdilər.
Xüsusən də vətəndaşlara səslənirəm ki, təhqir, söyüş kimi hallarla qarşılaşarlarsa, həmin yayımı hüquq mühafizə orqanlarına yazıb təqdim etsinlər”.
Məhəmmədəli Qəribli Mətbuat Şurasında "Tiktok” da xəbər yayımı həyata keçirən jurnalistlərlə görüşdən də danışıb:
"Çox sağ olsunlar ki, belə bir format təşkil etdilər. Biz orada "TikTok” un problemlərindən, hansı tədbirlərin görülə biləcəyindən danışdıq. Fikrimcə, Mətbuat Şurasında "TikTok” un Azərbaycandakı rəhbərliyi səviyyəsində də görüşlər keçirilməlidir. Biz mövcud problemləri konspekt şəklində sadalamışıq, əlavələr də edə bilərik”.