Maskın paylaşımına görə əl-ayağa düşən “WhatsApp” “gizli dinləmə” problemini həll etdi - FOTO
“Android” əməliyyat sisteminə cavabdeh olan “Google” tərtibatçıları “WhatsApp”da istifadə edilmədikdə mikrofonun aktivliyini göstərən “baq”ı düzəldə biliblər. Bu xətaya görə istifadəçilər mesencer vasitəsilə izlənildiklərini düşünürdülər.

“Android” tərtibatçılarının sözlərinə görə, hazırda problem aradan qaldırılıb. Onlar, həmçinin, “WhatsApp” istifadəçilərini mesencer proqramını yeniləməyə çağırıblar.

“Məhdud sayda “WhatsApp” istifadəçisinə təsir edən “baq” “Android”in məxfilik panelində səhv indikator və bildirişlərlə nəticələnmişdi. İstifadəçilər artıq “WhatsApp” tətbiqini yeniləməklə bu problemi həll edə bilərlər ”, - deyə tərtibatçılar bildiriblər.

Xatırladaq ki, ilk dəfə bu xəta barədə “WhatsApp”ın ona casusluq etməsindən şikayətlənən “Twitter” istifadəçisinin mesajından məlum olub. Onun sözlərinə görə, mesencer mikrofonu istifadəçi yatarkən və istifadə etmədikdə aktivləşdirir. Həmin vaxt istifadəçinin sözləri “Twitter”in rəhbəri İlon Maskı maraqlandırıb və o, mesajı paylaşaraq (retvit edərək) bildirib ki, “WhatsApp”a etibar etmək olmaz.

“WhatsApp” tərtibatçıları da öz növbəsində problemin “Android”in daxilindəki xəta ilə bağlı olduğunu və əslində, heç kimin istifadəçilərə casusluq etmədiyini demişdilər. Onların sözlərinə görə, mikrofonun indikatoru onu aktiv kimi göstərsə də, həmin vaxt mesencerdə heç bir qeyd aparılmır.

Mənbə: Gazeta.ru

Dünyapress TV

Xəbər lenti