İsveçin Örebro Universitet Xəstəxanasında çalışan kardioloq Ole Frobert Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetinin alimləri ilə qış yuxusuna gedən ayıların bədənlərindəki dəyişiklikləri araşdırıb.
Tədqiqatçılar qış yuxusundan oyanan ayılarda HSP47 adlı zülalın miqdarının azaldığını müəyyən ediblər.
Qan laxtalarının əmələ gəlməsində iştirak edən hüceyrə hissələrinin səthindəki bu zülal qan hüceyrələrinin bir-birinə yapışmasını təmin edir.
Məsələn, kəsikdən sonra qan laxtası əmələ gəldikdə HSP47 qanaxmanın dayandırılmasını və sağalma prosesinin başlamasını mümkün edir. Ancaq damarlarda qan laxtalanması təbii yolla həll edilmədikdə ölümcül ola bilər.
Tədqiqatçılar onurğa beyni zədəsi olan xəstələrdə HSP47 zülalının aşağı səviyyəsini də müşahidə ediblər. Bu fərdlərdə də qış yuxusuna gedən ayılardakı kimi qan laxtalanmır.
Frobert qış yuxusunun enerjiyə qənaət və bərpa forması olduğunu bildirib. Bu proses zamanı ayıların ürək döyüntüləri əhəmiyyətli dərəcədə yavaşlayır.
Kardioloq bu zülalın təsirini yaradacaq dərman üzərində işlədiklərini bildirib. 10 il sonra hazır olması gözlənilən yeni məhsulun bazarda mövcud olan qan laxtalanmasının qarşısını alan dərmanlarla müqayisədə daha az yan təsirə səbəb olması hədəflənib.
Alman akademik Manuela Thienel "Siz həqiqətən təbiətdən çox şey öyrənə bilərsiniz" deyib.
Bu araşdırma üçün Thienel və Frobertin komandası helikopterlə İsveçdə ayıları izləyib, onların yuvalarını tapıb və heyvanları anesteziya edərək qan nümunələri götürüb. Tədqiqatı NASA və Alman Aerokosmik Mərkəzi maliyyələşdirib. paralel.az