Qızılcaya yoluxmuş uşaqlar necə qidalanmalı?
Qızılca xəstəliyi yayıldıqdan sonra bu xəstəliyə yoluxmuş uşaqların qidalanması, hansı vitaminləri qəbul etməli olduğu sual yaradıb. Sputnik Azərbaycan-a bu barədə məlumat verən Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev bildirib ki, bununla bağlı son günlər sosial platformada çoxsaylı maarifləndirici videolar yayılsa da, valideynlər sırf pediatrların, infeksionistlərin tövsiyəsinə əməl etməlidir. Bəs qızılcaya yoluxmuş uşaq necə qidalanmalıdır?
Qızılcaya yoluxmuş uşaqlar nə yeməlidir?
N.Quliyev bildirib ki, qızılcaya yoluxmuş uşaqların bal, quru üzümlə bəslənməli olduğuna dair fikirlər doğru deyil. Onun sözlərinə görə, qızılcaya yoluxmuş uşaqlar sadəcə yüksək kalorili qidalarla bəslənməlidirlər.
"Bal səpgini daha da artıra bilər. Bilavasitə balın qızılcanın müalicəsində rolu yoxdur. Amma qızılcaya yoluxmuş uşağa gündə bir dəfə bir qaşıq bal vermək olar".

Qida əlavələrinin qəbulu düzgündürmü?
N.Quliyev onu da bildirib ki, qızılcaya yoluxmuş şəxslərə bir neçə vitaminin verilməsinin vacib olduğu ilə bağlı tövsiyələr də yalnışdır:
"Xəstə uşaqlara polivitaminlərin verilməsi risklidir, çünki, allergiya törədə bilər. Əgər uşaqda hər hansı vitamin çatışmazlığı yoxdursa, ona qida əlavəsi verməyə ehtiyac yoxdur. Çünki qida əlavələri allergiyaya səbəb ola bilər".

Kafedra müdiri, keçmiş baş pediatr bildirib ki, qızılcaya yoluxmuş uşaqlar çoxlu maye qəbul etməlidirlər. Onlar həmçinin yağlı qidalarla, süd və süd məhsulları, eləcə də meyvə-tərəvəzlə qidalana bilər. Amma bu bir yaşdan böyük uşaqlara aiddir.
N.Quliyev bildirib ki, qızılca dövründə uşağın qida rasionunda nə varsa hamısından qidalanması vacibdir.

Qızıl suyunun qızıl faydaları
Qeyd edək ki, qızılcanın müalicəsində el sınaqlarından istifadə ənənəsi hələ də qalmaqdadır. Nənələrimizin qızılcaya yoluxmuş uşağı qızıl suyunda yuyundurması yəqin ki, çoxunuzun yadındadır.
N.Quliyev bildirib ki, bəzən insanlar buna keçmişdən qalma ənənə, el inancları kimi baxsalar da, qızılcaya yoluxmuş uşağın qızl suyunda yuyundurulmasında məntiq var.
"Qızıl ikincili infeksiyanın qarşısını almaq üşün ən yaxşı üsuldur. Bakteriyalara qarşı qızıl və gümüşün effektiv təsiri var. Qızıl və gümüşün mikroba öldürücü təsiri sübut olunub. Ona görə də, səpgilər söndükdən sonra uşağın qızıl suyunda yuyundurulması məntiqlidir. Bir həftə və ya 10 gündən sonra qızılcaya yoluxmuş uşaqlar bu cür yuyundurula bilərlər".
Həkim həmçinin bildirib ki, keçmişdə qızılcaya yoluxmuş uşaqlara at südü vermək ənənəsi də olub:
"At südündə çoxlu sayda antiller var. Heyvanlarda antitel olduğu üçün onun südü qızılcaya yoluxmuş şəxslərin müalicəsinə müsbət təsir göstərir".

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir.
Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
 

Dünyapress TV

Xəbər lenti