Rayon xəstəxanalarında xidmət yetərlidirsə, Bakıya niyə axın var?
Rayon xəstəxanalarına müraciət edənlərin böyük hissəsi ya həkimlər tərəfindən Bakıya yönləndirilir, ya da vətəndaşlar öz istəkləri ilə paytaxta üz tuturlar...

Araşdırmalar göstərir ki, vətəndaşların çoxu bölgə xəstəxanalarında tibbi avadanlıqların və xidmətin yetərli olmaması səbəbindən Bakıya axın edir.

Məhz Bakıda icbari tibbi sığortanın köməyi ilə müayinə ola biləcəkləri üçün rayon xəstəxanalarına getməkdən imtina edirlər. Halbuki regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, son illər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondundan milyardlar xərclənir.

Paytaxtın ən iri dövlət tibb müəssisələrində müşahidə aparmaqla bölgələrdən axının şahidi olmaq mümkündür.

Maraqlıdır, ən müasir tibbi avadanlıqlarla təmin olunduğu bildirilən region xəstəxanalarında da icbari tibbi sığorta keçərlidirsə, xəstələr bölgələrdən Bakıya niyə axın edirlər?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta 2021-ci il 1 aprel tarixindən bütün ölkəni əhatə edir:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin olunması üçün müvafiq qaydaya dəyişiklik edib. Yəni ötən ildən etibarən vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndərişsiz TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna müraciət edə bilirlər.
Statistik göstəricilər onu deməyə əsas verir ki, icbari tibbi sığorta çərçivəsində Bakı şəhəri daxil olmaqla, regionlarda da tibb müəssisələrinə müraciət edənlərin və tibbi xidmətlərdən yararlananların sayı kifayət qədər olub”.

Məlumatda cari ilin 9 ayı üzrə (yanvar-sentyabr) statistik göstəriciləri də qeyd olunub:

“Cari ilin ilk 9 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə 4,2 milyon şəxs 16 milyondan çox müraciət edib. Qeyd edək ki, müraciətlərin 7 milyona yaxını, yəni 41%-i Bakı, 9 milyondan çoxu, yəni 59%-i isə regionların payına düşür.

Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı isə 50 milyondan artıq olub. Tibbi xidmətlərin 20 milyondan çoxu Bakı, 30 milyona yaxını isə regionlar üzrə göstərilib.

Əlavə olaraq qeyd edək ki, cari ilin 8 ayı (yanvar-avqust) ərzində özəl tibb müəssisələrində vətəndaşlar icbari tibbi sığorta çərçivəsində 100 mindən artıq tibbi xidmətdən yararlanıb”.
 
 
 

Dünyapress TV

Xəbər lenti