Respublika Endokrin Mərkəzində şəkərli diabetdən əziyyət çəkən 1300-ə yaxın uşaq qeydiyyatdadır.
Onlardan 123 nəfəri insulinin vurulmasında xüsusi cihazlar olan pompadan istifadə edir. 18 yaşadək olan həmin uşaqlar ən keyfiyyətli insulinlə təmin olunurlar. Digər MDB ölkələrində bu cür insulinlə təminat yoxdur. Bu uşaqlara diqqət çox yüksək səviyyədədir. Məqsədimiz şəkərli diabetdən əziyyət çəkən uşaqların da öz yaşıdları kimi böyüməsi, onlara sağlam gələcək bəxş etməkdir.
Bunu jurnalistlərə açıqlamasında Respublika Endikrinoloji Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova deyib.
Onun sözlərinə görə, ölkəmizdə yalnız uşaqlar deyil, böyüklər də ən yaxşı insulinlə təmin olunurlar: “Poliklinikalarda qeydiyyatda olan şəkərli diabetdən əziyyət çəkən şəxslərin, həmçinin lazımi preparatlarla təminatı aparılır. Bu gün Azərbaycanda şəkərli diabetin müalicə və müayinəsinə çox böyük diqqət yetirilir. Lakin biz arxayınlaşmamalı, daha da fəallıq göstərməliyik. Dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayında artım tendensiyası müşahidə edilir. Məqsədimiz şəkərli diabetin erkən aşkarlanmasıdır. Çünki erkən diaqnoz başqa xəstəliklərin də qarşısının alınması deməkdir. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərin lazımi preparatlarla təminatı ilə yanaşı, həm onların, həm tibb personalın, həm də əhalinin maariflənməsinə çalışırıq”.